İmpiçmenti yaxınlaşdıran HƏFTƏ: “Uoterqeyt-2017”də PUTİNİN BARMAĞI
Bizi izləyin

Dünya

İmpiçmenti yaxınlaşdıran HƏFTƏ: “Uoterqeyt-2017”də PUTİNİN BARMAĞI

"Tramp prezidentlik müddətinin sonuna kimi kreslosunda oturmayacaq".

Son həftə ərzində dollar öz üzərində ABŞ-ın ekssentrik prezidenti Donald Trampın hərəkətləri nəticəsində yaranmış güclü təzyiqi hiss etdi. İki qalmaqal FTB başçısı Ceyms Kominin istefaya göndərilməsi və Rusiyaya məxfi məlumatın ötürülməsi Amerika valyutasının dəyərinə mənfi təsir göstərdi. Maliyyə bazarları Trampın hərəkətlərindən əsəbiləşir. Bəzi oyunçular isə hesab edirlər ki, respublikaçı prezidentlik müddətinin sonuna kimi öz kreslosunda oturmayacaq.

Tramp öz müvəffəqiyyətlərindən danışmağı sevir. O, hələ martın əvvəlində iqtisadi nailiyyətlərdən danışdı. Prezident amerikalılara xatırlatdı ki, onun seçilməsindən sonra maliyyə bazarının kapitallaşmasına 3 trilyon dollardan çox əlavə edilib, istehlak əminliyi son 15 il ərzində maksimuma çatıb. Əsas indekslərdən biri - “Dow Jones” tarixi rekord əldə etdi.

Amma şübhələr mövcuddur ki, bu müvəffəqiyyətlər məhz Trampın prezident postunda işi ilə təmin edilib.

“Uoterqeyt-2017”

Donald Tramp mayın 10-da FTB direktorunu istefaya göndərdi. Dövlət başçısı onu “FTB-yə qeyri-effektiv rəhbərlik etməkdə” ittiham etdi. Bütövlükdə bazarın iştirakçıları Trampın kəskin hərəkətlərinə artıq öyrəşiblər. Bazar Ağ Evin yeni sahibinin əhval-ruhiyyəsinin dəyişikliklərinə bütovlükdə hazırdır. Amma son hadisələr oyunçuları əsəbiləşməyə məcbur etdi.

İnvestorlar Ceyms Kominin işdən çıxarılması və “Uotergeyt” qalmaqalı arasında xoşagəlməz oxşarlığı gördülər. Qeyd edək ki, “Uotergeyt” prezident Riçard Niksonun istefası ilə nəticələnmiş siyasi qalmaqaldır. 17 iyun 1972-ci ildə ABŞ Demokrat Partiyasının Vaşinqtondakı məşhur “Uotergeyt“ otelində yerləşən qərargahında danışıqları dinləmək məqsədi ilə oraya dinləmə cihazları yerləşdirmək istəyən beş nəfər ələ keçirildi. Araşdırmalar zamanı hər beş şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxdı. Respublikaçı Niksonu Demokratlar Partiyasının qərargahının dinlənilməsində ittiham etdilər.

Bu, Birləşmiş Ştatlar tarixində impiçmentin yeganə hadisəsi idi.

“Vaşinqtonda kifayət qədər qalmaqallı siyasi hadisə baş verdi. Tramp FTB direktorunu istefaya göndərdi. Bu addım bazarı Niksonun hərəkətləri ilə paralellər aparmağa məcbur etdi. Nikson “Uotergeyt” işini araşdıran xüsusi prokuroru istefaya göndərmişdi”, - Danimarkanın “Saxo Bank”ın əsas valyuta strateqi Con Hardi qeyd edib.

FTB-nin keçmiş direktoru Trampın Rusiya ilə əlaqələri (Tramp bu informasiyanı təkzib edir) üzrə araşdırma aparırdı. Bazarın iştirakçıları narahatlığını bildirirlər ki, Tramp keçmişdə Niksonun etdiyi kimi kadr təyinatlarının köməyi ilə izləri itirməyə çalışır.

“Bu hadisələri nəzərə alaraq Trampın impiçmenti təhlükəsi artır. Çətin ki, cari vəziyyəti “Uotergeyt” qalmaqalı ilə müqayisə etmək olar. Amma bu o demək deyil ki, Trampın prezidentlik müddətinin sonuna qədər postdan gedişi təhlükəsi yoxdur”, - Hardi deyib.

Vaşinqton baletinin ikinci hissəsi

Bir həftə sonra – mayın 17-də “The New York Times” nəşri bildirdi ki, Tramp FTB başçısından milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn barəsində araşdırmanı dayandırmağı xahiş edirdi, çünki o “yaxşı oğlandır”. Ağ Ev təkziblə çıxış etdi, amma bazarlar Vaşinqtonun rəsmi mövqeyinə qulaq asmadı.

“Dollar sadəcə olaraq pis xəbərlərin axınında boğuldu. Trampla qalmaqallı tarixlər və zəif makrostatistika bazarda artıq güclü impuls yaratdı. Buna görə də təsəvvür etmək çətindir ki, o qısamüddətli perspektivdə güclənə bilər. Ola bilsin ki, Amerika valyutası dönüş anına yaxınlaşıb”, - “Saxo Bank”dan bildiriblər.

Həqiqətən də 7 gün ərzində Amerika valyutası əhəmiyyətli dərəcədə zəiflədi. Nəzərə alaq ki, dollar olduqca sabitdir və güclü tərəddüdlərə meylli deyil.

Dünya zənginləri isə dolların ucuzlaşmasından 35 milyard dollar itirdilər. “Bloomberg” agentliyi məlumat verir ki, dünyanın ən zəngin insanı sayılan Bill Qeyts 1 gündə milyard dollar, “Amazon”un yaradıcısı Cef Bezos 1,7 milyard dollar, “Zara” şirkətinin sahibi Amansio Orteqa 325 milyon dollar, “Facebook”un yaradıcısı Mark Zukerberq isə 2 milyard dollar itirib.

Putinə ötürülən məxfi informasiya

Demək olar ki, FTB-nin keçmiş direktorunun ətrafında yaranan qalmaqalla eyni vaxtda daha bir qalmaqal yarandı. Və Trampla “dostlaşa” bilməyən Amerika KİV-i yenidən atəşə yağ tökdü.

Mayın 16-da “Vaşinqton Post” qəzeti bildirdi ki, Amerika prezidenti Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla mayın 10-da Ağ Evdəki görüşündə ona İŞİD-lə bağlı tam məxfi informasiyanı verib. Ağ Ev yenə hər şeyi təkzib etdi. Amma Trampın özü Tvitterdə yazıb ki, Rusiyaya məlumatları verib, amma onlar terrorizm və hava nəqliyyatının təhlükəsizliyi ilə bağlı olub.

Və yenidən bazar əsəbi halda reaksiya verdi. Bu informasiya məxfi olub-olmamasının, həmçinin Trampın onu elan etmək hüququnun olub-olmamasının bazar oyunçuları üçün xüsusi əhəmiyyəti yoxdur. İnformasiya çıxdı və dollar düşdü. “Saxo Bank” Trampın Rusiyaya məxfi informasiyanı ötürməsi haqqında qalmaqalı “qab-qacaq dükanında fil” adlandırdı.

“Vaşinqtonda bitməz siyasi xaos dollara təzyiqi gücləndirir”,- Xardi qeyd edib.

Trampı müdafiə edənlər də tapıldı

Lakin, bütün analitiklər Trampı ağılsızlıqda ittiham etməyə meylli deyillər.

“Trampın işi korlaması barədə deyilən fikirlər şişirdilib. Onun hər hansı böyük təşəbbüsləri həyata keçirmək imkanları güclü məhdudlaşdırılıb”, - “Açıq Broker” şirkətinin baş direktorunun makroiqtisadiyyat üzrə məsləhətçisi Sergey Xestanov iddia edir.

Onun sözlərinə görə, Trampda hələ ki, alınan yalnız “Trans-Sakit okean Tərəfdaşlığı” Sazişindən imtina barədə vədin yerinə yetirilməsidir. Amma Xestanov qeyd edir ki, ABŞ hətta bu ticarət ittifaqına giriş haqqında razılaşmanı təsdiqləməyib və ondan imtina etmək, faktiki olaraq, çox da çətin deyildi.

Tramp “Obamacare” adlanan səhiyyə islahatını ləğv etməyə, həmçinin gömrük tariflərini yüksəltməyə müvəffəq olmadı. Xestanov qeyd edir ki, Amerika maliyyə bazarının inkişafı heç vaxt Tramp və onun işi ilə bağlı deyil. Onun sözlərinə görə, indi Federal Rezerv Sisteminin başçısı iqtisadiyyat və maliyyə bazarında Trampdan daha əhəmiyyətli fiqurdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm