Üç prezident, üç hekayə... - İntim əlaqələrin olduğu Ağ Evdə ÇEVRİLİŞ SSENARİLƏRİ
Bizi izləyin

Dünya

Üç prezident, üç hekayə... - İntim əlaqələrin olduğu Ağ Evdə ÇEVRİLİŞ SSENARİLƏRİ

ABŞ prezidenti Donald Trampın seçki qərargahının Rusiya ilə ehtimal olunan əlaqələri yenidən gündəmin əsas mövzusuna çevrilir.

Publika.az xəbər verir ki, “Röyters” agentliyi öz mənbələri istinadən ABŞ prezidentinin seçki kampaniyasını aparan məsləhətçilərin ən az 18 dəfə rusiyalı səlahiyyətlilər görüşdüyünü bildirib.

Danııqların mərkəzində isə Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn də var.

“Röyters”in xəbərinə görə, Rusiya ilə təmasda olan amerikalı səlahiyyətlilərin bəziləri hazırda vəzifədədir. Senat və Nümayəndələr Palatasına bağlı kəşfiyyat komitələri Trampın seçki kampaniyasının məsləhətçiləri ilə rusiyalı səlahiyyətlilər arasındakı əlaqələri araşdırmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinə gediblər.

Trampı öz partiyası da tərk edir

ABŞ prezidenti Trampı Respublikaçılar Partiyasından olan qanunvericilər də tərk etməyə hazırlaşır. Rusiya xarici işlər naziri Sergey Lavrovla çox gizli məlumatları paylaşdığını etiraf edən Trampa əsl zərbəni vuran isə istefaya göndərdiyi Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Kominin tutduğu qeydlər oldu. Ceyms Kominin protokollarına görə, ABŞ prezidenti ondan Maykl Flinn haqqındakı istintaqın bağlanılmasını xahiş etmişdi. Komi Flinin Rusiya ilə əlaqələrini araşdırırdı. Bir fırtınanın ortasında qalan Tramp susqunluğunu ilk dəfə pozdu və “tarixdə heç bir siyasətçiyə qarşı mənimlə davranıldığı kimi pis davranmadılar” dedi.

Paytaxt Vaşinqtonda hazırda Trampın impiçmenti haqqıında artıq açıq şəkildə danışılır. Demokratlar Partiyasından olan konqresmenlər impiçment prosesinin başladılması üçün müraciət edə biləcəklərini elan ediblər. Ancaq əsl sürpriz Respublikaçılar Partiyasından gəldi. İlk dəfə bir respublikaçı konqresmen impiçment ehtimalını istisna etməyib.

Nümayəndələr Palatasının respublikaçı üzvü Justin Amaş qeyd edib ki, Trampın Maykl Flinnlə bağlı istintaqın dayandırılması barədə Komidən xahiş etdiyi barədə iddia doğru olarsa, bu impiçment prosesinin başladılması üçün kifayət edəcək.

Hazırda Konqresin iki qanadı - Senat və Nümayəndələr Palatasında əksəriyyət respublikaçıların əlindədir. Nümayəndələr Palatasında demokratların 193, respublikaçıların 238 yeri var. Senatda isə fərq daha azdır. Senatda respublikaçılar 52, demokratlar isə 46 yerə sahibdir. İki müstəqil senator da Demokratlar Partiyasını dəstəkləyir.

Hazırda Trampın əlini güclü olduğu tək faktor Konqresin hər iki qanadında da respublikaçıların əksəriyyətə sahib olmasıdır. Ancaq respublikaçı cəbhədən qopacaq hər nümayəndə prosesin istiqamətini dəyişdirə bilər.

Üç prezident, üç hekayə

Amerika tarixində bu günə qədər üç prezident üçün impiçment prosesi keçirilib. Yalnız iki prezident - Endryu Conson və Bill Klinton Nümayəndələr Palatası tərəfindən impiçment olunub. “Uoterqeyt” qalmaqalının qəhrəmanı Riçard Nikson isə impiçment prosedurunu gözləmədən istefa verib.

Endryu Conson üçün dövrün müharibə naziri Edvin Makmasters Stantonu qanunazidd şəkildə işdən çıxardığı üçün impiçment prosesi başlamışdı. Senatda 1868-ci ildə keçirilən səsvermədə üçdə iki əksəriyyəti təmin olunmadı və Conson kreslosunu qorudu.

17 iyun 1972-ci ildə ABŞ Demokrat Partiyasının Vaşinqtondakı məşhur “Uotergeyt“ otelində yerləşən qərargahında danışıqları dinləmək məqsədi ilə oraya dinləmə cihazları yerləşdirmək istəyən beş nəfər ələ keçirildi. Araşdırmalar zamanı hər beş şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxdı. Respublikaçı Niksonu Demokratlar Partiyasının qərargahının dinlənilməsində ittiham etdilər.

Nikson 1974-ci ildə istefa vermək məcburiyyətində qaldı. Çünki istefa verməsəydi, impiçment qaçılmaz idi.

1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi. Lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi.

Rusiya hekayəsi ciddi mərhələyə keçir

Prezident seçkilərinə Rusiyanın təsirini araşdıran müstəqil istintaq komitəsinin rəhbərliyinə isə Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müller gətirilib. Təyinat həm respublikaçıları, həm də demokratları məmnun etdi. Ceyms Kominin istefaya göndərilməsindən sonra istintaqa xüsusi prokurorun təyinatı barədə Ağ Evə təzyiqlər var idi.

Robert Müller Trampın seçki qərargahı ilə Rusiya arasındakı olduğu iddia edilən əlaqələri araşdıracaq. Araşdırmaların nəticəsini isə şübhəsiz ki, hamıdan çox Tramp səbirsizliklə gözləyir. Nəticə, impiçmentə gedən yolu aça bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm