İranda keçirilən seçkilərin Azərbaycana təsiri necə olacaq? - SİYASİ ŞƏRHLƏR
Bizi izləyin

Dünya

İranda keçirilən seçkilərin Azərbaycana təsiri necə olacaq? - SİYASİ ŞƏRHLƏR

"Həsən Ruhaninin qalib gəlmək şansı digər namizədlərdən dəfələrlə çoxdur"

Azərbaycan Milli Məclisinin deputatları, tanınmış siyasi şərhçilər – Araz Əlizadə və Rasim Musabəyov İranda keçirilən prezident seçkiləri ilə bağlı proqnozlarını açıqlayıb.

Publika.az xəbər verir ki, azərbaycanlı deputatlar İranda keçirilən prezident seçkilərində Həsən Ruhaninin qalib gələcəyini düşünürlər.

İranşünas siyasətçi kimi tanınan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib ki, prezident seçkilərində Həsən Ruhani qalib gələcək.

Onun sözlərinə görə, Həsən Ruhani birinci prezidentlik müddətini kifayət qədər uğurlu keçirib:

“Mən düşünmürəm ki, İran xalqı Həsən Ruhanini başqa prezidentlə dəyişsin. Birinci prezidentliyi müddətində özünü xalqa kifayət qədər müsbət tanıda bilib”.

A.Əlizadə qeyd edib ki, Həsən Ruhaninin prezident seçilməsi Azərbaycan üçün də müsbətdir:

“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə gəlib Bakıda görüşmüşdü. Bunun özü Həsən Ruhaninin Azərbaycana olan münasibətinin və hörmətinin bariz nümunəsidir”.

Deputat vurğulayıb ki, Ruhaninin növbəti dəfə prezident seçilməsi İranın daxili və xarici siyasətində heç bir radikal dəyişikliyə səbəb olmayacaq:

“Onun prezidentliyi dövründə Qərbin İrana qarşı sanksiyaları aradan qaldırması ilə bağlı razılıq əldə olunub. Ancaq indi Donald Tramp çox gərgin vəziyyətdə qalıb. Çünki o, biznes elitasının nümayəndəsi kimi ABŞ prezidenti seçilib. Bu vaxta qədər isə ABŞ-da prezidentin kim olması əvvəlcədən bəlli olurdu. ABŞ-da həmin dairələr çalışır ki, Trampı prezidentlikdən uzaqlaşdırsınlar. Bunun nəticəsində də Tramp özünü sərt prezident kimi dünyaya göstərməyə çalışır. Buna görə də Tramp administrasiyası İrana, Çinə, Şimali Koreyaya, Suriyaya qarşı sanksiyalar həyata keçirir. Mən Trampı yaxşı başa düşürəm. Onun vəziyyəti çox ağırdır. Tramp yeganə ABŞ prezidentidir ki, ona bir gün rahat işləməyə imkan verilmir”.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə qeyd edib ki, Həsən Ruhaninin qalib gəlmək şansı digər namizədlərdən dəfələrlə çoxdur:

“İranda seçkilərin nəticələri ilə bağlı çox şərhlər verilir. Ancaq Həsən Ruhani ya birinci turdan qalib çıxacaq, ya da ikinci turda qalib gələcək. Bütün proqnozlar da əsas verir ki, İranda seçkilərdə ikinci tur olduğu halda belə Həsən Ruhani qalib gələcək”.

R.Musabəyov deyib ki, Həsən Ruhani növbəti dəfə prezident seçildiyi təqdirdə ölkə siyasətində heç bir radikal dəyişiklik baş verməyəcək:

“Həsən Ruhaninin seçilməsi o deməkdir ki, indi mövcud siyasət davam edəcək. Baxmayaraq ki, o, mülayim siyasətçi kimi qiymətləndirilir, ancaq dini rütbəsi var. Həsən Ruhani də İranda dini korporasiyanın nümayəndəsidir. Onun əsas rəqibi də dini rütbəyə malikdir”.

Politoloq bildirib ki, hazırda İranın ali dini lideri Əli Xameneinin 77 yaşı var:

“İranın ali dini liderinin yaşı çoxdur. Yəqin ki, İranın prezidenti kim seçiləcəksə, növbəti ali dini lider də o olacaq. Bu baxımdan da Həsən Ruhaninin İranın növbəti ali dini lideri olacağı gözləniləndir”.

R.Musabəyov vurğulayıb ki, Həsən Ruhaninin siyasi xətti Azərbaycana bəlli olduğu üçün onunla iş qurmaq daha asandır:

“Bu baxımdan da bizim üçün Həsən Ruhaninin prezident seçilməsi daha məqbuldur”.

Xatırladaq ki, bu gün İranda prezident seçkiləri keçirilir. İran prezidentiliyinə dörd nəfər öz namizədliyini irəli sürüb. Onlar hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlimdir.

Ölkənin seçki qanunvericiliyinə əsasən, namizədlər qalib gəlmək üçün seçicilərin 50 faizinin səsini toplamalıdır. Əks təqdirdə bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə təkrar seçkilər keçiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm