• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Cenevre-2”-də gülüşlü açılış: “Sən Nyu-Yorkda yaşayırsan, mən isə…”

  • Dünya
  • 22 Yanvar 2014 16:04
  • 620 Baxış
“Cenevre-2”-də gülüşlü açılış: “Sən Nyu-Yorkda yaşayırsan, mən isə…”

Suriyadakı vətəndaş müharibəsinə həll tapmaq məqsədilə keçirilən “Cenevrə-2” konfransı İsveçrənin Montre qəsəbəsində başladı. Rejim və müxalifət nümayəndələrinin bir-birini ittiham etdiyi konfransın açılışına Suriya xarici işlər naziri ilə BMT baş katibi arasındakı dialoq damğa vurdu.

Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, konfransın açılış nitqini BMT baş katibi Pan Ki Mun edib.

Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra rejim və müxalif nümayəndələrinin ilk dəfə danışıqlar masasına oturmasını təmin edən konfransın açılışında BMT baş katibi “Suriyada təxminən üç ildir davam edən qarşıdurmalardan sonra bu gün ümid günüdür. Suriya xalqına xidmət etmək üçün böyük bir fürsət və məsuliyyətə sahibsiniz” deyib.

BMT baş katibindən sonra çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov da konfransa qatılan tərəflərin “tarixi bir məsuliyyət” daşıdığını ifadə etdi. Lavrov müzakirələrin asan və tez olmayacaöını da sözlərinə əlavə edib.

ABŞ dövlət katibi Con Kerri isə “Bəşər Əsədin qurulacaq müvəqqəti hökumətdə yer almasından heç bir şəkildə söhbət gedə bilməz” deyərək Vaşinqtonun mövqeyini konfrans iştirakçılarına yenidən çatdırıb. “Öz xalqına qarşı bu qədər qəddar davranan adamın yenidən hökumətdə təmsil olunmasını təsəvvür etmək mümkün deyil. Bir ölkəyə liderlik etmək haqqı nə işgəncə, nə də raketlərlə əldə edilə bilər. Bu haqq ancaq xalqın iradəsi ilə alına bilər və bu iradənin hazırda necə ortaya çıxacağını düşünmək çətindir”, - ABŞ dövlət katibi söyləyib.

Suriya Türkiyəni ittiham etdi

Suriya xarici işlər naziri Velid Müəllim çıxışında müxalifəti vətənə xəyanətdə günahlandırıb. Türkiyə də daxil olmaqla Suriyanın qonşularının “terrorçulara” dəstək verdiyini bildirən V.Müəllim baş nazir Ərdoğanı da müxalifətə dəstək verməkdə ittiham edib. V.Müəllim “Ərdoğan olmasaydı, bunların heç biri olmazdı. Sehrin bir gün sehrbaza dönəcəyini bilmirdilər. Terrorun dini yoxdur. Qonşunun evi yanarkən, sizin eviniz təhlükəsizlik içində ola bilməz” deyib.

C.Kerrinin sözlərinə də cavab verən V.Müəllim suriyalılardan başqa kimsənin Əsədi iqtidardan kənarlaşdırmağa haqqı olmadığını ifadə edib.

“Sən Nyu-Yorkda yaşayırsan”

V.Müəllim ondan çıxışını 1-2 dəqiqə ərzində yekunlaşdırmasını istəyən P.K.Muna “Sən Nyu-Yorkda yaşayırsan. Mən isə Suriyada. Daha çox danışmağa haqqım var”, daha sonra “Yaxşı, 20 dəqiqəyə bitirirəm” deməsi salondakıların gülüşünə səbəb olub.

Təxminən 20 dəqiqə sonra isə “Xahiş edirəm, son cümlə” deyən BMT baş katibinə “Yaxşı” cavabı verən V.Müəllim BMT baş katibinin “Sözünüzü əməl edin” sözlərinə “Suriya hər vaxt sözünə əməl edər” cavabını verib.

Müxalifətin mövqeyi dəqiqdir

ABŞ dövlət katibi kimi Suriya Müxalif və İnqilabi Güclər Milli Koalisiyasının başçısı Əhməd əl-Carba da Əsədin iqtidarda qalmasının müzakirə mövzusu olmadığını ifadə edib. O, Əsəd güclərini Suriyadakı “Əl-Qaidə” və ona bağlı qruplara dəstək verməkdə ittiham edib və rejimi təcili olaraq “Cenevrə-1” razılaşmasına əməl edərək iqtidarı müvəqqəti hökumətə təhvil verməyə çağırıb. Suriyadakı işgəncə görüntülərini də xatırladan əl-Carba bu görüntüləri İkinci Dünya Müharibəsi zamanı nasist düşərgələrində işlədilən cinayətlərlərə bənzədib.

“Rejim insanları aldada bilməz”

Konfransda BMT Təhlükəsizlik Şurasına üzv ölkələri, Əsəd rejiminin nümayəndələri və müxalifətin çıxışlarından sonra danışan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu isə bunları söyləyib:

"Biz Suriyada kimlərin terrorçu olduğunu bilirik. Rejimin nümayəndələri insanları aldada biləcəyini hesab edir. Suriyada cinayət törədənlər cəzasız qalmamalıdır. Suriyadakı şiddət sona çatmalıdır. Əvvəlcə bu döyüşləri dayandırmaq lazımdır. On bir min qorxunc fotoşəkil gördük. Sistematik bir işgəncə var. Nürnberqdən sonra belə qorxunc işgəncə görüntülərini görməmişdik. Bunlar insanlığa qarşı cinayətdir və bu cinayəti edənlər cəzalarını çəkməlidir. Beynəlxalq cəmiyyət bu vəziyyətə gözlərini necə bağlaya bilər? Hər gün rejimin günahı ucbatından bu qədər insan ölərkən dünya necə laqeyd ala bilər”.

Konfransda ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Norveç, Hindistan, Yaponiya, İndoneziya, Cənub Afrika Respublikası, İsveç, İsveçrə, Vatikan, Yunanıstan, Belçika, Danimarka, İtaliya, Lüksemburq, Hollandiya, İspaniya, Cənubi Koreya, Avstraliya, Meksika, Misir, Əlcəzair, İraq, İordaniya, Küveyt, Livan, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş qatılıb. Konfransın iştirakçıları arasında Ərəb Dövlətləri Liqası, Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı da var.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR