Pekindən Qərbə daha bir zərbə: Kreml axtardığını Çində tapdı
Bizi izləyin

Dünya

Pekindən Qərbə daha bir zərbə: Kreml axtardığını Çində tapdı

Pekindən Qərbə daha bir zərbə: Kreml axtardığını Çində tapdı

Qərb Rusiyanın Ukrayna siyasətini cəzalandırmaq niyyətindədir. Amma hansı yolla?

Təbii ki, Qərb indiki halda hərbi addımları düşünmür və bunu dəfələrlə ifadə edib. Böyük nüvə silahlarına sahib olan bir ölkəyə qarşı hərbi addımlar çox qorxulu olardı. İndiki halda Rusiyanı cəzalandırmaq üçün ancaq iqtisadi sanksiyalar istənilən nəticə verə bilərdi. Rusiya böyük ölçüdə neft və təbii qazın ixracatından asılı ölkədir və büdcənin böyük hissəsini bu ehtiyatların satışından gələn gəlirlər müəyyənləşdirir. Məhz buna görə də Rusiya qazının satıldığı böyük qaz bazarı olan Avropa Ukrayna hadisələrindən sonra alternativ qaz mənbələrinin axtarışı fəaliyyətini genişləndirib.

Bu fəaliyyətinin ən bariz nümunələrindən biri Qərb-İran yaxınlaşmasıdır. İran-“altılıq” nüvə danışıqlarının yekun razılaşmasının 20 iyun tarixinə kimi imzalanması nəzərdə tutulub. Yekun razılaşma isə İran üzərindəki embarqoların aradan qaldırılması, nəticədə isə İran təbii qaz və neftinin dünya, o cümlədən Avropa bazarına yolunun açılması ilə nəticələnəcək.

Qaz İxrac edən Ölkələrin Forumunun (QİÖF) yeni baş katibi, iranlı Məhəmməd Hüseyn Adili sanksiyaların ləğv olunacağı halda Tehranın hər yerdə qaz bazarlarını axtaracağını bildirib. Amma o, ölkəsinin Rusiya ilə əməkdaşlıq etməyə çalışacağını deyib. Onun fikrincə, Avropanın Rusiya qazından imtinası çətin ki, mümkün olacaq.

Dünya qaz bazarı ətrafındakı son hadisələr də göstərir ki, Rusiyaya enerji sektorunda zərbə vurmaq çox çətin olacaq, bəlkə də mümkün olmayacaq. Niyə?

Avropa üçün birinci maneə odur ki, “köhnə qitə” ölkələrində bu məsələ ilə bağlı yekdil mövqe yoxdur. Avropa hələ ki Rusiya ilə danışıqlarda sərtlik nümayiş etdirə bilmir. Ötən həftə Avropa Birliyinin nümayəndələri bağlı qapılar arxasında Rusiya qazından asılılığın azalması variantlarını müzakirə etdilər. Göründüyü kimi, hansısa bir konkret razılıq əldə etmək mümkün olmayıb. Məlumdur ki, Avropa Birliyinin üzvləri müəyyən məsələlərin həlli üçün öz oyunlarını tez-tez oynayırlar. Məsələn, bu ilin aprelində Avstriyanın energetika şirkəti Cənubi Avropa qaz kəmərinin Baumqartenaya qədər tikintisi barədə “Qazprom”la razılaşdı. Baxmayaraq ki, Avropa Komissiyası “Cənub axını” qaz kəməri üzrə danışıqların dondurulmasını tələb edib. Deməli, Avropanın bir sıra ölkələri 2011-ci ilin “qış faciəsi”ni yenidən yaşamamaq üçün Brüsselə qarşı çıxırlar.

Qərbin Rusiyaya qarşı əlini zəiflədən digər bir amil Çindir. Avropanın Rusiyaya qarşı ilk qaz təhdidlərindən sonra bu ölkənin ekspertləri Çinin Moskvanı vəziyyətdən çıxarda biləcəyini bildirirdi. Bir miyard 300 milyon əhalisi olan Çin təbii qaz satışı üçün böyük bir bazardır. Bundan başqa da daim inkişafda olan Çin sənayesinin müvafiq olaraq təbii qaz olan tələbatı da ilbəil artır. Rusiyalı ekspertlər də hesab edirlər ki, Avropanın imtina etdiyi rus qazını Çin bazarına yönəltmək üçün heç bir maneə yoxdur.

Amma burada açıq qalan bir məsələ təbii qazın qiyməti idi: Çin təbii qazı hansı qiymətə alacaq? Qərb ekspertlərinin iddiasına görə, Çin Rusiya qazını Avropa qiymətləri ilə almaq istəməyəcək. Hesab edirdilər ki, Pekin Avropanın imtinasından sonra yeni qaz bazarı axtarmağa məcbur olan Moskvaya “ucuz satırsansa, alıram” deyəcək və Rusiyanın ucuz qaz satmağa məcbur edəcək. Təbii ki, Avropanın Rusiya qazından imtina etdikdən sonra Çinin belə bir mövqe sərgiləcəyi inandırıcı idi.

Lakin bu iddialar özünü doğrultmadı. Çində keçiriləcək Asiyada Əməkdaşlıq və Etimad Artıran Tədbirlər Zirvəsində (CİCA) iştirak etmək üçün bu ölkəyə gedəcək Rusiya prezidenti Vladimr Putinin səfəri çərçivəsində Çin və Rusiya arasında qaz sazişinin imzalanacağı gözlənilir. “Kommersant” qəzetinin yazdığına görə, “Qazprom” sabah 30 il müddətində 1,14 trilyon kubmetr təbii qazın satışı ilə bağlı müqaviləni imzalayacaq. Bu illik təxminən 38 milyard kubmetr qaz deməkdir. Əhəmiyyətli qiymət endirimləri barədə səslənən proqnozların əksinə, Çinə satılacaq qazın yekun qiyməti təxminən Mərkəzi Avropa qiymətləri səviyyəsində, yəni bir kubmetr üçün 350-380 dollar olacaq. Rusiya 30 il ərzində bu qiymətlərlə 400 milyard dollar qazanacaq.

“Qazprom”un rəhbəri qeyd edib ki, hazırda yekun qiymət razılaşdırılır və tərəflərin mövqeyi bir-birinə çox yaxındır. O, əlavə edib ki, ortamüddətli perspektivdə Çinə ixrac ediləcək qazın həcmi Avropa ixrac edilən qazın həcminə çatdırıla bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm