Amerikalı həmsədr: “Bunu etməsək müharibə yenidən başlanacaq”
Bizi izləyin

Dünya

Amerikalı həmsədr: “Bunu etməsək müharibə yenidən başlanacaq”

Amerikalı həmsədr: “Bunu etməsək müharibə yenidən başlanacaq”

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Laçında ona hücum edən ermənilərə cavab verib.

Publika.az – ın verdiyi xəbərə görə, həmsədr dünən erməni jurnalistlərinə açıqlamasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin öz təkliflərini sakit şəkildə təqdim etməyə hüquqlarının olduğunu bildirib.

Xatırladaq ki, həmsədrlər Ceyms Uorlik, Jak For (Fransa) və İqor Popov (Rusiya) mayın 16-da və 17-də İrəvanda görüşlər keçirdikdən sonra işğal altındakı Kəlbəcər rayonuna gəliblər. Oradan həmsədrlərin maşın karvanı işğal altındakı Laçın rayonuna yola düşüb və burada vasitəçiləri separatçı “DQR” rejiminin təşkil etdiyi kütlə qarşılayıb. Laçın şəhərinin mərkəzində 200-ə yaxın erməni həmsədrlərin maşınlarının qarşısını kəsib və onların maşından düşməsini tələb ediblər. Toplaşanlar “Daşnaksütyun” erməni inqilabi federasiyasının Qarabağ bölməsinin gənclər təşkilatının üzvləri olub.

Daşnakların hədəfi amerikalı vasitəçi Ceyms Uorlik olub. Onlar Uorlikdən bir neçə gün əvvəl Vaşinqtondakı Karnegi Fondunda səsləndirdiyi sülh prinsiplərinə aydınlıq gətirilməsini tələb ediblər.

“Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Saakyanla görüşdükdən sonra erməni jurnalistlər həmsədrlərdən açıqlama almaq istəsələr də, rusiyalı həmsədr İqor Popov açıqlama verməkdən imtina edib. Uorlik bir neçə suala cavab verib. Daşnaklar onun hesabatını “antierməni” adlandırıblar, Uorlikə qarşı aqressiv davranıblar və onu “Azərbaycana işləməkdə” günahlandırıblar. Amerikalı həmsədr isə erməniləri dinləyəndən sonra onlara qəti cavab verib. Diplomat bildirib ki, onun Vaşinqtonda açıqladığı sülh elementləri ABŞ-ın münaqişəyə dair dövlət siyasətini əks etdirir.

Amerikalı həmsədr qeyd edib ki, hərbi əməliyyatların yenilənməsi ən pis variant olacaq. Münaqişənin həlli ilə bağlı təklif etdiyi 6 prinsipə toxunan Uorlik bildirib ki, bu prinsiplər həyata keçirilməsə, proseslər ilk nöqtəyə qayıdacaq və müharibə yenidən başlanacaq. “Bizim əsas məqsədimiz Cənubi Qafqazda sülhə nail olmaqdır. Altı prinsipə gəlincə, bu yeni xəbər deyil. Bu prinsiplər haqqında həmsədr ölkələrin prezidentləri bundan əvəvldə də danışıblar. Əlbəttə, bu son variant deyil, biz hələ müzakirələr aparmalıyıq”, - amerikalı ifadə edib.

Amerikalı həmsədr İrəvanda olarkən “Şant” telekanalına müsahibə verib. Uorlik Karnegi Fondundakı çıxışında “işğal edilmiş ərazilər” ifadəsini işlətməsi ilə bağlı suala cavabında deyib ki, bundan əvvəl həmin ifadəni həmsədrlər də atəşkəsin 20 illiyi ilə bağlı bəyanatlarında işlədiblər. “Hansı ifadənin işlədilməsinin əhəmiyyəti yoxdur. Bunu aydın şəkildə başa düşmək lazımdır ki, əgər Dağlıq Qarabağ ətrafındakı ərazilərlə bağlı nizamlama olsa o zaman ən mühüm vəzifələrdən biri bu ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasıdır”, amerikalı həmsədr vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm