Suriya və İran müxalifəti Tehrana qarşı ittifaq yaradır
Bizi izləyin

Dünya

Suriya və İran müxalifəti Tehrana qarşı ittifaq yaradır

Suriya və İran müxalifəti Tehrana qarşı ittifaq yaradır

Suriyalı müxaliflər İrana qarşı silahlı mübarizə aparan Xalq Mücahidlər Təşkilatı ilə görüşüb.

Publika.az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, görüş Fransanın paytaxtı Parisdə bir oteldə baş tutub.

Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyasını qurumun katibi Bədir Camus təmsil edib. B.Camus görüşün koordinasiya və təcrübə mübadiləsi məqsədi ilə keçirildiyini deyib. “Biz və İran xalqı avtoritar rejimlərə qarşıyıq. Buna görə də İran müxalifəti ilə koordinasiyaya ehtiyacımız var”, - o, ifadə edib.

Suriya müxalifətinə yaxın mənbələr İran Xalq Mücahidlər Təşkilatının Azad Suriya Ordusundan Suriya-Livan sərhədində qərargah istədiyini bildirib. Məlumata görə, məqsəd həm İrana, həm də “Hizbullah”a qarşı döyüşməkdir.

Xatırladaq ki, İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib.

Avropa Birliyi və Böyük Britaniya İran Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm