İraq Kürdüstanı yox olacaq, ABŞ... - Yaxın Şərq üçün DƏHŞƏTLİ SSENARİ
Bizi izləyin

Dünya

İraq Kürdüstanı yox olacaq, ABŞ... - Yaxın Şərq üçün DƏHŞƏTLİ SSENARİ

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan müstəqillik referefndumu bölgədə vəziyyəti gərginləşdirib. Analitiklər bölgədə yeni genişmiqyaslı hərbi qarşıdurmaların baş vermə ehtimalını yüksək qiymətləndirirlər.

Beynəlxaql anlaşmalar Türkiyəyə hansı hüququ verir?

Dünən Türkiyə Təhlükəsizlik Şurasınınnın keçirdiyi iclasında İraq Kürdüstanında keçiriləcək referendum qeyri-qanuni və qəbuledilməz adlandırıldı. Yayılan sənəddə bildirildi ki, İraqın bölünməsi Ankara, Lozanna və Türkiyə-İraq sərhəd razılaşmaları üzrə Türkiyənin hüquqlarını gündəmə gətirir.

Rəsmi Ankaraya görə, İraqın bölünməsi Türkiyənin bu ölkəyə müdaxiləsini gündəmə gətirə bilər. Türkiyənin baş naziri Binəli Yıldırım bugünkü açıqlamasında hərbi variantın masada olduğunu bildirib. "Misaki-Milli” sərhədləri içərisində qalan Kərkük ilə Mosul 1926-cı ildə bağlanan Ankara müqaviləsi ilə ərazi bütövlüyünün saxlanılması şərti ilə tərk edilmişdi. İraqın ərazi bütövlüyü əsas götürülərək bağlanan müqaviləyə görə, bu gün İraqın parçalanması və bölgənin qanunsuz təşkilatların nəzarətinə keçməsi Türkiyənin hüquqlarını gündəmə gətirir. Lakin bəzi ekspertləri hesab edirlər ki, bu müqavilələr Türkiyəyə hazırda Mosul və Kərkükə müdaxilə etmək hüququ vermir.

Publika.az açıqlamasında Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bu fikirlərlə razı deyil.

O hesab edir ki, sözügedən anlaşmalarla Mosul və Kərkükün təhlükəsizliyi birbaşa Türkiyəyə həvalə olunub.

“Bu anlaşmalardan üzü bəri hər hansı konkret hüquqi sənəd yoxdur ki, Türkiyənin bu ərazilər üzərindəki hüququnu tamamilə təkzib etsin. Türkiyə Təhlükəsizlik Şurasınınnın dünən keçirdiyi iclasında xüsusən bir məsələyə diqqət çəkilir ki, həqiqətən İraq parçalanarsa, Türkiyə Mosul və Kərkükə hərbi müdaxilə edə bilər. Bu, kürd muxtariyyətinə bir mesaj kimi qəbul olunmalıdır ki, referendumun nəticəsi olaraq Peşmərgə Mosul, Kərkük və ətraf əraziləri öz nəzarətində saxlamaq istəyərsə, Türkiyə ordusu hərəkətə keçəcək”, - politoloq bildirib.

Müsahibimiz hesab edir ki, Türkiyə hərəkətə keçməsə, bu, onun tarix qarşısında böyük səhvi olar: “Bu baxımdan düşünmürəm ki, Türkiyədə hər hansı hökumət İraq parçalandığı zaman konkret addım atmasın. Bu təxirə salına biləcək bir məsələ deyil”.

Nəinki İraq Kürdüstanının yox olması, həmçinin ABŞ-ın...

İraq ordusunun Baş Qərargah rəisi Osman Qəniminin Türkiyəyə bu gün etdiyi səfərinə diqqət çəkən N. Miri Ankara və Bağdad arasında ciddi məsləhətləşmələrin getdiyini bildirib: “Türkiyənin İraq sərhədləri ilə bağlı tarixi öhdəliyi var. İraq dövlətinin bölünməsi təhlükəsi yaranacağı halda bu ərazilər üçün təhlükəsizlik qarantı kimi yeganə amil məhz Türkiyədir. Türkiyənin bu məsələdə alternativi yoxdur”.

N. Miri qeyd edir ki, referendum məsələsində kürd rəhbərliyi siyasi alət rolunu oynayırlar: “Kürdləri bu gün Mosul, Kərkük və ətraf ərazilərə daşıyan məhz ABŞ-dır. Əslində 2003-cü ildə İraqa müdaxilənin mahiyyətində “Böyük Ortadoğu Layihəsi” dayanırdı. İraqa müdaxilə ilə kürdləri Mosul və Kərkükə gətirdilər və hər iki şəhər bilavasitə kürdlərin nəzarəti altındadır. ABŞ referendumun ağır nəticələrə gətirib çıxaracağı barədə bəyanatlar verir, amma bu, əsl sifətini gizlətmək məqsədi daşıyır. Bərzaninin arxasında duran ən böyük güclər ABŞ ilə İsraildir”.

Onun sözlərinə görə, referendum keçiriləcəyi halda, İran, İraq və Türkiyənin birgə sanksiyaların tətbiqinə dair iş gedir. N. Miri hərbi məsələnin də ciddi şəkildə gündəmdə olduğunu vurğulayıb: “Düşünürəm ki, kürd rəhbərliyi dirənərək sövdələşməyə getmək istəyir. Məsələnin kökündə türkmanlərin nəzarətində olan torpaqların Cəlal Tələbani və Məsud Bərzaniyə güzəşt olunmasına xidmət edir. Bu əraziləri ələ keçirmək mümkün olmadığı üçün Bərzani və digərləri referendum vasitəsilə təzyiq göstərməyə çalışırlar. Türkiyə, İraq və İranın birgə təzyiqləri sona qədər göstərilsə referendum təxirə salına bilər. Bunun əksi nəinki İraq Kürdüstanın yox olması, həmçinin ABŞ-ın Yaxın Şərqdə yenidən bataqlığa çəkilməsi anlamına gəlir”.

Müsahibimiz hesab edir ki, referendum məsələsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında keçirilən görüşdə ciddi müzakirə mövzusu olub.

“Düşünürəm ki, Türkiyə bu məsələdə özünün və region dövlətlərinin maraqlarını son qədər müdafiə edib. Türkiyə bu məsələdə tək olmadığı müddətdə ABŞ və digərlərinin regionda ciddi uğur əldə etmək imkanı yoxdur. Bu gün Türkiyəsiz verilən istənilən qərar, əmin olun ki, məğlubiyyətə düçardır. Türkiyə, İraq və İranın dəstəyi olmadan İraq Kürdüstanı müstəqil dövlət kimi altı ay belə yaşaya bilməz. Onun istisadi, siyasi və hərbi baxımdan yaşamasına imkan verməyəcəklər. Sadəcə, kürdlər güzəştlər qoparmaq üçün sona qədər dirənəcəklər”.

Rusiya niyə passivdir?

Rusiyanın bu məsələdə sakit mövqe nümayiş etdirməsinə gəlincə, N. Miri hesab edir ki, Moskvanın maraqları referenduma qədər müəyyən dərəcədə təmin edilib: “Rusiyanın “Rosneft” şirkəti Ərbillə enerji müqavilə bağlayıb. Burada hasil edilən neftin bir hissəsi “Rosneft” tərəfindən həm istehsal olunacaq, həm də satılacaq. Rusiya sadəcə protokol xatirinə bəyanat verdi ki, İraqın bölünməsinin əleyhinədir. Əslində İraq Kürdüstanı Rusiyanın maraqlarını müəyyən mənada təmin edib”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm