İrəvan nəyi seçdi: Dağlıq Qarabağ, yoxsa müstəqillik?
Bizi izləyin

Dünya

İrəvan nəyi seçdi: Dağlıq Qarabağ, yoxsa müstəqillik?

İrəvan nəyi seçdi: Dağlıq Qarabağ, yoxsa müstəqillik?

Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitunun (Central Asia-Caucasus Institute) direktoru, Stokholmdakı Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi, Cənubi Qafqaz regionu üzrə amerikalı ekspert Svante Kornell erməni mətbuatına müsahibə verib.

Publika.az – ın verdiyi xəbərə görə, erməni jurnalistin sualları əsasən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub.

Münaqişənin tənzimlənməsi üçün son olaraq ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin açıqladığı prinsiplərə toxunan ekspert Vaşinqtonun fəallaşmasının səbəblərini izah edib: “Hesab edirəm ki, amerikalı həmsədrin bəyanatının arxasında bir necə səbəb var. Bu ilk növbədə atəşkəs müqaviləsinin iyirmi illiyi ilə bağlıdır. İkinci səbəb Şərqi Avropada davam edən Rusiya-Qərb qarşıdurmasıdır. Ukrayna hadisəsi Avrasiyada həll olunmayan münaqişələrə ABŞ-ın marağını artırdı. ABŞ göstərmək istəyir ki, o aktivdir və sülh prosesində neytral müşahidəçi deyil. Halbuki, Vaşinqton bu məsələdə mövqeyinə görə tez-tez tənqidə məruz qalırdı”.

Danışıqlarda Rusiyanın vasitəçilik missiyasını qiymətləndirən ekspert qeyd edib ki, hətta Rusiyanı da münaqişə tərəfi hesab etmək olar: “Rusiya Federasiyası müstəqil və ya hər hansı marağı olmayan oyunçu deyil. Rusiya özünün maraqlara əsaslanaraq, vaxtaşırı münaqişə tərəfləri olan Ermənistan və Azərbaycana yardım edir. Dəfələrlə müşahidə etmişik ki, Rusiya Azərbaycan və Ermənistana silah satıb. Bu vasitəçi missiyasına uyğun deyil. Rusiyanın bütün səyləri Azərbaycan və Ermənistana qarşı öz təsir alətlərinin saxlanılmasına xidmət edir. Rusiya bunu müvəffəqiyyətlə edir. Məsələn, Ermənistan Avropa Birliyi ilə assosiativ razılaşmadan imtina etdi. Ermənistan prezidenti Sarkisyan Moskvada Putinlə görüşdən sonra öz hökumətindən xəbərsiz şəkildə Gömrük Şurasına üzvlük qərarı verdi”.

Svante Kornell qeyd edib ki, Azərbaycan və Ermənistanda iki seçim var idi: “Azərbaycan və Ermənistan seçim etməli idi ki, onlar üçün daha nə əhəmiyyətlidir, şəxsi azadlıq və ya Dağlıq Qarabağ üzərində nəzarət. Hesab edirəm ki, Ermənistan öz seçimini etdi, onun üçün Ermənistanın müstəqilliyindən Dağlıq Qarabağ üzərində nəzarət daha əhəmiyyətlidir. Rusiya Federasiyasının rəhbərliyi vaxtaşırı Azərbaycana çatdırmağa çalışır ki, əgər Bakının xarici siyasəti dəyişərsə və Avrasiya İttifaqına qoşularsa, Moskva Qarabağ münaqişəsini Azərbaycanın maraqları çərçivəsində həll edə bilər. Bakıda insanlar var ki, bunu etmək istəyəcəklər. Amma ölkə rəhbərliyi müstəqil olmağa üstünlük verir”.

Erməni jurnalist birldirib ki, digər təhlükəsizlik zəmanəti olmadığından, Ermənistan faktiki olaraq seçim imkanlarına malik deyildi. Amerikalı ekspert isə bildirib ki, təhlükəsizlik zəmanətləri Avropa Birliyi və NATO ilə sıx inteqrasiyadan keçir. Kornell Ermənistan rəhbərliyinin NATO-ya inteqrasiyada maraqlı olmadığı barədə qərar verdiyini dilə gətirib. “Ermənistan başqa ittifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını seçdi. Əgər Ermənistan başqa təhlükəsizlik zəmanəti istəyirsə, onda siyasətini dəyişdirməlidir. Amma hazırda bu prosesə qarışmaq məntiqsizlikdir. Əsas məsələ odur ki, Ermənistan üçün nə əhəmiyyətlidir, təhlükəsizlik, müstəqillik və ya Dağlıq Qarabağ üzərində nəzarət? Əgər Ermənistan işğal edilmiş ərazilər üzərində öz nəzarətini saxlamaq istəyirsə, o halda Rusiya ilə ittifaq qurmalıdır. Məhz Ermənistanın müstəqilliyini hesabına”, - ekspert vurğulayıb.

Amerikalı ekspert ATƏT-ın Minsk Qrupunun Dağlıq Qarabağda status-kvonun saxlanılması üçün gözəl alət olduğunu bildirib: “Qurum Dağlıq Qarabağda “müharibəsiz” vəziyyəti təmin edir. Problem ondadır ki, formatın dəyişikliyinə yönəlik istənilən addımlar vasitəçi kimi Rusiyanın statusunun dəyişikliyinə gətirib çıxaracaq. Əgər Rusiya vasitəçi olmayacaqsa, münaqişənin həllinə maneə olacaq. Amma yaxın gələcəkdə format dəyişikliyi üçün əsas görmürəm. Əlbəttə, münaqişə davam etdikcə, Minsk Qrupu öz əhəmiyyətini rolunu itirəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm