Kreml Mərkəzi Asiyaya da “əlvida” deməyə yaxındır
Bizi izləyin

Dünya

Kreml Mərkəzi Asiyaya da “əlvida” deməyə yaxındır

Kreml Mərkəzi Asiyaya da “əlvida” deməyə yaxındır

Dünən Moskvada Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə III Beynəlxalq təhlükəsizlik konfransı işə başladı. Konfransda Azərbaycan nümayəndə heyətini müdafiə naziri Zakir Həsənov təmsil edir. Konfransda 40-dan yuxarı ölkənin hərbi idarələrinin, beynəlxalq təşkilatların 300-dən çox rəsmi nümayəndəsi və eksperti iştirak edir.

Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov tədbiri açaraq dünyanın bir çox ölkələrində vəziyyəti pozan “rəngli inqilabların” yayılması, Yaxın Şərq və Şimali Afrika ölkələrində “ərəb baharı”nın nəticələri, habelə beynəlxalq təhlükəsizlik qüvvələri çıxarılandan sonra Əfqanıstanda sabitliyin qorunub saxlanılması perspektivlərinin əsas müzakirə mövzuları olacağını bildirdi. “Ukrayna” mehmanxanasında keçirilən konfrans üçüncü ildir ki, ardıcıl təşkil edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, əvvəlki konfranslarda aktiv iştirak edən NATO-un rəsmi nümayəndələri bu dəfə tədbirə əhəmiyyət verməyiblər. Amma Moskvanın dərdi bununla bitmir. Konfransda yaxın vaxtlara kimi Rusiyanın aktiv hərbi partnyoru hesab olunan ölkələr də iştirak etmədilər. Bütün bunlar isə Ukrayna böhranı ilə bağlı gərginləşən Rusiya-Qərb münasibətləri ilə bağlıdır.

ABŞ, Almaniya, Fransa və İtaliya forumunda müstəqil ekspertlər və təşkilatlar səviyyəsində təmsil olunur. Ukrayna, Gürcüstan və Moldovanın nümayəndələri isə, ümumiyyətlə, tədbirə qatılmayıb.

Moskva bildirir ki, onun əsas narahatlığı koalisiya qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra Mərkəzi Asiya ölkələrində yarana bilən qeyri-sabit vəziyyətlə bağlıdır. Koalisiya qoşunlarının Əfqanıstandan çıxarılmasına 2014-cü ilin sonuna kimi başlanılmalıdır. ABŞ və NATO artıq 2015-ci ildəki maliyyə xərclərini planlaşdırıb. Tamamilə gözləniləndir ki, taliblər Əfqanıstanda yenidən fəallaşaraq başqa regionlara təsir etməyə başlayacaq. Beləliklə, 2015-ci ildə Mərkəzi Asiya ölkələrində qeyri-sabit vəziyyətin yaradılmasına yönəlik yeni cəhdləri gözləmək olar. Təsadüfi deyil ki, bu vəziyyətdən həm Rusiya, həm də Qərb regionda möhkəmlənmək üçün istifadə etməyə və region ölkələrini öz tərəfinə çəkməyə çalışır.

Özbəkistan prezidenti İslam Kərimov hesab edir ki, koalisiya qoşunlarının Əfqanıstandan çıxarılması hələ tezdir. Rəsmi Daşkəndin bu mövqeyi təsadüfi deyil. Özbəkistan regionda məhz NATO maraqlarından çıxış edir. Bunun nəticəsidir ki, Özbəkistan 2013-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxaraq ərazisində Şimali Atlantika İttifaqının nümayəndəliyini açmağa icazə verdi. NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Daşkənddə ittifaqın bürosunun açılışında bildirdi ki, təmsil etdiyi qurum Özbəkistana hərbi islahatlar keçirməyə kömək edəcək. Hərbi islahatlar çərçivəsində ölkənin müdafiə strukturlarını müasirləşdirilməsi, hərbi təhsil sisteminin təkmilləşdirilməsi planlaşdırılır.

Dünyanın əksər nüfuzlu analitikləri hesab edir ki, Moskva Ukraynada məğlub olmağa çox yaxındır. Və onlar hesab edirlər ki, Ukrayna böhranının həllindən sonra Qərbin əsas işi məhz Mərkəzi Asiya regionundan Rusiyanı sıxışdırıb çıxarmaq olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm