Aşqabad qərarını Bakıda verir: Moskvaya qarşı, yoxsa…
Bizi izləyin

Dünya

Aşqabad qərarını Bakıda verir: Moskvaya qarşı, yoxsa…

Aşqabad qərarını Bakıda verir: Moskvaya qarşı, yoxsa…

Bu gün Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçiriləcək. İlk baxışdan bu formatın da regionda reallaşdırılan digər əməkdaşlıq formatlarının davamı olduğunu güman etmək olar.

Belə ki, regionda Azərbaycan–Gürcüstan–Türkiyə və Azərbaycan–İran–Türkiyə formatları mövcuddur. Azərbaycan–Türkmənistan–Türkiyə formatı yenidir və üçtərəfli əməkdaşlıq regional proseslərə yeni bir rəng qata bilər. Söhbət ilk növbədə Avropanın enerji xəritəsinin tamamilə dəyişdirilməsindən gedir. Türkmənistanın da Avropanın enerji planlarına daxil olması Rusiyanın məğlubiyyətinə şübhə yeri qoymayacaq.

Məlum olduğu kimi, Ukrayna hadisələrindən sonra Avropa Rusiya qazından tədricən imtina etməklə bağlı qəti qərar verib. Bunun reallaşdırılması üçün isə Avropanın alternativ enerji mənbələrinə ehtiyacı var. Hesab etmək olar ki, Azərbaycanın enerji ehtiyatları ilə bağlı məsələ artıq həllini tapıb. Türkmənistanın enerji ehtiyatları bağlı isə suallar hələ də qalır. Hazırda Türkmənistan təbii qazının Avropaya çıxarılması üçün yeganə marşrut Rusiyadan keçir. Amma dəqiqdir ki, Rusiya qazından imtina etməyə hazırlaşan Avropanı bu heç bir halda qane edə bilməz. İndiki halda Türkmənistan təbii qazının Avropaya çatdırılması üçün əsas ixrac marşrutu olaraq Azərbaycan-Türkiyə marşrutu düşünülür. Bunun üçün isə transxəzər boru kəmərinin tikintisinə ehtiyac var.

2013-cü ilin mayında Avropa Birliyinin sammiti transxəzər qaz kəmərini 2014-2020-ci illər üçün prioritet infrastruktur enerji layihələri sırasına daxil edib. Lakin Rusiya layihənin reallaşmasına əngəl törədir. 2012-ci ilin əvvəlində RF-Aİ sammitində Putin deyib ki, Moskva konsensus olmadan Xəzər üzrə qəbul olunmuş qərarları legitim saymayacaq. Moskva qaz kəmərinin Xəzərin ekoloji tarazlığına zərər vuracağını iddia edir və bildirir ki, xəzəryanı ölkələrin ümumi razılığı olmadan bu məsələ həllini tapa bilməz.

Aprelin 12-də Türkmənistanın neft-qaz kompleksinin inkişafına həsr olunmuş xüsusi müşavirədə ölkə prezidenti Qurbanqulu Berdımühəmmədov transxəzər qaz layihəsinin reallaşmasını “prioritet vəzifə” adlandırıb. Məlumatlara görə, Azərbaycan prezidenti İlham Əliyev ilə Türkmənistan prezidentinin martın sonlarında baş tutan telefon danışığının mövzusu Xəzərin dibi ilə çəkiləcək “Transxəzər” qaz boru kəməri ilə bağlı olub. ARDNŞ prezidenti Rövnəq Abdullayevin Aşqabada səfərində də neft-qaz sahəsində əməkdaşlığın inkişafını müzakirə edib.

Həm Moskva, həm də Tehran transxəzər qaz kəməri layihəsinin icrası üçün Xəzərin hüquqi statusunun həllini vacib hesab edir. Xəzərin hüquqi status ilə bağlı Moskvada keçirilən son toplantıdan sonra verilən açıqlamalar da göstərdi ki, bu məsələnin həllində istənilən irəliləyiş yoxdur. Bunu İran tərəfinin açıqlamalrından daha aydın görmək mümkündür. İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur Xəzərin hüquqi statusu ilə bağlı razılaşdırılmamış çox şeylər qaldığını və daha çox müzakirələrə ehtiyac olduğunu qeyd edib. İran daha yüksək səviyyədə də - xarici işlər naziri Cavad Zərif dilindən Tehranın mövqeyində heç bir dəyişiklik olmadığını ifadə edib. İranın mövqeyi isə ondan ibarətdir ki, Xəzər dənizi beş sahilyanı ölkə arasında bərabər hissələrə bölünməlidir.

Xəzərin şimalında isə status məsələsi demək olar ki, həll edilib. Azərbaycan Qazaxıstan və Rusiya ilə bağladığı ikitərəfli müqavilələr problem bir qədər yoluna qoyub. Rusiyanın əsas narahatlığı isə onun maraqlarına heç bir halda uyğun olmayan transxəzər qaz kəməri layihəsidir. Rusiya Avropa qaz bazarını əlində saxlamaq üçün bütün yollardan istifadə etməyə çalışır.

Transxəzər qaz kəməri ideyası ilk dəfə 1997-ci ildə Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlib. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanır. Həmin sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə ildə 30 mlrd kubmetr qaz almağa dair öhdəliyi 2000-ci idən başlayaraq öz üzərinə götürürdü. Sonradan isə layihə Qərbin, xüsusilə ABŞ-ın maraq dairəsinə daxil olub. 1998-ci ilin aprelində Türkmənistan prezidenti Saparmurad Niyazov ABŞ-a işgüzar səfəri zamanı bu məsələ dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə görüşlərində yüksək səviyyədə müzakirə mövzusu olmuşdu.

Rusiya qazından asılılığını azaltmaq istəyən Avropa Ukrayna hadisələrindən sonra buna daha çox ehtiyacın olduğunu büruzə verir və əlavə mənbələr axtarışlarını gücləndirir. Təbii ki, belə bir şəraitdə transxəzər qaz kəmərinin tikilməsini istəməyən Rusiyanın Xəzərdə güc nümayişi önə çıxır.

Qeyd edək ki, Rusiya son illər Xəzər donanmasınin silahlandırılmasına xüsusi diqqət ayırır. Keçən il Xəzər donanmasının istifadəsinə “Kalibr-NK” universal raket kompleksinə malik “Dağıstan” adlı raket daşıyan gəmi verilib. Bu sistem bir neçə raket tətbiq etmək kimi xüsusiyyətlərə malikdir. Bu il ərzində Xəzər donanmasının tərkibinə “Uqliç”, “Qrad Sviyajsk” raket gəmiləri də daxil edilib. “Dağıstan” uzaqvuran qanadlı raketlərlə təhciz edilib və 300 kilometrlikdəki hədəfləri vurmaq qabiliyyətinə malikdir. Rusiyanın Xəzər donanmasının istifadəsinə verilən daha bir müasir silah “BAL-E” raket kompleksidir. Kompleks hər cür hava şəraitində 120 km-ə qədər məsafədəki hədəfləri vurmağa qadirdir. Rusiyanın ən son model “quru-səth” raket komplekslərindən olan “BAL-E” 2008-ci ildə silahlanmaya qəbul edilib. X-35 tipli gəmi əleyhinə raketləri ilə silahlandırılmış kompleks ərazi sularının, hərbi dəniz bazalarının, digər sahil obyektlərinin və sahil infrastrukturunun müdafiəsi üçün nəzərdə tutulur.

Bir sözlə, Xəzər də sular isinir. Kreml isə Avropanın həsrətində olduğu transxəzər qaz kəməri layihəsinin çəkilişinə istənilən yolla mane olacağı barədə mesajlarını hər addımda verir.

Demək çətindir ki, Azərbaycan–Türkmənistan–Türkiyə xarici işlər nazirlərinin görüşündə Moskvanın yaratdığı maneələrin öhdəsindən gəlmək üçün hansı qərarlar qəbul olunacaq. Mühüm qərarların qəbulu üçün isə Aşqabad qəti qərar verməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm