Ermənistan enerji böhranı ilə üz-üzə - Aİ Metsamor AES-i bağlamağı tələb edir
Bizi izləyin

Dünya

Ermənistan enerji böhranı ilə üz-üzə - Aİ Metsamor AES-i bağlamağı tələb edir

Ermənistan enerji böhranı ilə üz üzədir. Avropa İttifaqı (Aİ) Ermənistandan Metsamor Atom Elektrik Stansiyasını (AES) bağlamağı tələb edib.

"Sputnik-Armenia" saytının məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında Aİ ilə Ermənistan arasında imzalanacaq razılaşmanın şərtləri açıqlanıb. Sənəddə deyilir ki, Ermənistan Metsamor AES-in fəaliyyətini dayandırmalı, ölkənin enerji təhlükəsizlyini təmin etmək üçün alternativ yollar tapmalıdır.

Aİ-nın bu tələbi erməni və gürcü iqtisadçılar, siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb.

Ermənistandan olan iqtisadçı Vilen Xaçatryan hesab edir ki, ölkənin alternativ enerji mənbələri yoxdur. Metsamor AES-in bağlanması Ermənistanın regiondakı mövqelərinin zəiflədəcək.

Gürcü politoloq, tarixçi alim Simon Kopadze "Report"un Gürcüstan bürosuna müsahibəsində deyib ki, Ermənistanın Avropa İttifaqı ailəsinə daxil olması üçün Metsamor AES-in bağlanması yeganə şərt ola bilməz. Ermənistan eyni zamanda, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, işğala, terrora son qoymalıdır. Yalnız bundan sonra Ermənistanla işləmək olar.

Politoloq hesab edir ki, ikili standartları ilə seçilən Avropa İttifaqı əslində təkcə Metsamor AES-in bağlanması tələbini irəli sürməklə əsas məsələdən yayınır.

"Belə olmasa idi, Avropa İttifaqı dövlətlərin ərazi bütövlüyü məsələsini, Ermənistanın işğalçılıq siyasətini qabardar, ondan işğala son qoymağı tələb edərdi və regionda sülhə nail olunardı. Ona görə də hesab edirəm ki, başqa dövlətin vassalı olan Ermənistan üçün Metsamor AES çox zəif şərtdir", - deyə Kopadze vurğulayıb.

"Art-qallery" televiziyasının rəhbəri, politoloq Tengiz Txilava isə hesab edir ki, bu tələb çoxdan irəli sürülməli idi. Çünki Metsamor AES istismar müddətini başa vurub və region, eləcə də Avropanın özü üçün çox ciddi təhlükə mənbəyidir: "Hamımız Çernobıl faciəsini çox yaxşı xatırlayırıq. Metsamor AES-də də ciddi problemlərin yaşandığı hamıya bəllidir. Düşünürəm ki, Ermənistanın inadkarlığı Avropanın da narahat etməyə başlayıb. Çünki bu stansiyada fəlakət baş versə, onun acı nəticələrini Avropa ölkələri də yaşayacaqlar".

"Amma bu tələb yalnız kağız üzərində qalmamalı, Ermənistana qarşı digər tələblər də irəli sürülməli və onların icrasına nail olunmalıdır", - deyə Txilava vurğulayıb.

Qeyd edək ki, Ermənistan noyabrın 24-də Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsinə dair müqavilə imzalamaq niyyətindədir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm