Dünya
Ermənistan Rusiyaya düz-əməlli etiraz da edə bilmir
Moskvanın Azərbaycanla hərbi əməkdaşlığı gücləndirməsi erməniləri narazı salıb
Öz hərbi potensialını gücləndirən Azərbaycan
Rusiya ilə daha bir iri silah sövdələşməsinə imza atıb. Rusiya
nəşrləri yazır ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan “Bal-E”
taktiki sahil raket komplekslərini almağa maraq göstərir.
“Kommersant” qəzeti bu raketləri istehsal edən “Taktiki raket
silahları” korporasiyasının baş direktoru Boris Obisnova istinadən
xəbər yayıb. Onun sözlərinə görə, hələ konkret razılaşma əldə
olunmayıb. Bununla belə, Azərbaycan tərəfi Rusiyanın Hərbi-Texniki
Əməkdaşlıq üzrə Federal Xidmətinə sahil raket komplekslərinin
alınması üçün sorğu göndərib. Söhbət hələlik bir diviziyon “Bal-E”
komplekslərindən gedir.
Bu raket komplekslərinin köməyi ilə Azərbaycan
Xəzərdəki sahilyanı zonasının müdafiəsini möhkəmləndirmək
niyyətindədir. Kremlə yaxın mənbənin bildirdiyinə görə, bu raket
komplekslərinin Azərbaycana satılmasına dair ilkin razılıq artıq
əldə olunub. Hərbi-texniki əməkdaşlıq üzrə prezident komissiyası
Azərbaycana “Bal-E” raketlərinin satılmasına icazə verib. Rusiya
tərəfi bu silah sövdələşməsinə Ermənistanın neqativ reaksiyasını
gözləmir. Çünki “Bal-E” raketləri dəniz məkanının müdafiəsi
üçündür, Ermənistanın isə Xəzər dənizinə çıxışı yoxdur. Müqavilənin
bağlanmasından sonra Azərbaycan dünyada “Bal-E” komplekslərinə
malik üçüncü ölkə olacaq. Hazırda bu komplekslər ancaq Rusiyanın
Xəzər donanmasının və Vyetnam silahlı qüvvələrinin sərəncamında
var. Rusiya kompleksləri Liviyaya da satmağa hazırlaşırdı, ancaq
2011-ci ildə bu ölkədə baş verən inqilabdan sonra komplekslərin
Liviyaya satışına qadağa qoyulub.
Məlumat üçün bildirək ki, “Bal-E” taktiki raket
kompleksləri ərazi sularının və sahilyanı zonaların, hərbi-dəniz
bazalarının və digər dəniz obyektlərinin, sahilyanı quru
ərazilərinin desant təhlükəsi mövcud olan istiqamətlərinin
müdafiəsi üçün nəzərdə tutulub. İlk dəfə komplekslər Rusiya
donanmasına 2008-ci ildə verilib. “Bal-E” kompleksləri MZKT-7930
şassisinin üzərində yerləşən mobil sistemdən ibarətdir. Kompleksə
özüyeriyən komanda və idarəetmə mərkəzi, gəmilər əleyhinə X-35
raketləri daşıyan buraxılış qurğusu daxildir. Kompleksin tərkibində
raketləri qurğuya yükləmək üçün nəqliyyat-yükləmə maşını da var.
Kompleks X-35 raketləri ilə 120 kilometr məsafədə hədəfi vura
bilir, hər kompleks 8 belə raketlə təchiz olunub. Raketlər
bir-birindən 3 saniyə intervalla buraxılır. Maksimal hərəkət sürəti
şose yolda 60 kilometr, torpaq yolda 20
kilometrdir.
Qeyd edək ki, Azərbaycan son illər Rusiyadan
milyardlarla dollarlıq yeni silah sistemləri və hərbi texnika alır.
Bura 100 ədəd “T-90C” tankı, “Smerç” reaktiv yaylım atəşi
sistemləri, S-300 PMU “Favorit” zenit-raket kompleksləri, odsaçan
sistemlər, özüyeriyən “Qaubitsa”lar və s. silah sistemləri
daxildir. Bir neçə gün əvvəl məlum olub ki, Azərbaycan Rusiyaya
daha 100 ədəd “T-90C” tankı sifariş vermək niyyətindədir və bu
barədə ilkin razılaşma var. “Rusiya Azərbaycana 100 ədəd “T-90C”
tankı verib və bu qədər də satmağa hazırdır”. Bunu “Kadeks-2014”
sərgisində jurnalistlərlə söhbətində Hərbi Texniki Əməkdaşlıq üzrə
Federal xidmətin direktor müavini Konstantin Biryulin bildirib.
Biryulin onu da deyib ki, Moskva ilə Bakı arasında Mi-171 və Mi-35
vertolyotları, zirehli döyüş maşınları və yüngül atıcı silahlar,
minaatanlar və “Qaubitsa”lar alınması üzrə də danışıqlar
aparılır.
Dərhal da bu sövdələşmə ermənilərin sərt
reaksiyasına səbəb olub. Ermənistan müdafiə naziri Seyran Ohanyan
Rusiyanın Azərbaycana silah satmasına müsbət yanaşa bilmədiyini
bəyan edib. S.Ohanyan bunu jurnalistlərə açıqlamasında Moskvanın
Bakı ilə hərbi-texniki əməkdaşlığına münasibət bildirərkən deyib.
“Ermənistanın strateji tərəfdaşı olan Rusiya şübhəsiz ki, ilk
növbədə ölkəmizlə hərbi-texniki əməkdaşlığa önəm verir. Lakin
Rusiya eyni zamanda müstəqil siyasət yürüdə bilər. Müdafiə naziri
kimi buna müsbət yanaşa bilməsəm də, tənqid etmək hüququm da
yoxdur” - deyə o vurğulayıb.
Ermənistanın Rusiyadakı səfirliyindən isə
bildiriblər ki, Rusiya silahının Azərbaycana satılması regional
təhlükəsizliyə ciddi təhlükədir.
Rusiya ilə Azərbaycan arasında silah sövdələşməsi
barədə xəbərlər dərhal erməni və rus mətbuatının səhifələrində də
yer alıb. Rusiya nəşrlərindən bəziləri “Rusiya Azərbaycanı niyə
silahlandırır” sualı ilə çıxış ediblər. Onların gəldiyi qənaət
bundan ibarətdir ki, Azərbaycan Rusiya silahı ilə silahlanmaqla
müharibəyə hazırlaşır. Rusiyalı ekspertlər hesab edir ki,
Azərbaycan əsas etibarilə Ermənistanla qarşıdurma səbəbindən
silahlarının sayını artırır. Hərbi ekspert Pavel Felqenqauer isə bu
qənaətdədir ki, Rusiya ilə Azərbaycan arasında silah sövdələşməsi
Moskvanın Yerevanla münasibətlərinə təsirsiz ötüşməyəcək: “Lakin
məsələ ondadır ki, əgər Rusiya Azərbaycana silah satmasa, onda
qarşı tərəf bunu başqasından alacaq. Ermənilərə bu, xoş gəlməsə də,
çıxış yolları yoxdur. Ermənilər də silah alır, özü də pulsuz. Belə
ki, bizim ölkələr Kollektiv Təhlükəsizlik üzrə Müqavilə
Təşkilatının üzvləridir”.
Kaspi.az
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov