BMT-nin sülhməramlılarının əvəzinə Rusiya qoşunları: Putin TƏLƏ HAZIRLAYIR
Bizi izləyin

Dünya

BMT-nin sülhməramlılarının əvəzinə Rusiya qoşunları: Putin TƏLƏ HAZIRLAYIR

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərindən sonra Donbasda Rusiya qoşunlarının BMT-nin sülhməramlıları ilə əvəz olunmasına razılaşa bilər.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna jurnalisti və publisisti Vitali Portnikov “Apostrof” saytına yazıb.

Jurnalistin fikrincə, Rusiya qoşunlarının BMT-nin sülhməramlıları ilə əvəzlənməsi Putin üçün problemin ən əlverişli həllidir.

“BMT-nin sülhməramlıları təmasın xəttində və Rusiya-Ukrayna sərhədində olacaqlar. Bu, mümkündür ki, ABŞ üçün triumf olacaq, çünki onlar Rusiya qoşunları və muzdluları Donbas ərazisindən çıxmağa məcbur edəcəklər. Amma bu əraziyə Ukrayna Silahlı Qüvvələri, hüquq-mühafizə strukturları və dövlət orqanları girməyəcək”, - o qeyd edib.

Portnikov vurğulayıb ki, belə vəziyyət “tamamilə dondurulmuş münaqişə” olmasa da, Ukrayna üçün əsl tələdir: “Keçid dövrü elan ediləcək. Rusiya bu ərazilərə daha pul xərcləməyəcək. Bütün sosial öhdəlikləri Ukrayna öz üzərinə götürəcək və qərb donorlarının köməyi ilə regionun infrastrukturunu bərpa edəcək. Amma bu ərazi üzərində heç bir real nəzarətə malik olmayacaq”.

Publisist həmçinin qeyd edib ki, Donbasın sakinləri öz yerli hakimiyyət orqanlarını seçə, Ali Rada və prezident seçkilərində iştirak edə biləcəklər: “Beləliklə, rusiyayönlü güclərə səs verən bir neçə milyon seçiciyə daha iki milyon əlavə ediləcək. Onlar Donbas ərazisinə qayıdaraq yenidən rusiyayönlü təbliğatın təsiri altına düşəcəklər. Ukraynanın Ali Radasında möhkəm rusiyayönlü lobbi yaranacaq və 2013-cü ildə olduğu kimi istənilən vaxt əksəriyyət təşkil edə biləcək. Və artıq bu yeni rusiyayönlü güclər bütün Ukraynanı Rusiyanın təsir zonasına çevirmək üçün məsələləri həll edəcək. Ukrayna prezidenti Viktor Medvedçuk, Sergey Levoçkin (bu şəxslər 2019-cu ildə president seçkilərində iştirak etmək niyyətindədirlər – red.) və daha kimsə Avropa İttifaqı ilə assosiasiyası haqqında razılaşmanın ləğvi, Ukraynanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına giriş yolu ilə bu problemləri sakitcə həll edəcək”.

Daha əvvəl Litvanın sabiq hökumət başçısı Andrüs Kubilyus ehtimal edib ki, Rusiya BMT-nin hər hansı qərarını gözləmədən Donbasa öz sülhməramlılarını daxil etmək üçün “Luqansk Xalq Respublikası”ndakı qarışıqlıqlardan istifadə edə bilər.

Xatırladaq ki, noyabrın 21-də Luqanskda inzibati binalar fərqlənmə nişanları olmayan naməlum silahlılar qrupu tərəfindən tutulub. Daha sonra silahlıların bir gün əvvəl İqor Plotnitski tərəfindən vəzifəsindən çıxarılan “Daxili İşlər Nazirliyinin başçısı” İqor Kornetin əmri ilə hərəkət etdiyi məlum olub.

İqor Plotnitskinin özü isə Rusiyaya qaçıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm