Qarabağ xəbərdarlığı: “Rusiyanın mövqeyi həlledici olacaq”
Bizi izləyin

Dünya

Qarabağ xəbərdarlığı: “Rusiyanın mövqeyi həlledici olacaq”

Şimaldan Qarabağ xəbərdarlığı: “Rusiyanın mövqeyi həlledici olacaq”

Son günlər həm erməni, həm də rus mediasında Ermənistanın yaxın gələcəkdə Avrasiya inteqrasiya layihələrinə qoşulmayacağı barədə fikirlər səslənir. Bildirilir ki, bunu edəcəyi halda İrəvan əldə etdiyi bir sıra iqtisadi güzəştlərdən imtina etməli olacaq. Məsələn, Rusiya qazını daha aşağı qiymətlə ala bilməyəcək.

Publika.az - ın verdiyi xəbərə görə, Rusiya Milli Energetika Təhlükəsizliyi Fondunun direktoru, iqtisadi və siyasi analitik Konstantin Simonov erməni mətbuatına müsahibəsində səslənən fikirləri şərh edib.

K.Simonov hesab edir ki, Ermənistanın bu layihələrə qoşulmayacağı halda, Rusiyanın ona verdiyi güzəştləri dərhal ləğv edəcəyini demək sadəlöhvlük olardı: “Hesab edirəm ki, proses kifayət qədər aşkardır. Biz anlayırıq ki, inteqrasiya proseslərimizi və siyasətimizi dəstəkləyənlərə qazı aşağı qiymətlə veririk. Yəni, bu gün postsovet məkanında obyektiv səbəblərdən təbii qaz ən aşağı qiymətə Belarusa verilir. Qazaxıstanın isə Rusiya qazına ehtiyacı yoxdur. Belarus yalnız bu layihələri dəstəkləmir, həm də sistem mübadilələrini həyata keçirir. Təbii ki, bütün bunlar qiymətləndirilir. Məlum olduğu kimi, Ermənistan Rusiya ilə dərin əməkdaşlığa malikdir. Amma gələcəkdə təbii ki, bu mexanizm Ermənistanın siyasətindən asılı olaraq dəyişə bilər. Əgər Ermənistan bu layihələrin icrasına kömək edərsə, əldə etdiyi üstünlüklər saxlanılacaq, əks halda bu üstünlüklər bazar qiymətləri ilə əvəz ediləcək. Burada biabırçı və qeyri-obyektiv heç nə görmürəm, bu təbii proses və münasibətlərdir. Məsələn, ABŞ da açıq şəkildə bildirir ki, qazı “pis” ölkələrə ixrac etməyəcək”.

Amma rusiyalı analitik Ermənistanın Avrasiya inteqrasiya layihələrində iştirakı ilə bağlı şübhələri anlamadığını deyib. Onun sözlərinə görə, bu layihələr Ermənistan üçün iqtisadiyyatın saxlanılması üsuludur. K.Simonov bu layihələrin Ermənistan üçün yalnız əlverişli olduğunu ifadə edib.

Ermənistanın Avrasiya inteqrasiya layihələrinə iştirakının ləngiməsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmasına gəlincə, Rusiya Milli Energetika Təhlükəsizliyi Fondunun direktoru məsələnin Moskva üçün də kifayət qədər mürəkkəb olduğunu deyib: “Bəli, belə bir çətinlik mövcuddur. Bu Rusiya üçün də ciddi məsələdir. Əgər Dağlıq Qarabağ Ermənistanla birlikdə Gömrük İttifaqına daxil olarsa, o halda Rusiyanın Azərbaycanla problemləri yaranacaq. Bu kifayət qədər incə məsələdir. Belarus və Qazaxıstan da həmçinin Azərbaycanla mübahisə etmək və münasibətləri korlamaq istəmir. Bu xüsusilə Qazaxıstana aiddir. Xəzər regionunda əlavə gərginlik yaratmaq yanlış olardı. Amma hər halda, Rusiyanın mövqeyi burada həlledici olacaq ki, Ermənistanı Dağlıq Qarabağla birlikdə Gömrük İttifaqına qəbul etməyə nə dərəcədə hazırdır. Bu hələ həll olunmamış məsələdir”.

Rusiyalı ekspert qeyd edib ki, Avropa qaz bazarında Azərbaycan Rusiyanın rəqibi olduğu üçün Bakıdan hansısa güzəştləri əldə etməyə ümid edir: “Azərbaycanla münasibətləri pisləşdirməməyə çalışırıq. Buna görə də Dağlıq Qarabağın statusu haqqında qəti qərar hələlik yoxdur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm