Yaxın Şərqdə yeni müharibə ocağı: Bu savaş daha dəhşətli olacaq
Bizi izləyin

Dünya

Yaxın Şərqdə yeni müharibə ocağı: Bu savaş daha dəhşətli olacaq

“ABŞ-ın ortaya atdığı Qüds məsələsi yeni hadisə deyil. Donald Tramp bu məsələni hələ prezident seçkiləri dövründə ortalığa atmışdı. Onun ictimaiyyətə verdiyi vədlər sırasında Qüdsün İsrailin paytaxtı olması məsələsi də var idi”.

Politoloq Natiq Miri Publika.az-a ABŞ-ın Qüds şəhərini israilin paytaxtı kimi tanıması məsələsini şərh edib.

N.Miri bildirib ki, Donald Tramp Qüdsü mənfəət əldə etmək üçün vasitə kimi istifadə edir:

“Təbii ki, bu yəhudi lobbisinə hesablanmışdı. Çünki onun seçkilər zamanı yəhudi lobbisinin dəstəyinə və səslərinə ehtiyacı var idi.

Trampın Qüdslə bağlı iki planı var: birincisi, ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi, ikincisi Qüdsün paytaxt elan edilməsi. Mənə elə gəlir ki, ikinci məsələ daha böyük əhəmiyyət daşıyır. Bu qərar Fələstinlə İsrail arasında aparılan danışıqlara ciddi zərbə vuracaq. Çünki səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi əslində yeni bir şey deyil. 1995-ci ildə ABŞ Konqresində Qüdsdə səfirilik açılması ilə bağlı qanun qəbul edilib. Sadəcə bu məsələnin Fələstin-İsrail sülhünə zərbə vuracağı ehtimalına görə heç bir ABŞ prezidenti bu səfirliyin köçürülməsini reallaşdırmadı. Hazırda da bu məsələnin dərhal həyata keçirilməsi gözlənilmir. Çünki Qüds paytaxt olarsa, regionda yeni bir savaş alovlanacaq.

Yəni Donald Tramp Qüdsü paytaxt elan etsə də, bu qərar elə kağız üzərində qalacaq və altı aydan bir təxirə salınacaq. Həm də səfirliyin köçürülməsi üçün hələ heç yer də təyin edilməyib. Səfirliyin binasının seçilməsi, təhlükəsizliyin təmin edilməsi isə böyük zaman tələb edən arqumentlərdir”.

Politoloq bildirib ki, qərar fələstinlilərin haqlarının üzərindən birmənalı şəkildə xətt çəkir:

“Qüdsün İsrailin paytaxtı olması həm beynəlxalq hüquqla, həm də ictimaiyyətin qəbul etdiyi normalarla daban-dabana ziddir.

Qüdsün paytaxt olaraq tanınması həm də fələstinlilərin o şəhərdən çıxarılması və onlara gələcəkdə dövlət status verildiyi təqdirdə yeni bir paytaxtın seçilməsini şərt kimi ortaya qoyur. Bu qərar 1948–ci ildə Ərəbistanla İsrail arasında baş verən müharibə zamanı ölkədən qaçan fələstinlilərin vətənlərinə geri qayıtma şansının üstündən xətt çəkir.

ABŞ-ın bu addımlarına qarşı bütün müsəlman dünyası dirənəcək ki, onların başında da regionun bir nömrəsi olan Türkiyə dayanacaq. Türkiyə rəhbərliyi belə bir addımın atılacağı təqdirdə İsraillə diplomatik münasibətlərə son qoyulacağı xəbərdarlığını da edib.

ABŞ geri addım atmazsa, Yaxın Şərq regionunda yeni bir savaş çıxacaq. Amerika dövlət səviyyəsində bu qərarı elan etməkdən çəkinməzsə, Suriya, İraq müharibələri İsrail müharibəsinin yanında toya gediləsi olacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm