Qarabağı təslim etmək üçün İrəvana 15 gün vaxt verdilər – Şok iddia
Bizi izləyin

Dünya

Qarabağı təslim etmək üçün İrəvana 15 gün vaxt verdilər – Şok iddia

Qarabağı təslim etmək üçün İrəvana 15 gün vaxt verdilər – Şok iddia

Bu gün Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası Ermənistan üçün heç də yaxşı nəticələnmədi. İrəvan üçün şok yaradan məsələ isə heç şübhəsiz ki, Azərbaycan prezidenti İlham Əliyevin Rusiya, Belarus və Qazaxıstan liderlərinə yazdığı məktub olub.

Məktubun təfərrüatları barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev məlumat verib. “Biz Azərbaycan prezidentinin məktubunu almışıq. Məktubda Ermənistanın yalnız Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində quruma üzvlüyünün mümkün olduğu qeyd olunub. Azərbaycan hesab edir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlərlə Avrasiya İqtisadi İttifaqına qoşula bilər”, – Qaxazıstan prezidenti tədbir iştirakçıların, o cümlədən Ermənistan prezidenti Serj Sarkisyanın diqqətinə çatdırıb.

Qeyd edək ki, iclasda Rusiya, Belorus və Qazaxstan prezidentləri tərəfindən Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilə imzalanıb. Ermənistanın uzun müddətdir ki, qurumun həmtəsisçisi kimi çıxış etmək istəməsinə baxmayaraq, bu alınmayıb. Təbii ki, Azərbaycanın israrlı və qətiyyətli mövqeyinə görə.

Ermənistan prezidenti Serj Sarkisyan isə 15 İyun tarixinə qədər Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqaviləyə qoşulmaq niyyətində olduğunu bildirib. Sarkisyanın bu istəyinə cavab olaraq Rusiya, Qazaxıstan və Belorus liderləri 1 İyul tarixinə kimi məsələyə baxmağı təklif ediblər. Prezidentlər Ermənistanın ona təqdim olunan bütün tələbləri yerinə yetirməli olduğunu deyib.

Son günlər erməni mətbuatının gündəmində olan əsas məsələlərdən biri də Ermənistanın Gömrük Şurasına daxil olacağı halda bunun Dağlıq Qarabağla, yoxsa Dağlıq Qarabağsız baş verəcəyidir. Söhbət Ermənistan və “Dağlıq Qarabağ Respublikası” sərhədində gömrük məntəqələrinin qurulub-qurulmayacağından gedir.

Bu məsələdə Gömrük Şurasının hazırkı üzvləri olan Rusiya, Qazaxıstan və Belorus Ermənistandan fərqli düşünür.

Rusiya Dövlət Dumasının keçmiş deputatı, Rusiya Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-politoloq Sergey Markov erməni mətbuatına müsahibəsində bildirib ki, Rusiya bu gün Ermənistanı Qarabağla birlikdə Gömrük Şurasına daxil edə bilmir. O, bunu Rusiyanın Azərbaycanı da Gömrük Şurasına cəlb etmək istəyi ilə izah edib.

S.Markov hesab edir ki, Ermənistanın Qarabağla birlikdə Gömrük Şurasına Qarabağın tanınması demək olardı. “Hesab edirəm ki, Rusiyanın bu məsələdə mövqeyi aydındır. Yalnız Ermənistan Gömrük Şurasına daxil olacaq”, –politoloq ifadə edib.

Bundan bir neçə gün əvvəl Rusiya, Belorus və Qazaxıstan ekspertlərin qoşulduğu telekörpü zamanı da bu fikir ifadə olundu ki, Gömrük Şurasında Dağlıq Qarabağa yer yoxdur.

Ermənistan parlamentinin xarici işlər üzrə komissiyasının rəhbəri Artak Zakaryan isə bildirib ki, Dağlıq Qarabağ coğrafi baxımdan Avrasiya iqtisadi məkandadır və məsələnin həllində bu amil nəzərə alınmalıdır. Ermənistan baş naziri Ovik Abramyan Ermənistan və Qarabağın vahid məkan olduğunu bildirib və işarə edib ki, Ermənistan və Qarabağ arasında gömrük məntəqələri ola bilməz.

Erməni mətbuatı Azərbaycan prezidentinin Astanaya göndərdiyi məktubun təfərrüatları barədə danışan Qazaxıstan prezidenti N.Nazarbayevin çıxışını “Ermənistana nəhəng ultimatum” şəklində xarakterizə edib.

S.Sarkisyanın 15 İyun tarixinə qədər Avrasiya İqtisadi İttifaqına qoşulmaq istəyinə cavab olaraq Astana-Minsk-Moskva üçlüyünün 1 İyun tarixinə qədər vaxt verməsinə gəlincə, “Lragir” qəzeti arada qalan 15 günlə bağlı maraqlı bir şərh verib: “Qarabağın təslim edilməsi üçün Ermənistana 15 gün vaxt verdilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm