“Bakı şantajdan sığortalanmaq istəyir” – İddia
Bizi izləyin

Dünya

“Bakı şantajdan sığortalanmaq istəyir” – İddia

“Bakı Moskvanın şantajından sığortalanmaq istəyir” - İddia

Dünən Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası Ermənistan üçün heç də yaxşı nəticələnmədi. İrəvan üçün şok yaradan məsələ isə, heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya, Belarus və Qazaxıstan liderlərinə yazdığı məktub olub.

Məlum olduğu kimi, məktubun təfərrüatları barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev məlumat verib. “Biz Azərbaycan prezidentinin məktubunu almışıq. Məktubda Ermənistanın yalnız Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində quruma üzvlüyünün mümkün olduğu qeyd olunub. Azərbaycan hesab edir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlərlə Avrasiya İqtisadi İttifaqına qoşula bilər”, – Qaxazıstan prezidenti tədbir iştirakçıların, o cümlədən Ermənistan prezidenti Serj Sarkisyanın diqqətinə çatdırıb.

Publika.az - ın verdiyi xəbərə görə, erməni mətbuatı maraqlı bir vəziyyətin yarandığını bildirir.

Maraqlı vəziyyət isə ondan ibarətdir ki, Ermənistan prezidenti Serj Sarkisyan 15 İyun tarixinə qədər Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqaviləyə qoşulmaq niyyətində olduğunu bildirib. Sarkisyanın bu istəyinə cavab olaraq Rusiya Qazaxıstan və Belarus liderləri 1 İyul tarixinə kimi məsələyə baxmağı təklif ediblər. Prezidentlər Ermənistanın ona təqdim olunan bütün tələbləri yerinə yetirməli olduğunu deyib.

Erməni mətbuatı yazır ki, Ermənistanın 15 gün sonra Avrasiya İttifaqına daxil olması çətin məsələdir: “Çətin ki, Qarabağ məsələsini 2 həftə ərzində həll etmək mümkün olacaq. Dağlıq Qarabağ probleminin nizama salınması daha da dumanlı olub. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin çıxışı və həmsədrlərin regiona səfərindən sonra bu daha da çətin görünür. Bakı görünür, sadəcə olaraq Avrasiya İttifaqına Ermənistanın tanınmış beynəlxalq sərhədlərlə üzvlüyünü istəyir və bunun Avrasiya İttifaqı haqqında müqavilədə qeyd edilməsinə çalışır”.

Erməni mətbuatı yazır ki, Bakı Moskvanın hazırda Ermənistana qarşı istifadə etdiyi şantaj metodlarından sabah ona qarşı istifadə edilə biləcəyi ehtimalından narahatdır. Bildirilir ki, Qazaxıstan da Moskvaya bu imkanı vermək istəmir.

“Ümumdünya Ticarət Təşkilatı ilə müqavilədə Ermənistanın sərhədləri qeyd edilib. Amma Ermənistan və Dağlıq Qarabağ arasında heç bir buraxılış məntəqəsi yoxdur. Doğrusu, Ermənistan və Azərbaycan arasında buraxılış məntəqələri haqqında məsələni qaldırmaq Bakıya sərfəli deyil. Çünki, bu halda sərhəddə kimin dayanmalı olduğu müzakirə edilməsi lazım gələcək. Buna görə də Bakıya Ermənistanın yalnız Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində quruma üzvlüyü əhəmiyyətlidir ki, heç kəs sabah bundan Bakıya qarşı istifadə edə bilməsin. Bakı yaxşı bilir ki, Moskva Azərbaycanı da Avrasiya İttifaqına cəlb etməyə çalışacaq və şantajdan istifadə etməyə unutmayacaq”, - erməni mətbuatı qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm