İkinci "Gəzi Parkı" nə qədər yaxındır? – Təhlil
Bizi izləyin

Dünya

İkinci "Gəzi Parkı" nə qədər yaxındır? – Təhlil

İkinci Gəzi Parkı nə qədər yaxındır? – Təhlil

Sonralar “türk baharı” adını alan Gəzi Parkı hadisələrindən düz bir il vaxt keçir. Türkiyə hökumətinin nüfuzuna əməlli-başlı zərbə vuran hadisələr Gəzi Parkında ağacların kəsilməsinə etiraz olaraq başlamışdı.

Hökumətin planına görə, parkdakı ağacların bir qismi kəsilərək yerində ticarət mərkəzi inşa olunmalı idi. Mayın 27-də özlərini “Taksim Dayanışma Qrupu” adlandıran etirazçılar ağacları qorumaq üçün hər cür ağır texnikanın qarşısına canlı sədd çəkmişdilər. Onlar daha sonrakı 2 günü də Gəzi Parkında keçirərək, orada qurduqları çadırlarda gecələdilər. Deyilənə görə, niyyətləri heç bir maşın və mexanizmi bu məşhur parka buraxmamaq və yaşıllığı qorumaq idi.

Mayın 29-da, səhər saatlarında çadırlar yandırıldı və etirazçıları parkdan çıxarmaq istəyən polis gözyaşardıcı qaza və təzyiqli su şırnağına əl atdı. Beləliklə, etirazçılarla polis arasında toqquşma başlandı. Baş nazir Rəcəb Tayyib Ərdoğanın “Ne yaparsanız yapın. Orası için karar verdik. Yapacağız!” deməsi etirazların miqyası və formasını dəyişdirdi.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan parkda ağacların kəsilməsinə qarşı keçirilən etiraz aksiyalarına münasibət bildirərkən demişdi ki, etirazların kökündə “5-10 ağacın kəsilməsi” dayanmır. “Bu, müxalifətin və bəzi qeyri-leqal qrupların oyunudur” deyən Ərdoğan hadisələri qızışdırmaqda xüsusilə CHP-ni və bu partiyaya bağlı media orqanlarını ittiham etmişdi. Hadisələr inkişaf etdikcə, ittiham edənlərin sırası daha da genişləndi. “Məlum oldu ki” hadisələrin arxasında yalnız müxalifət deyil, həm də Türkiyənin inkişafını istəməyən xarici qüvvələr dayanır. Əlbəttə, bu iddianı tamamilə arxa plana atmaq olmazdı. Hər halda, Ərdoğana qarşı düşmən mövqeyində dayanan bir təbəqənin də olduğunu inkar etmək olmazdı.

Dünya mediası olayları müxtəlif adlarla tanıtdı. “Al Jazeera” televiziyası İstanbulda baş verənləri “türk baharı” kimi təqdim etdi. Almaniyanın ZDF televiziyası belə bir şərh verdi: “Barbar dediyimiz türklər təbiət üçün savaşır və türklər savaşırsa, olaylar dəyişir”.

“New York Times” qəzeti olaylara ön planda yer ayıraraq, xəbəri “İstanbulda park üçün keçirilən oturaq aksiya polis müdaxiləsi ucbatından toqquşmaya çevrildi” başlığı ilə diqqətə yetirdi. “Guardian" qəzetinin yazarı Riçard Seymor Gəzi Parkı olayını belə qiymətləndirdi: “Kiçik bir park üçün verilən bu mübarizə rejimə fövqəladə vəziyyət və "türk baharı”na gətirdi”.

Dünyanın bir sıra nüfuzlu telekanalları Gəzi Parkından bir neçə saat fasiləsiz canlı yayımda olmuşdu. Təbii ki, bu da Ərdoğanı qəzəbləndirmiş və hadisələrdə xarici qüvvələrin əlinin olması iddiasını gücləndirmişdi. Baş nazir Misirdə hərbi çevriliş baş verən vaxt üzünü həmin kanallara tutaraq hərbi çevrilişə və baş verən çoxsaylı ölümlərə niyə səhti yanaşdığını soruşmuşdu. Təbii ki, Ərdoğan iddialarını sübut edə biləcək gücdə deyildi.

Ərdoğanın “Ne yaparsanız yapın. Orası için karar verdik. Yapacağız!” deməsinə baxmayaraq, hadisələr elə sürətlə inkişaf etdi ki, o, geri çəkilməli oldu. İstanbul məhkəməsi Gəzi Parkında ticarət mərkəzi inşa etmə planının icrasını dayandırdı və Parkın abadlaşdırılması istiqamətində bir sıra addımlar atıldı.

Gəzi Parkı hadisələrinin hökumətə təsiri keçən müddət ərzində özünü göstərdi. Belə ki, bu ilin mart ayının 11-də Türkiyənin bir neçə iri şəhərlərində etiraz aksiyaları keçirildi. Vətəndaşlar ötən ilin sentyabrında İstanbulda baş verən Gəzi Parkı olaylarında aldığı yaraya görə vəfat edən 14 yaşlı Berkin Elvanın ölümü ilə bağlı küçələrə çıxdı. Etiraz aksiyaları Türkiyənin bir neçə şəhərində keçirildi. Polis dəyənəklər və su fışqıran maşınlarla yenə də küçələrdə idi. Qarşıdurmalarda ölüm hadisəsi də qeydə alındı. Türkiyə yenə də beynəlxalq qınaq obyektinə çevrildi.

Gəzi Parkı hadisələrinin Türkiyə üçün ən mənfi təsiri ondan ibarət oldu ki, Avropa İttifaqına üzv olmaq istəyən Ankara “demokratik dəyərlərdən sürətlə uzaqlaşır” xarakterli tənqidlərlə daha tez-tez qarşılaşmalı oldu. Təsadüfi deyil ki, bütün bu hədələr fonunda Ankara Şanxay Əməkdaşlıq Təşkilatına, həmçinin Avrasiya İttifaqına üzv olacağı mesajları verməklə Avropanın alternativinin olduğu mesajı verdi.

Gəzi Parkı olaylarının birinci ildönümündə İstanbul polisi gücləndirilmiş iş rejiminə keçib. Hökumət insanların fürsətdən istifadə edərək yenidən küçələrə çıxa biləcəyinin fərqindədir. Deyilənə görə, İstanbulda polis qüvvələrinin sayı 25 min nəfər, su şırnaqlarının sayı isə 50 maşına qədər artırılıb. İstanbulun polis rəsmiləri də cümə axşamı günü bildiriblər ki, Taksim meydanı ətrafında çoxlu sayda polis əməkdaşı və zirehli maşın yerləşdirilib və mayın 31-də Gəzi Parkı olaylarının ildönümü ilə əlaqədar aksiyaların keçirilməsinə icazə verilməyəcək.

Amma nəzərə alaq ki, ikinci Gəzi Parkı hadisələrinin baş verməsində maraqlı olan qüvvələr kifayət qədərdir və bunun üçün müəyəyn cəhdlər də edilir.

Məsələn, ABŞ-da Türkiyə prezidenti Abdulla Gülə Harvard Universitetində təşkil olunan məzun mərasimində verilən suallar odun üstünə yanacaq tökməkdir.

Özünü Harvard Universitetinin Tibb fakültəsində çalışan Emrah Altındiş kimi təqdim edən bir türk Gülə verdiyi suallarla zalda olanları şoka salıb.

E.Altındiş “Siz Ankarada yaşayırsınız. Kızılayda Ethem Sarısülük adlı vətəndaş başından güllə ilə vuruldu. Onun qatili hazırda azadlıqdadır. Siz belə bir dövlətin başında olmaqdan utanmırsınızmı? Əllərinizdən qan axır. “Gezi parkı” hadisələrində ölən Berkin Elvan 14 yaşında idi. Sizin baş naziriniz Ərdoğan 14 yaşındakı uşağa “terrorist” deyir. Bunu görmürsünüzmü? Necə burada bizə demokratiya yalanları deyirsiniz? Gecələri necə rahat yatırsınız...” sualları ilə A.Gülə müraciət edib.

Abdulla Gülə bu sualların Gəzi Parkı hadisələrinin ildönümü ərəfəsində ünvanlanması da təsadüfi sayıla bilməz: müəyyən qüvvələr xalqı hökumətə qarşı etirazlara səsləyir.

Bunun üçün isə hazır olanlar kifayət qədərdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm