• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türk ittifaqı niyə yaranmır? Vaşinqtonun “türk planı” –Təhlil

  • Dünya
  • 5 İyun 2014 16:21
  • 520 Baxış
Türk ittifaqı niyə yaranmır?  Vaşinqtonun “türk planı” –Təhlil

Bu gün Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı işə başlayıb. Toplantıda Türkiyə prezidenti Abdulla Gül, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov, eləcə də adı çəkilən ölkələrin xarici işlər, mədəniyyət və turizm nazirləri iştirak edirlər.

Toplantı neçə illərdir ki, müzakirə olunan bir sualı yenidən gündəmə gətirdi: Türk ittifaqı yaradıla bilərmi? Düzdür, artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Parlament Assambleyası, Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) kimi qurumlar fəaliyyətə başlayıb. Ancaq bütün bu qurumlar türk ittifaqı anlamına gəlmir. Sual olunur ki, məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı kimi iqtisadi, NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi hərbi ittifaqlar yaradılmasın? Sözügedən formatlar çərçivəsində türk dövlətlərinin bir qurumda birləşməsi üçün kifayət qədər maneələr var.

Türkdilli dövlətlər birliyinin yaradılmamasının kökündə isə əsas səbəb bu ölkələrdə fərdi müstəqillik, maraq və hədəflərin hələ daha güclü olmasıdır. Ona görə də qarşılıqlı münasibətlərdə həddindən artıq yaxınlaşmaq istəyi yoxdur. Müstəqillik hissi bu dövlətləri çox yaxınlaşmağa imkan vermir. Müəyyən dövrdən sonra bu məsələnin aradan qalxacağına ümid var.

Yaxınlaşmanın qarşısını alan digər səbəb isə beynəlxalq amillərdir. Hər türk dövlətinin beynəlxalq münasibətlərdə müxtəlif dövlətlərlə bağlılığı var. Türk dövlətləri digər beynəlxalq təşkilatların, birliklərin üzvləridir. Ona görə də daha çox orada, yəni beynəlxalq aləmdə böyük dövlətlərlə münasibətlərdə öz mövqelərini həll etmək istəyirlər. Bu münasibətlər də istər-istəməz türk dövlətlərinin tam yaxınlaşmasına mane olur.

Hesab etmək olar ki, burada ikinci səbəb daha önə çıxır. Məsələn, türk dövlətləri olan Qazaxıstan və Qırğızıstan Rusiyanın lideri olduğu hərbi təşkilat KTMT-nin üzvləridir. Türkiyə isə daha güclü hərbi alyans NATO-nun üzvüdür. Bu baxımdan onların yeni bir hərbi ittifaqda təmsil olunması mümkün görünmür. Türk dövlətlərindən olan Qazaxıstan 29 may tarixində əsası qoyulan Avrasiya İqtisadi İttifaqın üzvüdür. Qırğızıstan isə quruma üzv olmağa hazırlaşır. Türkiyə də rəsmi Bişkekin bu qərarına qarşı deyil. Türk ittifaqının yaradılmasına digər bir maneə isə Avrasiya İttifaqına Türkiyənin də cəlb edilməsi ilə bağlı Kremlin ideyasının reallaşması ola bilər. İstənilən halda Moskva başa düşür ki, türkdilli ölkələrin iqtisadi ittifaq yaratması onun geostrateji maraqlarına ziddir. İndiki halda daha real görünən odur ki, Rusiya Avrasiya İttifaqını məhz türk dövlətləri olan Qırğızıstan, Türkmənistan, Özbəkistan və Azərbaycan hesabına genişləndirə bilər. Bu ölkələrin Moskvanın əlindən çıxması isə olun “Yeni SSRİ” planını suya düşürə bilər. Baxmayaraq ki, 40-a qədər ölkənin Avrasiya İttifaqına qoşulmaq istədiyi barədə informasiyalar gündəmə buraxılır. Amma hamı başa düşür ki, bu Qərbə qurumun perspektivi ilə bağlı verilən mesajlardan başqa bir şey deyil.

Türk ittifaqının yaradılmasına əngəl törədən daha bir səbəb isə bu ölkələrin özlərinin da istəkli olmamasıdır. Nursultan Nazarbayev hər nə qədər müstəqil kimi görünən bəyanatlar versə də, Qazaxıstan şimal qonşusundan çəkindiyi dəqiqdir. Türk dövlətlərinin yaxınlaşmasında önə çıxacaq ölkə olan Türkiyə ilə bağlı da müəyyən problemlər var. Ən əsası bu ölkə NATO-nun üzvüdür və Brüsselin maraqlarına uyğun olmayan addımlar atmaq imkanında deyil. Türkiyə rəsmiləri Qərbə mesaj olaraq istər Avrasiya İttifaqı, istərsə də Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı bəyanatlar versə də, rəsmi Ankaranın prioriteti Avropa İttifaqıdır. Belə bir görüntü var ki, Ankara türk dövlətlərinin yaxın perspektivdə təsirli bir birliyə çevriləcəyinə də şübhə ilə yanaşır.

Türk dövlətlərinin yaxınlaşmasında əsas maneələrdən biri də siyasi liderlərin ehtiyatlı davranış nümayiş etdirməsidir. Türkmənistan və Özbəkistan hələ də Türkdilli Dövlətlərin Parlament Assambleyasına qoşulmayıb. Amma bu qurum nə Rusiyanı, nə də Qərbi qıcıqlandırır. Burada Özbəkistan rəhbərliyinin mövqeyi xüsusi maraq doğurur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantılarına adətən qatılmayan Özbəkistanın bu dəfə ənənəni pozacağı gözlənilsə də, bu baş vermədi.

İndiki halda türk dövlətlərinin müxtəlif ittifaqlarda birləşməsi yalnız ABŞ-ın maraq dairəsində ola bilər. Rusiyadan başqa Çinə də Türkiyənin Orta Asiyanın türk dövlətlərində mövqeyini gücləndirməsi heç bir halda sərf etmir. Pekin Türkiyəni regiona buraxmamaq üçün Moskva ilə çəkici eyni nöqtəyə vurmağa hazırdır. ABŞ-ın isə bölgədə möhkəmlənməklə bağlı müəyyən problemləri var. ABŞ-ın regionda möhkəmlənməsi isə birbaşa olaraq müttəfiqi olan Türkiyənin burada möhkəmlənməsindən keçir. Bunun üçün isə regiondakı türk dövlətlərinin Türkiyə ilə yaxınlaşmasına yardım etməkdir. Baxmayaraq ki, bu Vaşintonun geostrateji maraqlarına tam olaraq uyğun gəlmir. Amma türk dövlətləri ilə soy kökü, tarixi və mədəniyyəti eyni olan Türkiyənin köməyindən istifadə etmədən Rusiya və Çinə burada qalib gəlmək ABŞ üçün çətin ola bilər.

Ümumi görüntü budur ki, türk ittifaqı yaranacaqsa, bu, hansısa supergücün istədiyi üçün baş verəcək. Türk dövlətlərinin çəkili bir ittifaqda birləşməsi təşəbbüsünün özlərindən gəlməsi perspektivi isə çox azdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR