Poroşenko: “Andiçmədən sonra Ukraynanın şərqində vəziyyət nizama salınacaq”
Bizi izləyin

Dünya

Poroşenko: “Andiçmədən sonra Ukraynanın şərqində vəziyyət nizama salınacaq”

Poroşenko: “Andiçmədən sonra Ukraynanın şərqində vəziyyətin nizama salınacaq”

Bu gün Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ilə Rusiya prezidenti Vladimir Putinin Normandiyada ilk görüşü baş tuta bilər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Nezavisimaya gazeta” nəşri yazıb.

Rəsmi görüş planlaşdırılmasa da, hər iki lider jurnalistlərə açıqlamasında müzakirələrin istisna edilmədiyini deyib. Bundan əvvəl isə ABŞ prezidenti Barak Obama Varşavada P.Poroşenko ilə görüşüb. B.Obama V.Putini Ukrayna prezident seçkilərinin nəticəsini tanımağa və ölkənin şərqində vəziyyəti nizama salmaqda Ukrayna hakimiyyətinə yardım etməyə çağırıb.

Ukraynanın beşinci prezidentinin inaqurasiyası sabah olacaq. Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib ki, rəsmi mərasimə beynəlxalq təşkilatların rəhbərləri, dövlət başçıları və hökumət rəhbərləri dəvət edilib. Artıq 20 prezidentin inaqurasiya mərasimində iştirakı təsdiqlənib. Mərasimdə Rusiyanın hansı səviyyədə təmsil olunacağı məlum deyildi. Nəhayət, bu həftə Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis keçirdiyi brifinqdə Rusiyanın Ukraynadakı müvəqqəti işlər vəkili səviyyəsində dəvət edildiyini bildirib. Məlum olduğu kimi, Viktor Yanukoviçin 24 Fevral tarixində qaçışından dərhal sonra Rusiya səfir Mixail Zurabov məsləhətləşmələr üçün geri çağırılıb.

Kiyevdə bildirirlər ki, V.Putinin inaqurasiyaya dəvət edilməməsi bugünkü görüşə və Rusiya-Ukrayna münasibətlərinin ümumi atmosferinə təsir etməyəcək. Ukraynalı analitik Aleksey Qaran hesab edir ki, Rusiya prezidentinin inaqurasiya mərasiminə dəvət edilməsi Poroşenkoya səs verən xalqın ciddi etirazına səbəb olardı: “Təsəvvür edin ki, Putini inaqurasiya mərasiminə dəvət etdilər. Buna ukraynalılar necə yanaşacaq? Onlar deyəcək ki, ərazimizin bir hissəsini əlimizdən alan və ölkənin şərqində silahlı qruplaşmaları dəstəkləyən Rusiya prezidenti niyə dəvət edilsin”.

Digər bir ukraynalı ekspert Vladimir Zastava isə hesab edir ki, hazırkı vəziyyətdə Putinin dəvət edilməsi hətta Kremli də təəccübləndirərdi.

A.Qaran əlavə edib ki, bütün dünya Rusiya ilə eyni məxrəcə gəlməmək xətti seçdiyi üçün belə bir vəziyyətdə Kiyev-Moskva ikitərəfli danışıqların keçirlməsi qeyri-mümkün görünür. “Danışıqlar əvvəlki, yəni, Ukrayna-Rusiya-Avropa Birliyi-ABŞ formatında keçirilməlidir”, - ekspert bildirib.

P.Poroşenkonun seçkilərdən əvvəl verdiyi bəyanatlar sərtliyi ilə diqqət çəkir. Bu bəyanatlar onu deməyə əsas verir ki, onun siyasi xətti Aleksandr Turçinovun siyasətinin davamı olacaq. O, bildirib ki, Ukrayna Krımın Rusiya ərazisi kimi tanımır və muxtar respublikanın geri qaytarılması üçün mübarizə aparacaq. Bu həftə isə Varşavada olan Poroşenko Rusiya Federasiyasının Ukraynanın şərqindəki separatçıları dəstəkləməsi ilə bağlı Kiyevin çoxsaylı sübutlara malik olduğunu deyib.

Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Stanislav Reçinski də jurnalistlərə bildirib ki, Rusiyadan gələn silahlılar Rusiya ordusunun istifadəsində olan avtomatlar, qumbaraatanlar və ağır silahlara malikdir. S.Reçinski qeyd edib ki, Ukraynanın ərazisinə keçmək də hazırda çox asandır. O, Rusiya-Ukrayna sərhədinin şərti xarakter daşıdığını deyib.

ABŞ-ın dövlət katibi Con Kerri isə P.Poroşenkodan xahiş edib ki, Ukraynanın şərqindəki hadisələrdə Rusiyanın iştirakını sübut edəcək dəlilləri versin. V.Putin Fransanın “Avropa-1” telekanalına müsahibəsində Kiyev, eləcə də Vaşinqtondan səslənən ittihamları rədd etməsinə baxmayaraq, Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis başqa cür deyir: “Rusiya sərhədçiləri sərhədi pozaraq Ukraynaya keçənlərə fəal yardım edirlər. Ukrayna Rusiya Federasiyası vətəndaşlarının Donetsk və Luqansk vilayətlərindəki terror qruplaşmalarının fəaliyyətində iştirak etdiyi barədə inandırıcı sübutlarına malikdir. Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın xeyli diversantını saxlayıb. Təhlükəsizlik Xidməti həmçinin qanunsuz silahlı qruplaşmalarının maliyyələşdirilməsi sxemləri və silahların çatdırılması sistemini aşkar edib. Bütün sübutlar foto və videomateriallar, eləcə də audioyazılar şəklindədir. Biz onları daim beynəlxalq təşkilatların, o cümlədən BMT və ATƏT-in nümayəndələrinə veririk. Rusiyalıların Rusiya silahı ilə Şərqi Ukrayna ərazisində vuruşduğunu asanlıqla hətta internetdən də izləmək mümkündür. Ukraynanın qərb tərəfdaşları da sübutların orijinallığından əmin olublar”.

Kiyevdə hesab edirlər ki, Rusiya siyasi oyunlarla məşğuldur və növbəti addıma keçmək lazımdır. Növbəti addımlara gəlincə, bunlara Rusiya ilə sərhəd rejiminin sərtləşdirilməsi, həmçinin Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyətin tətbiqi daxildir. Ali Radada Rusiya ilə sərhədin bağlanılması və viza rejiminin tətbiq edilməsi barədə çağırışlar yenidən səslənib. Artıq ABŞ da sərhədlərin müdafiəsinin gücləndirməsi üçün Ukraynaya texniki yardım etməyə hazır olduğunu bildirib.

P.Poroşenko bu bəyanatı isə Rusiyaya xəbərdarlıq mesajı sayıla bilər: “Andiçmə mərasimindən sonra Ukraynanın şərqində vəziyyətin nizama salınması üçün əlavə imkanlar yaranacaq”.

Kiyev iyunun 7-dən sonra separatçılara yerini göstərmək niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm