Ankara -Tehran: Orta Şərqi “qazanmağa” kim daha yaxındır?
Bizi izləyin

Dünya

Ankara -Tehran: Orta Şərqi “qazanmağa” kim daha yaxındır?

Ankara -Tehran: Orta Şərqi “qazanmağa” kim daha yaxındır?

İran prezidenti Həsən Ruhani bu gün Türkiyəyə səfər edir. Məqsəd ikitərəfli münasibətləri gücləndirməkdir. H.Ruhani iyunun 9-da Tehranı tərk etməzdən öncə iki ölkənin bütün sahələr üzrə əməkdaşlığını “vacib” adlandırıb. Amma yaddan çıxarmayaq ki, iki ölkə regional nüfuz uğrunda mübarizə aparır və Suriya müharibəsi üzrə dərin ziddiyyətləri var.

Türkiyəli Orta Şərq mütəxəssisi Mahmud Akpınar İran-Türkiyə və Qərb üzərindən Orta Şərq analizlərini “Ərəb Baharı, yoxsa İran atəşi” kitabında toplayıb. M. Akpınara görə, bölgədə məzhəblərarası qarşıdurma mühiti dövlətlər səviyyəsində qaldırılmağa cəhdlər göstərilir. Ümumilikdə, Orta Şərqdəki proseslərin analizinin verildiyi kitab Türkiyə-İran münasibətləri baxımından bəzi qənaətlərə gəlməyə imkan verir.

Publika.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, kitabda İran-Qərb döyüşünün, əslində, bir manipulyasiya olduğu, Qərbin hər müdaxiləsinin İranın işinə yaradığı, bölgədə İran üçün meydanın açıldığı göstərilir.

“Bununla da İsrail-İran düşmənliyi düşmən qardaşların oyunu olaraq önə çıxır”, – qəzet yazır. M.Akpınar kitabında etnik qütbləşmələr və daxili qarşıdurmaların bölgəni əhatə etdiyini, Orta Şərqdə “bahar”ın yalandan başqa bir şey olmadığını, Türkiyənin də Suriya vasitəsilə bu yalana daxil edildiyini vurğulayır.

Kitabın demək istədikləri aşağıdakı şəkildə qruplaşdırılıb.

Radikalizmi kimlər qızışdırır?

Qərb İranı vursa belə, şiəliyi vurmaz. Bəlkə də, İranı vurmaqla həm İranın nüvə gücünü məhv etməyi, həm də islam coğrafiyasında şiəliyini yayılmasını və radikalizmin alovlanmasını istəyirlər. Şiə mədəniyyətində radikalizm, mühafizəkarlıq anlayışları güclüdür. Qərbin və İsrailin hədəflərindən birinin də bu anlayışların qabardılması olduğu düşünülə bilər.

İki ölkənin hərəkət gücü müqayisə edilə bilməz

Türkiyə İranla bir müharibəyə girərsə, II Bəyazıd dövründə olduğu kimi türk cəmiyyətindəki bir çox müxalif seqmenti hərəkətə keçirə, ölkəni bir xaosa sürükləyə bilər. Türkiyədə çox az şiə olmasına, İranda 30 milyon azərbaycanlı, 20-25 milyon sünni olmasına baxmayaraq, İranın Türkiyə daxilindəki hərəkət gücü Türkiyənin İran daxilindəki hərəkət gücü ilə müqayisə edilə bilməz.

Embarqonu öz maraqları naminə pozdular

Embarqolardan ən çox faydalanan və embarqonu pozan da Qərbin özü oldu. Dünya ölkələrini sanksiyalara qoşulmağa cəlb etdilər, ancaq özləri İran bazarında inhisarçı mövqeyi ələ keçirdilər. Bu gün İrandakı ən böyük xarici sərmayə Qərbindir. Qərbin İranla münasibəti və ticarət dövriyyəsi Türkiyədən daha yaxşıdır. Böyük güclər müxalifəti də özləri yaradırlar və onlar vasitəsilə siyasətini yürüdürlər. Necə ki, Türkiyəyə kommunizmi gətirəcəyindən narahat olduğumuz solçu qrupların ABŞ və NATO tərəfindən silahlandırılaraq istiqamətləndirildiyini yaxın illərdə öyrəndik.

Suriyada əslində nə etmək istəyirlər?

Bu şiə oxu meydana gəlib və bu oxun lideri İrandır. Bir sünni-şiə qütbləşməsi və nifrəti yaradılıb. İran bu qütbləşməyə çox yaxşı xidmət edir. Suriyadakı vətəndaş müharibəsi bu qütbləşməni dövlətlər müstəvisinə çıxardı. İndi isə əsas məqsəd sünni blokun başına bir lider ölkə gətirərək iki qütbü vuruşdurmaqdır. Bu ölkənin Türkiyə olmasına çalışıldığı son bir neçə il ərzində yaradılan və qızışdırılan Türkiyə-Suriya gərginliyindən də görmək olar. Qərb Türkiyəni Suriyada qurban verdi. Türkiyə Suriya ilə isti siyasi-iqtisadi əlaqələr qurmuşdu və avtoritar Əsəd rejimi də getdikcə yumşalırdı. Amma Qərb Suriya müxalifətini rejimin üzərinə qaldırdı və Türkiyəni də “müxalifətin himayəçisi” mövqeyinə gətirərək atəşə itələdi.

Dərin dövlətin yerinə yenisi qoyulmadı

Əgər İranla Türkiyə üz-üzə gəlsə, Türkiyə çox zəif və təsirsiz hala düşər. Türkiyə iqtisadi baxımdan daha güclü görünə bilər, ancaq Türkiyənin dövlət refleksləri İranla müqayisə edilə bilməz. İran güclü və təsirli bir dövlətdir. Türkiyədən daha fərqli etnik quruluşu olmasına baxmayaraq, möhkəm bir dövlət nüvəsi və təsirli təşkilatlara malikdir. Hökumət dövlət demək deyil. Bizdə güclü bir hökumət ola bilər, ancaq güclü bir dövlət yoxdur. Yaxın illərə kimi hökumətlərə və xalqa nəzarət edən müxalif bir dövlət var idi. “Ergenekon” iddiaları ilə son 3-4 ildə yaşananlar o dövləti, yəni dərin dövləti çox zəiflətdi. Ancaq onun yerinə hələ yenisi qoyulmayıb.

Türkiyə kürd kartından istifadə etməlidir

Yalnız dini, mədəni, tarixi baxımdan deyil, coğrafi olaraq da kürdlər və türklər birlikdə olmağa məcburdurlar. Buna görə də Türkiyə yalnız sərhədlərimiz daxilindəki kürd vətəndaşları ilə deyil, xaricdəki kürdlərlə də maraqlanmalıdır. Türkiyə kürdlərin problemlərini həll etməli, onlara yardım etməli, onları himayə etməlidir. Türkiyə kürd kartının başqası tərəfindən ona qarşı istifadə olunmasının qarşısını almalı və təşəbbüsə yiyələnməlidir.

"Müsəlmanları bir-biri ilə vuruşduraq"

İraq işğalının ABŞ üçün bir bataqlıq olduğu məlum olan günlərdə “qaranlıqlar şahzadəsi” adlandırılan Riçard Perl “müsəlmanlarla biz niyə döyüşürük? Bunları bir-biri ilə vuruşduraq” söyləmişdi. Bu gün bu siyasət incəliklə həyata keçirilir.

Təhdidlə gələn hegemonluq

İran ABŞ tərəfindən ərəb və Körfəz ölkələrində bir “çubuq” halına gətirilib. ABŞ İran “çubuğu”nu və təhdidi göstərməklə Körfəz və ərəblərə milyardlarla dollar silah satır, həm iqtisadiyyatını, həm də silah sənayesini inkişaf etdirir. ABŞ üçün bu coğrafiyada yaradılan süni gərginliyin məqsədi yalnız silah satmaqdan, ərəb ölkələrin pulunu sovurmaqdan ibarət deyil. Bu gərginliklər ABŞ üçün həm də həmin ölkələr üzərindəki siyasi-iqtisadi hegemonluğunu davam etdirmək imkanı verir.

Bütün bunlar isə deməyə əsas verir ki, Türkiyə və İran münasibətlərinin yaxşılaşdırılması istiqamətində bir sıra cəhdlər olsa da, bu cəhdlərin uğurlu olacağına müəyyən şübhələr var. Birincisi, regionda son vaxtlar bir-birinə qarşı olan şiə və sünni ittifaqlarının yaranması müşahidə edilir, Türkiyə və İran isə bu ittifaqlara liderlik etmək iddiasındadır. İkincisi, Suriya məsələsində İran və Türkiyənin mövqeyi 180 dərəcə bir-birindən fərqlənir. Suriya məsələsində ortaq nöqtələrin tapılması çox çətindir. Üçüncü faktor isə Qərbin İranla ehtimal edilən yaxınlaşmasıdır. İran-Qərb münasibətlərinin yaxınlaşması heç şübhəsiz ki, İran-İsrail münasibətlərinin yumşalmasına gətirib çıxara bilər. ABŞ başqa olmaqla Qərbin Yaxın Şərq siyasətində İran-İsrail ikilisinə istinad etməsi isə Ankaranı qıcıqlandırmaya bilməz.

Son geosiyasi proseslər isə Tehranın Ankaradan bir addım öndə olduğunu göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm