Həyəcan təbili: Ukrayna-Rusiya sərhədinin 100 kilometri “yoxa çıxdı”
Bizi izləyin

Dünya

Həyəcan təbili: Ukrayna-Rusiya sərhədinin 100 kilometri “yoxa çıxdı”

Həyəcan təbili: Ukrayna-Rusiya sərhədinin 100 kilometri “yoxa çıxdı”

Ukraynanın Donetsk vilayətinin Rusiya ilə təxminən 100 kilometrlik sərhədi hazırda mühafizəsizdir.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə unian.net saytı bildirib.

Saytın yazdığına görə, son bir həftədə terrorçuların ən aktiv hücumları Ukrayna-Rusiya sərhədində qeydə alınıb. Ukrayna Nazirlər Kabineti isə Rusiya ilə sərhəddəki səkkiz buraxılış məntəqəsinin müvəqqəti bağlanması barədə qərar verib. Ukrayna-Rusiya sərhədinin ümumi uzunluğu 2,3 min kilometrdir. Bu, Avropada iki dövlət arasındakı ən uzun sərhəddir.

Ukrayna saytının yazdığına görə, 23 illik müstəqillik dövründə rəsmi Kiyev bu sərhədi tamamilə təhlükəsiz hesab edib. “Ukrayna Rusiyadan müdafiə olunmaq üçün heç bir müdafiə strategiyasına malik deyildi”,sayt yazır.

“Sərhədin hər kilometrinə iki sərhədçi düşür. Bu nə mühafizədir?”, – Sunqurovski adına mərkəzin hərbi proqramlar direktoru Nikolay Razumkov təəccüblənir. O, sərhəd xidmətinin faktiki olaraq polis xidmətinə çevrildiyini, güc komponentinin minimallaşdırıldığını deyir.

Həqiqətən də , Ukrayna ordusunun Krımın Rusiya tərəfindən zəbt edilməsi zamanı, həm də ölkənin şərqindəki döyüşlərdə çox gücsüz təsiri bağışladığı bildirilir. Ukrayna parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin deputatı Yuri Sirotyuk 2012-ci ilin oktyabrında komitə iclasında sensasiya doğuracaq bir bəyanat verdi. “Əgər Ukrayna ordunun zəifləməsi tendensiyasının qarşısını almazsa və öz müdafiə strategiyasını dəyişdirməzsə, gələn ildə torpağımızda Rusiya qoşunlarını görəcəyik”, – ukraynalı deputat həyəcan təbili çalırdı.

Bu gün isə Sirotyuk “mən haqlı idim” deyir. Rusiya mart ayında Krım yarımadasını zəbt etdi. Rusiya həmçinin Şərqi Ukrayna ilə sərhəddə hərbi təlim adı altında qoşunu cəmlədi. Rusiya Ukrayna ordusuna qarşı vuruşan separatçılara qarşı hər çür dəstək göstərir.

Rusiyanın təcavüzkar siyasəti fonunda Kiyevdə ordunun necə möhkəmləndirilməsi yolları müzakirə edilir. Problemin sürətli həlli isə çox çətindir. Ordunun zəifləməsinin əsas səbəblərindən biri kimi korrupsiyanın kütləvi miqyası göstərilirsə, digər bir səbəb isə ölkənin antirus və antiavropa düşərgələrə parçalanması hesab edilir.

“Müstəqillik dövründə Ukrayna ordusu inkişaf etmirdi. Əslində, hər şey tam tərsinə idi”, – Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk deyir.

D.Tımçukun sözlərinə görə, ən böyük müvəffəqiyyətsizlik onunla bağlı oldu ki, hərbçilər məhz qonşu Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizə strategiyasını hazırlamadırlar.

Sovet İttifaqının dağılmasından sonra keçən 23 il ərzində Ukraynada hərbi xərclər hər il azalıb. Məsələn, 2002-ci ildə Ukrayna dövlət büdcəsinin təxminən 6,8 faizini müdafiəyə xərclədiyi halda, bu 2011-ci ildə bu rəqəm 4, 2013-cü ildə isə cəmi 3,6 faiz idi. Hərbi büdcənin azalması ilə Silahlı Qüvvələrin sayının ixtisarı paralel şəkildə gedirdi. İxtisarlar adətən “soyuq müharibə”nin başa çatması ilə izah olunurdu. Ukraynanın Silahlı Qüvvələrində 1992-ci ildə təxminən 780 min insan var idi. Bu rəqəm 2009-cu ildə 245 min oldu, bu gün isə 140 mindir. Onlardan yalnız 6 mini döyüş əməliyyatlarının aparılmasına hazırdır.

Ukrayna liderləri uzun illər özlərini 1994-cü il Budapeşt memorandum ilə sakitləşdirirdi. Hansı ki, Ukrayna həmin müqavilə ilə sovet dövrünün nüvə silahından müstəqilliyi və ərazi bütövlüyünə verilən zəmanət əvəzində imtina etdi. Kiyevə bu zəmanəti ABŞ, Böyük Britaniya və Rusiya vermişdi.

Sirotyuk bildirir ki, 2010-cu ildə Ukrayna ordusunun ideologiyasında Rusiyaya tərəf kəskin dönmə baş verdi. Ukrayna müttəfiqi və müdafiəçisi olaraq Rusiyaya etibar etdi. Yenidən seçilmiş prezident Yanukoviç hesab etdi ki, Silahlı Qüvvələrə pul qoymağa ehtiyac yoxdur.

Bunun əvəzində isə o, daxili təhlükəsizliyin təminatı ilə məşğul olan milisin və başqa güclərin inkişafına xüsusi diqqət yetirməyə başladı. “Hamı bilirdi ki, milis insanları müdafiə etmir. Eyni zamanda Ukrayna ordusu tənəzzül edirdi”, – Sirotyuk təəssüf hissi keçirir.

Yanukoviç 2010-2013-cü illərdə 25 hərbi bazanı yerli hakimiyyətlərə verdi. Yerli hakimiyyətlər isə onları isə şəxsi şirkətlərə kirayə verməyə başladılar. Hökumət 2013-cü ilin noyabrında orduya məxsus 96 bina və torpaq sahəsi ötürülməsi planını hazırladı.

“Və indi nə oldu? Rusiya təcavüzkar oldu, amma Budapeştdə razılaşmanı imzalayan ölkələr susurlar”, –Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk deyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm