Qərbin “rəhm”ə gəlməsinin sirri: Əsəddən “dost” olarmı?
Bizi izləyin

Dünya

Qərbin “rəhm”ə gəlməsinin sirri: Əsəddən “dost” olarmı?

Qərbin “rəhm”ə gəlməsinin sirri: Əsəddən “dost” olarmı?

Raket atışları altında keçsə belə, Suriyada prezident seçkisinin nəticələri məlumdur. Ölkə tarixində ilk dəfə olaraq, bir neçə şəxsə prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürmək hüququ verilmişdi.

Amma nəticə hazırkı rejimin istədiyi kimi oldu. Suriya prezidenti Bəşər Əsəd seçicilərin 88,7 faizinin səsini toplayaraq növbəti dəfə dövlət başçısı seçilib. Suriyanın SANA rəsmi xəbər agentliyi isə bildirib ki, beynəlxalq müşahidəçilər seçkinin şəffaf keçdiyini açıqlayıb. Bu fikirdə olan beynəlxalq müşahidəçilərin bir hissəsi, təbii ki, Rusiyanı təmsil edirdi. Bir çox dövlətlər və beynəlxalq təşkilatların diqqət mərkəzində olan Suriyadakı prezident seçkisinin nəticələrinə ilk reaksiya gözlənildiyi kimi Amerika Birləşmiş Ştatlardan gəlib. ABŞ-ın dövlət katibi Con Kerri milyonlarla vətəndaşın səsvermə hüququndan məhrum olduğunu nəzərə alaraq prosesin heç bir məna kəsb etmədiyini bildirib. Con Kerri deyib ki, prosesi seçki adlandırmazdım: “Nəticələri, sadəcə, nəhəng sıfırla ifadə etmək olar. Ən azından ona görə ki, milyonlarla vətəndaş səsvermə imkanına malik deyildilər, üstəlik, onların seçimləri də yoxdur. Ona görə də seçkilərdən sonra heç nə dəyişmədi. Münaqişə həmin münaqişədir. Terror və qətliamlar, köçkünlərin problemləri də qalmaqdadır”. Seçkilər başa çatdı və yeni prezident də məlumdur.

Bəs bundan sonra nə olacaq?

Bu ilin may ayının 31-dən BMT-nin və Ərəb dövlətləri Liqasının Suriya münaqişəsi üzrə nümayəndəliyindən imtina edən Lahdar Brahiminin son bəyanatı diqqət çəkir. O bildirib ki, bir çoxlarının gözləntilərinə baxmayaraq, Suriya parçalanmayacaq. Əksinə, o, Suriyanın müxtəlif bölgələrdə kiçik qrupların hakimiyyətinin yaranacağı bir ölkəyə çevriləcəyini deyib. Keçmiş vasitəçi həmçinin bildirib ki, sülh səyləri əvəzinə hərbi səylərin dəstəklənməsi Suriya vətəndaş müharibəsinin ölkə hüdudlarını aşmasına gətirib çıxaracaq.

Ölkədə vətəndaş müharibəsi davam edir və 44 ildir hakimiyyətdə olan Əsəd ailəsinin varisi Bəşər Əsəd son seçkilərlə təslim olmaq niyyətində olmadığını bir daha göstərdi. B.Əsəd bir müddət əvvəl rusiyalı deputatlarla görüşdə “Əgər təslim olmaq istəsəydik, lap əvvəldən təslim olardıq. Biz vətənin keşiyindəyik”, – söyləmişdi.

Qərb rəhmə gəlib?

ABŞ Suriyada keçirilən prezident seçkilərinin nəticəsini tanımadığını ifadə etdi. Amma ümumilikdə ABŞ başda olmaqla Qərb dünyasından gözlənilən reaksiya verilmədi. Hazırkı proseslər isə deməyə əsas verir ki, Qərb Suriya böhranının ilk vaxtlarından fərqli olaraq Əsədə qarşı daha loyaldır. Əslində, dünyanın nüfuzlu analitiklərinin fikirləri də əsasən bu istiqamətdə idi ki, Qərb dünyası B.Əsədin yenidən prezident seçilməsinə maneə olmaya bilər. Vətəndaş müharibəsinin başlanmasından bu yana Vaşinqtonun rəhbəri olduğu Qərb dünyası Suriya rəhbərliyi ilə bağlı mövqeyinin getdikcə sərtləşirdi. Ötən ilin ortalarında min nəfərdən çox insanın kimyəvi silahın istifadəsi nəticəsində ölməsindən sonra çoxları ABŞ-ın Suriyanı bombalayacağı və Əsədin nəhayət Liviya lideri Müəmmər Qəddafinin taleyini yaşayacağı saatı gözləyirdi. ABŞ dövlət katibi C.Kerri Əsədin öz xalqına qarşı kimyəvi silah işlədərək Adolf Hitler və Səddam Hüseyn kimi adların olduğu siyahıya öz adını yazdırdığını söyləmişdi. Lakin kimyəvi silahın Əsəd rejiminin əlindən alınması və məhv edilməsi ilə bağlı Moskvanın təklifi Vaşinqton tərəfindən qəbul edildi və bombalanma təhlükəsi də aradan qalxdı. Hətta C.Kerri Dəməşqin kimyəvi silahların məhvi razılaşmasında əməkdaşlığını tərifləmişdi. Deməli, Qərbə lazım olan əsas şey İsrailin təhlükəsizliyinə təhdid olan Suriyanın kimyəvi silahları idi. Suriya kimyəvi silahlardan məhrum edilibsə, deməli Əsəd zərərsizləşdirilib. Bu məqamda Rusiyanın iddialarını xatırlatmaq yerinə düşər. Məlum kimyəvi silah hücumu zamanı Qərb dünyası Əsədi asıb-kəsdiyi bir vaxtda, Moskva iddia etdi ki, hücumla bağlı görüntülər əvvəlcədən hazırlanıb. Qərb üçün indi başqa bir təhlükə var: Radikal islamçı qruplar. Təsadüfi deyil ki, son vaxtlar dünya KİV-lərində Əsəd qüvvələrinin bombardmanları deyil, daha çox “Əl-Qaidə”yə yaxın radikal islamçı qruplar olan “Əl-Nüsra” Cəbhəsi və “İraq və Şam İslam Dövləti” əsas rol oynadığı zorakılıq hadisələri ilə bağlı xəbərlərin sayı artmağa başladı. Bu xəbərlərin daha çox Qərb mətbuatında yer alması da təsadüf sayıla bilməzdi. BBC-də dərc olunan bir yazıda da Qərbin Əsədə münasibətindən danışılır. Müəllifi Paul Adams olan “Əsəd “pisin yaxşısı bir variant” ola bilərmi?” başlıqlı yazıda qeyd olunur ki, Qərbin Əsədlə birlikdə olmağın ona qarşı olmaqdan daha çox şey qazandıracağı ilə bağlı düşünməyə başladığı görünür. Onun fikrincə, Suriyada keçirilən prezident seçkiləri də bunu göstərdi.

“Başqa variant yoxdur”

Müəllif yazır ki, bu ABŞ və ya İngiltərənin açıq söylədiyi bir fikir olmasa da, verilən bəyanatlar müəyyən fikrə gəlməyə əsas verir. Bir həftə əvvəl ABŞ-ın keçmiş və nüfuzlu diplomatlarından biri olan Ryan Kroker “New York Times” qəzetinə açıqlamasında bildirib ki, Əsəd rejimi ilə yenidən danışmağa başlamağın zamanı gəlib. Kroker “Əsəd pis olsa da, onu əvəzləyəcək cihadçılar qədər pis deyil” söyləyib. İraq və Suriyada səfir işləyən diplomat müəyyən mövzularla əlaqədar bir dialoqdan bəhs etdiyini və bunun çox səssiz şəkildə edilməsinin vacib olduğunu vurğulayıb. Amma digər siyasi analitiklər daha da irəli gedir. ABŞ-ın Oklahoma Universitetinin Yaxın Şərq Mərkəzinin rəhbəri Josua Landis açıq şəkildə bildirir ki, Əsədin qalmalı olduğu söylənilməlidir. “Başqa bir çarə yoxdur”, – ekspert deyir. Landis vətəndaş müharibəsinin lap əvvəlindən Suriyada üsyançıların silahlandırılmasına qarşı çıxırdı. O, “Əl-Qaidə” ilə əlaqəsi olmayan islamçı təşkilatların yer aldığı və yeni yaradılan İslami Cəbhə ilə sınaq xarakterli təmasların da yaxşı nəticə verməyəcəyini vurğulayır. Landis “səfir Kroker öz fikirlərini ifadə edir, amma ola bilər ki, o, Xarici İşlər Nazirliyinin də nə düşündüyünü bilir”, – deyir. ABŞ Konqresinin üzvləri də Suriyada radikal islamçı təşkilatların güclənməsindən narahatlığını dilə gətirirlər. Nümayəndələr Palatası kəşfiyyat komissiyasının başçısı Mayk Rogers də Suriyadakı hadisələrin gedişatından narahat olan rəsmilərdəndir.

“Əsəd bizim adamımız” deyilməsi ABŞ üçün yeni cəhbə aça bilər

P. Adams hesab edir ki, belə bir vəziyyətdə B.Əsəddən imtina edilməyəcəyi görünür. ABŞ-ın NATO-dakı keçmiş səfiri, dövlət katibinin müavininin keçmiş köməkçisi Kurt Volker “Əsədi problem olaraq görmək əvəzinə ortağımız halına gətirdik” deyir. Avropa İttifaqının rəsmilərindən olan Daniel Levi isə B.Əsədi saxlamağın çox çətin olduğunu düşünür: “ABŞ onsuz da İran mövzusunda Səudiyyə Ərəbistanı ilə qarşıdurma vəziyyətindədir. “Əsəd bizim adamımız” deyərək başqa bir cəhbə açılması çox aşağı bir ehtimaldır”. “Suriya lideri Əsəd qısa bir müddətdə, bəlkə də, “Günün adamı” olmaya bilər. Ancaq cəbhədə qazandığı uğurlar, Qərbin kimyəvi silahlarından təcili olaraq xilas olma istəyi və cihadçıların ölkəyə axını Əsədlə bir müddət əməkdaşlıq ediləcəyi kimi bir görüntü yaradır”, – BBC müxbiri qeyd edir. Yeri gəlmişkən, Bəşər Əsəd rejimi də Qərbdə belə bir mövqeyin formalaşdığını görərək üsyançıları məğlub etdiyini düşünür. Belə olmasaydı, rejim xarici ölkə turistlərini ölkəyə dəvət etməzdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm