Kremlin qorxduğu baş verdi: ABŞ xüsusi təyinatlıları Rusiya sərhədində
Bizi izləyin

Dünya

Kremlin qorxduğu baş verdi: ABŞ xüsusi təyinatlıları Rusiya sərhədində

Kremlin qorxduğu baş verdi: ABŞ xüsusi təyinatlıları Rusiya sərhədində

NATO-nun Şərqi Avropada keçirdiyi hərbi təlimlərdə iştirak edən ABŞ xüsusi təyinatlıları regionda qalacaq.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Röyter” xəbər agentliyi ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığına istinadən bildirib.

Xatırladaq ki, iki gün əvvəl “Saber Strike-2014” adı altında NATO-nun Litva, Latviya, Estoniya və Polşada geniş beynəlxalq təlimlərinə start verilib. Hərbi manevrlərdə 9 ölkədən 2 minə yaxın hərbçi iştirak edir. Təlimlər iyunun 20-nə qədər davam edəcək. NATO-nun “Saber Strike-2014” hərbi təlimi son aylar Rusiyanın Ukraynaya və Baltikyanı ölkələrə təhdidinə cavab kimi qiymətləndirilir.

Avropa xüsusi əməliyyatları üzrə komandanlığının rəsmi nümayəndəsi Nika Sternberq də NATO-nun şərq cəbhəsində ABŞ xüsusi təyinatlılarının daimi qalmasını dəstəklədiyini bildirib. Məlumata görə, hərbi təlimlərdə 100 ABŞ xüsusi təyinatlısı iştirak edir.

Eyni vaxtda Baltik dənizi, Danimarka və İsveçin dəniz sularında hələ iyunun 6-da başlayan “Baltops-2014” adlı beynəlxalq təlimlər davam edir. Bu hazırlıq prosesində Böyük Britaniya, Almaniya, Gürcüstan, Danimarka, Latviya, Litva, Hollandiya, Polşa, ABŞ, Finlandiya, Fransa, İsveç və Estoniyanın gəmi və hərbi təyyarələri iştirak edirlər. Bu manevrlər isə iyunun 21-də başa çatacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Rumıniyaya səfər edən amerikalı senator Con Makkeyn NATO-nun Avropada hərbi gücünün artırılacağını bildirib. Lakin o, bunun hərbi bazalar hesabına baş verməyəcəyini deyib. Senatorun sözlərinə görə, ABŞ Konqresi NATO-ya üzv olan Şərqi Avropanın şərq sərhədlərində hərbi alyansın gücləndirilməsini təklif edəcək.

Daha əvvəl isə ABŞ prezidenti Barak Obama ABŞ-ın Şərqi Avropada hərbi baxımdan gücləndirilməsi üçün Konqresdən əlavə olaraq 1 milyard dollar istəyəcəyini bildirib. B.Obamanın sözlərinə görə, ABŞ yalnız NATO üzvlərinin deyil, həm də Ukrayna, Gürcüstan və Moldovanın təhlükəsizliyini təmin etmək niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm