Rusiya Azərbaycana silah satsın, ya yox? – Rusiyalı ekspertlər cavab verir
Bizi izləyin

Dünya

Rusiya Azərbaycana silah satsın, ya yox? – Rusiyalı ekspertlər cavab verir

Rusiya Azərbaycana silah satsın, ya yox? – Rusiyalı ekspertlər cavab verir

İşğaçılıq siyasətinə görə, regiondakı bütün iqtisadi layihələrdən Azərbaycan tərəfindən təcrid olunan Ermənistan ağır iqtisadi vəziyyətdədir. İrəvanın böyük ümidlər bəslədiyi Moskvanın isə Ermənistana pul xərcləmək niyyətində olmadığı açıq şəkildə görünür. Artıq ermənilərin özləri də etiraf edir ki, Ermənistan iqtisadi baxımdan Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir. Ermənistan Rusiya üçün yalnız hərbi kazarmadır.

Ermənistanı son illər narahat edən başqa bir məsələ də var. Bu genişlənən Rusiya-Azərbaycan hərbi əməkdaşlığıdır. Ermənilər iddia edir ki, Rusiyanın Azərbaycana satdığı silah və hərbi texnika güc balansının məhz Azərbaycanın xeyrinə dəyişməsinə gətirib çıxarıb. Erməniləri Rusiyanın Ermənistandakı səfiri İvan Volıkinin açıqlaması daha da əsəbiləşdirib. Səfir bildirib ki, söhbət yalnız Rusiyanın ticarət maraqlarından gedir.

Publika.az-ın verdiyi xəbərə görə, erməni analitiki İqor Muradyan rus ekspertlərinə müraciət edərək onların sözügedən məsələyə münasibətini soruşub.

Erməni analitik həmçinin Rusiyanın Azərbaycana silah satışının Rusiya-Ermənistan hərbi ittifaqının öhdəliklərinə nə dərəcədə uyğun olmasını və bunun tammiqyaslı müharibənin başlanmasına gətirib çıxarma ehtimalını soruşub. Həmin sorğunu təqdim edirik.

Rusiya Elmlər Akademiyası Şərqşünaslığı İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqanın öyrənilməsi Mərkəzinin rəhbəri Ələkbər Ələkbərov ermənilərin narahatlığını bölüşdüyünü bildirib.

Karnegi Fondunun Moskva ofisininin rəhbəri Dmitri Trenin cavabını bir neçə hissəyə ayırıb:

1. Silah ticarəti geosiyasətlə sıx bağlıdır. Rusiya da bu baxımdan istisna deyil. Moskva hərbi texnikasını Bakıya çatdıraraq pul qazanır. Əks halda, Azərbaycan silahı başqa mənbələrdən alardı. Eyni zamanda, Rusiya Azərbaycanı təsiri altında saxlamağa çalışır.

2. Mənim fikrimcə, Rusiyanın Ermənistanla bağlı ittifaq öhdəlikləri möhkəmdir. Rusiya Ermənistanın sərhədlərinin toxunulmazlığına zəmanət verir və Ermənistan ərazisində öz hərbi bazasını yerləşdirib. Bundan başqa, Rusiya Ermənistanı güzəştli qiymətlərlə silahlandırır. Əlbəttə, istənilən ittifaq qarşılıqlı öhdəliklərə əsaslanır. Ukrayna böhranından sonra yaranmış yeni vəziyyəti də nəzərə almaq lazımdır.

3. Mənim qiymətləndirmələrimə görə, Ermənistan və Azərbaycan arasında tammiqyaslı müharibə hazırda ağlasığmazdır. Əhəmiyyətlidir ki, xarici oyunçular – Rusiya, ABŞ, Türkiyə və İran belə bir müharibəni istəmirlər.

4. Ermənistan, əlbəttə ki, Rusiyanın siyasətini müzakirə etməkdə azaddır. Ancaq iki faktor nəzərə almalıdır. Birincisi, Rusiya və Qərb münasibətləri qarşıdurma elementləri ilə yeni dövrə daxil olub. “Soyuq müharibə”dən sonrakı 25 il ərzində belə olmamışdı. İkincisi, Rusiya Ermənistanın yeganə strateji müttəfiqi olaraq qalır. Əgər Ermənistanda kimsə müttəfiqi dəyişməyi istəyirsə, o halda suallar yaranır, yeni müttəfiqlər etibarlıdırmı, bu əvəzetmədən Ermənistan nə qazana bilər?

“Qlobal dünyada Rusiya” jurnalının baş redaktoru Fyodor Lukyanovun fikrincə, Ermənistana hər hansı bir təhlükə olacağı halda Rusiyanın ittifaq öhdəliklərini yerinə yetirməyə hazır olmadığı barədə fikirlərin heç bir əsası yoxdur. Rusiyanın Azərbaycana silah satışına gəlincə, F.Lukyanov ticarət faktorunun burada əsas olduğunu deyir: “Silah istehsal edən elə bir ölkə yoxdur ki, pul qazanmaq istəməsin. Rusiya, eyni zamanda, Cənubi Qafqazda Ermənistan-Azərbaycan arasında güc balansının saxlanmasında maraqlıdır. Rusiyanın Ermənistandakı bazasının mövcudluğu, ikitərəfli razılaşmalar, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın zəmanətləri bunu deməyə əsas verir. Azərbaycana çatdırılan silahlar müharibə riskini artırmır, hər iki tərəfin hərbi imkanları paritet saxlanılır”.

Rusiya Elmlər Akademiyası Şərqşünaslığı İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Aleksandr Skakov hesab edir ki, hazırda 3-5 il əvvəl bağlanılan hərbi müqavilələr icra edilir.

“Bu müqavilələr Dmitri Medvedevin prezidentliyi dövründə bağlanılıb. Müqavilələrin icra edilməməsi üçün ciddi əsaslar tələb olunur və böyük miqdarda cərimə ödənilməlidir. Bunu “S-300” zenit-raket kompleksinin satışı ilə bağlı İranla bağlanılan müqavilə timsalında da gördük. Mənin bildiyimə görə, yeni müqavilə yoxdur, yalnız danışıqlar var. Məsələn, sahil mühafizəsi sistemlərinin satılması barədə danışıqlar gedir. Çətin ki, belə sistemlər Ermənistanın təhlükəsizliyinə təhlükə olsun”.

Rusiya Elmlər Akademiyasının İMEMO təhlükəsizlik proqramının direktoru Aleksandr Arbatov isə hesab edir ki, Rusiya Azərbaycana silah satışını ciddi şəkildə məhdudlaşdırmalıdır.

Rusiya Strateji Tədqiqatlar İnstitutunun əməkdaşı, tarixi elmləri doktoru Əjdər Kurtoverməni ekspertin “vasvası” suallar verdiyini və buna görə də cavab verə bilməyəcəyini bildirib.

Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçix Rusiyanın ticari maraqları ilə bağlı deyilən fikirlərə inandığını deyib: “Sözsüz ki, Azərbaycana çatdırılan silahlar Qafqazda müharibənin riskini əhəmiyyətli dərəcədə artırır. Əlbəttə, Ermənistan Rusiyanın siyasətindən narazılığını ifadə etmək hüququna malikdir. Məsələn, NATO heç bir halda ittifaq üzvü olmayan ölkələrə yardım göstərməyəcək. Müvafiq olaraq, Ermənistan Azərbaycana çatdırılan silahlara görə Rusiyadan küsmək hüququna malikdir. Amma əgər ermənilərdə özlərini müdafiə etməyin elementar instinkti varsa, onlar var gücü ilə Rusiya-Ermənistan ittifaqını dəstəkləməlidir. Onlar NATO sabun köpüyünü həmişəlik unutmalıdır. Amma əsas motiv budur: Biz satmayacağıqsa, başqaları satacaq”.

Rusiya Elmlər Akademiyası ABŞ və Kanada İnstitunun əməkdaşı, tarix elmləri doktoru Sergey Samuylov Rusiyanın Azərbaycana silah satışını Moskvanın kobud xarici siyasi səhvi hesab edib: “Rusiya Azərbaycana satdığı silahlar Qarabağ münaqişəsini güc yolu ilə həll etmək üçün Bakını həvəsini artırır. Ermənistan bu məsələdə öz narazılığını söyləmək hüququna malikdir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm