Kərkükdən özəl xəbər: “İraq bölünəcək, bizi kürdlərə verirlər”
Bizi izləyin

Dünya

Kərkükdən özəl xəbər: “İraq bölünəcək, bizi kürdlərə verirlər”

Kərkükdən özəl xəbər: “İraq bölünəcək, bizi kürdlərə verirlər”

Özlərini “İraq və Şam İslam dövləti” adlandıran İŞİD qruplaşması Mosulu işğal etdikdən sonra Kərkükə doğru yol alıb. Artıq bir neçə kəndin işğal edildiyi haqda məlumatlar var.

Kərkükdən olan jurnalist Şəmsəddin Küzeci Publika.az-a özəl açıqlamasında bölgədəki durumu şərh edib. Onun sözlərinə görə, İŞİD bəzi bölgələrə, xüsusilə ərəb və sünni bölgələrinə girə biliblər: “Bir neçə türkmən-bayat kəndlərini – Yeniçi, Basqallını də işğal ediblər. Lakin Kərkükün mərkəzində heç bir problem yoxdur. Bu saata qədər Kərkükə daxil ola bilməyiblər”.

Ş. Küzeci hesab edir ki, İŞİD digər bölgələrə girə bilsə də, Kərkükə qədər gəlib çıxa bilməyəcək.

“Bura qədər uzun bir məsafə var, həm də bu məsafəni qət etmək üçün gərək müxtəlif bölgələrdə savaşa. Digər tərəfdən, İraq ordusu Kərkükdədir. Buna görə düşünmürəm ki, onlar mərkəzə qədər gələ bilsinlər”,– deyə o bildirib.

Kərküklü jurnalist ordakı türkmənlərin köçdüyü xəbərlər barədə də danışıb. Bildirib ki, mərkəzdə heç bir köç yoxdur. Onun sözlərinə görə, Kərkükün xarici bölgəsində köç yaşanır ki, bu da hər zaman baş verən təbii bir prosesə çevrilib.

Kərkükdən olan siyasi şərhçi Özdemir Hürmüzlü isə Publika.az-a maraqlı açıqlama verib. Siyasi şərhçiyə görə, İraq ordusu Mosuldakı kimi İraqda da heç bir müqavimət göstərmədən geri çəkilir: “Kərkükün mərkəzində sakitlikdir. Amma İŞİD Kərkükə bağlı Havica, Zap, Riyad kimi bölgələri ələ keçirib. Ən maraqlısı isə bu bölgələrdə olan İraq ordusu heç bir müqavimət göstərmədən geri çəkildi. Bir növ, qoyub qaçdılar”.

Ekspert qeyd edib ki, İŞİD Kərkükə daxil olarsa, bundan ən çox zərər çəkən türkmənlər olacaq. Çünki türkmənlərin əlində heç bir silah yoxdur və özlərini müdafiə edə bilməyəcəklər. Amma ərəblərin silahı var, kürdlərin isə silahlı polis dəstələri fəaliyyət göstərir. Bizim isə heç bir şeyimiz yoxdur. Bizim müdafiəsiz qalmağımızın günahkarı İraq hökuməti və kürdlərdir”.

Ö. Hürmüzlü bildirib ki, ortada gizli bir anlaşma var: “İraq bölünəcək və Kərkük kürdlərin əlində qalacaq. Çünki Kərkükdə hər şey kürdlərin idarəsi altındadır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm