Yeni Üsamə ben Laden: Şəriət, fiqh, islam tarixi və şeir mütəxəssisi
Bizi izləyin

Dünya

Yeni Üsamə ben Laden: Şəriət, fiqh, islam tarixi və şeir mütəxəssisi

Yeni Üsamə ben Laden: Şəriət, fiqh, islam tarixi və şeir mütəxəssisi

Suriyadakı vətəndaş müharibəsindən sonra Ukraynanın şərqində gedən şiddətli döyüşlər də arxa plana keçmək üzrədir. Səbəb isə “İraq Şam İslam Dövləti” (İŞİD) adlanan terror təşkilatının İraqın şimalında qlobal terroru yeni bir səviyyəyə daşımasıdır.

Bəs İŞİD-i bu səviyyəyə çatdıran kimdir?

İŞİD-in rəhbəri Əbubəkr əl-Bağdadidir. 2006-cı ildə qurulmasına baxmayaraq, Suriyadakı vətəndaş müharibəsində daha çox tanınan İŞİD-in qurucusu Əbubəkr əl-Bağdadinin şəkli ötən ayların birində “Time” jurnalının üz səhifəsinə də vurulmuşdu. Bağdadi İraq və Suriya başqa olmaqla Orta Şərqin gələcəyinə yeni şəkil vermək istəyən şəriətçi və silahlı bir təşkilatın lideri olaraq tanınır.

Kod adı “Əbu Dua”: Tam adı İbrahim bin Avad bin İbrahim əl-Bədri əl-Radavi əl-Hüseyni əl-Samarraidir. Peyğəmbər nəslindən olduğunu iddia edir və soyadına “Qureyşi” sözünü də əlavə edir. Kod adı “Əbu Dua”dır. İraqın Samara şəhərində doğulub və 43 yaşında olduğu deyilir. Evlidir, ailəsinin bir hissəsi Pakistanda yaşayır. Bağdaddakı İslam Universitetində doktorluğu müdafiə etdiyi üçün keçmişdə “doktor İbrahim Avad” olaraq da tanınıb. Şəriət, fiqh, islam tarixi və şeir mütəxəssisidir.

Zarkavinin intiqamı izində: Əl-Bağdadi ABŞ işğalının davam etdiyi bir vaxtda – 2006-cı ildə “İraq İslam Dövləti”ni (İRİD) qurub. Təşkilat “Əl-Qaidə”nin İraq qolunu quran və 2006-da öldürülən Əbu Musab əl-Zarkavinin intiqamını alacağına and içib. Əl-Bağdadi 2010-cu ildə özünü İRİD-in “əmir”i elan edib. ABŞ ordusunun 2011-ci ildə İraqdan çəkilməsi ilə yaranan boşluq İRİD-in işinə yarayıb və üzvlərinin sayı iki ildə 800-dən 10 minə çıxıb. Təşkilat 2012-ci ildə qanlı terror aktlarına başlayıb. 21 İyul 2013-cü ildə İraq işğalı dövründə ABŞ-ın “işgəncə bazası” olan “Əbu Gureyb” həbsxanasına hücum edərək 500-ə qədər “Əl-Qaidə” üzvünü sərbəst buraxıb. ABŞ əl-Bağdadinin başına 10 milyon dollar mükafat qoyub.

“Əl-Qaidə”ni belə hirsləndirdi: Əl-Bağdadinin vəhşi hücum taktikası və məzhəb qarşıdurmasını gücləndirməsi “Əl-Qaidə”nin mərkəz təşkilatını belə qəzəbləndirdi. İŞİD, adətən, bir çox “Əl-Qaidə”çi qruplar kimi “vur-qaç” taktikası tətbiq etmir. Əl-Bağdadi işğaldan əvvəl Mosulda belə “vergi” toplayırdı. 2013-cü ilin aprelində Suriyanın şimalında geniş torpaqları ələ keçərən əl-Bağdadi təşkilatın adını da İŞİD olaraq dəyişdirdi. “Əl-Qaidə”nin rəhbəri Ayman əl-Zəvahiri 2013-cü ilin yazında bir məktub yazaraq İŞİD-in ləğv edilərək Suriyadakı “mülayim şəriətçi” “Əl-Nüsra” Cəbhəsinə qatılmasını əmr etdi. Əl-Bağdadi isə bu əmrə itaət etmədi. İŞİD Suriyada həm rejimə, həm Azad Suriya Ordusuna, həm də “Əl-Nüsra” Cəhbəsinə qarşı döyüşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm