İŞİD-Əsəd əməkdaşlığı xəritələrdə
Bizi izləyin

Dünya

İŞİD-Əsəd əməkdaşlığı xəritələrdə

İŞİD-Əsəd əməkdaşlığı xəritələrdə

Terror təşkilatı “İraq Şam İslam Dövləti” (İŞİD) açıq şəkildə Suriyada vətəndaşlarını qətl edən dövlət başçısı Bəşər Əsədə işləyir.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə çıxış edən Türkiyə mətbuatı ortaya konkret xəritələr də qoyub.

Türkiyə mətbuatının yazdığına görə, bir il əvvəlki Suriya xəritəsi ilə bugünkü xəritə arasında böyük fərq var. Müxalifətin nəzarət etdiyi bölgələrdə qarətlə məşğul olan İŞİD rejimin ərazi bütövlüyünə də yardım edir. Təxminən 10 min silahlı ilə Hələbin şərqində yerləşən İŞİD-in ən böyük hədəfi isə Suriyada neftlə zəngin ərazilərdə hakimiyyətini elan etməkdir.

Müqayisəli xəritələrdən birincisi 2013-cü il may ayına aiddir. Qırmızı rənglə göstərilən bölgələr rejim, yaşıl bölgələr isə Azad Suriya Ordusunun nəzarətindədir. Bu xəritədən də göründüyü kimi, bir il əvvəl Suriya müxalifəti ölkə torpaqlarının ən azı yarısına nəzarət edirdi.

Bir il sonrakı vəziyyəti əks etdirən xəritə isə bir çox mətləblərə aydınlıq gətirir. Bugünkü mənzərə İŞİD faktorunun Suriyadakı vətəndaş müharibəsində nə qədər təsirli olduğu açıq şəkildə göstərir. Suriyanın şimalında tünd rənglərlə işarə edilmiş bölgələr İŞİD-in hakimiyyəti altındadır. İŞİD-in “Əl-Qaidə”dən ayrılaraq təkbaşına müharibəyə daxil olması xəritədəki rəngləri də dəyişdirib. Müxalifət bir il əvvəl hakim olduğu bölgələrin çoxunu İŞİD-ə, bir hissəsini isə rejimə təslim etməyə məcbur olub.

Hazırda ölkənin Qərb əraziləri rejimin əlindədir. Rejim bir il ərzində müxaliflərin əlinə keçən Hələbin şimalındakı əraziləri yenidən qaytarıb. İŞİD isə müxalifətə böyük zərbə vuraraq Türkiyənin cənubunda - Suriyanın şimalında böyük bir əraziyə nəzarəti ələ keçirib. İŞİD-in əlindəki bölgələrin ən böyük xüsusiyyəti isə Suriya neftinin təxminən 60 faizinin bu ərazilərdə olmasıdır.

İŞİD-in Dəməşq rejimi ilə yaxın əməkdaşlığı barədə informasiyalar dəfələrlə mətbuata çıxıb. Hazırda terror təşkilatının həm Azad Suriya Ordusuna, həm də rejimə qarşı olan digər bir silahlı qrup “Əl-Nüsra” Cəbhəsinə qarşı döyüşməsi Bəşər Əsədin əlini gücləndirən faktordur.

Digər bir məlumata görə, Azad Suriya Ordusu və “Əl-Nüsra” Cəbhəsinin mövqelərinə fasiləsiz raket zərbələri endirən Suriya ordusu bunu İŞİD-ə qarşı etmir. Şübhəli məqamlardan biri də odur ki, Suriya ordusunun zərbələrindən sonra Azad Suriya Ordusu və “Əl-Nüsra” Cəbhəsinin geri çəkildiyi ərazilərə dərhal İŞİD-in nəzarəti təmin edilir.

İŞİD-Əsəd əməkdaşlığını göstərən daha bir faktor isə terror təşkilatının ölkənin şimalından çıxardığı nefti Suriya dövlətinə satmasıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm