• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Vahid Namizəd”də gözlənilməz sonluq, yaxud azərbaycansayağı axtarışlar

  • Dünya
  • 17 İyun 2014 13:17
  • 1 268 Baxış
“Vahid Namizəd”də gözlənilməz sonluq, yaxud azərbaycansayağı axtarışlar

Türkiyə müxalifəti uzunmüddətli axtarışlardan sonra, nəhayət ki, avqust ayında keçiriləcək prezident seçkilərinə namizədini müəyyənləşdirə bildi. “Çatı aday” (bütün müxalifət partiyalarının maraqlarını birləşdirən vahid namizəd) adını alan vahid namizəd İslam Konfransı Təşkilatının (İKT) keçmiş baş katibi Ekmeleddin İhsanoğlu oldu.

Ehtimallar özünü doğrultmadı.

İKT-nin keçmiş baş katibinin adı “çatı aday” üçün heç ağla gəlməyən bir ad idi. Müxalifətin uğur qazanmaq üçün AKP namizədinin qarşısına çıxaracağı müxtəlif şəxslərin adı səsləndirilirdi. Seks kaseti skandalının qurbanı olan Cümhuriyyət Xalq Partiyasının (CXP) keçmiş sədri Dəniz Baykal, “Ərgenekon” iddiası ilə həbs olunan və azadlığa buraxılan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəhbəri İlker Başbuğ və İstanbul millət vəkili Meral Akşener (Milliyyətçi Hərəkat Partiyası) onların arasında idi. Xatırladaq ki, müxalifət prezident Abdullah Gülü də “çatı aday” olaraq görmək istəyirdi, amma Gül bu təklifdən imtina etmişdi. İyunun 16-da CXP sədri Kamal Kılıçdaroğlu Milliyyətçi Hərəkat Pariyasının (MHP) sədri Dövlət Bağçalını ziyarət edərək ona E.İhsanoğlunun namizədliyini təklif edib və tərəflər bu məsələdə razılaşıb.

CHP və MHP sədrləri prezident seçkiləri üçün bir araya gəldiyi toplantıdan sonra “çatı aday” olaraq İKT-nin keçmiş baş katibinin adı açıqlandı. Türkiyə mətbuatının yazdığına görə, E.İhsanoğlu müxalifətin təklifinə müsbət cavab verib.

CHP sədrinin “tələblərə ən uyğun ad İhsanoğludur” təklifinə MHP liderinin də “Bu ad bizim üçün də uyğundur” dediyi bildirilir. İddialara görə, İhsanoğlunun namizədliyi üçün CHP və MHP arasında danışıqlar 20 gün davam edib. Partiya sədrləri bundan sonrakı strategiyanın müəyyənləşdirilməsi üçün birgə heyətin yaradılmasına qərar verib.

CHP və MHP “Ekmeleddin İhsanoğlu” adının çətin tələffüz edilməsinə də həll tapıblar. Namizədin təbliğatında “Ekmel bəy” düsturunda razılıq əldə edilib.

Ekmeleddin İhsanoğlu adı kimin ağlına gəlib?

Səslənən iddialara görə, CHP sədri Kamal Kılıçdaroğluya E.İhsanoğlunun adını 12 İyun axşamı keçirilən görüşdə keçmiş dövlət naziri Kamal Dərviş təklif edib. Halbuki K.Dərvişin öz adı da namizədlər arasında çəkilirdi.

K.Dərviş həmin görüşdə “iqtidar namizədinin seçki prosesində dini duyğuları istismar edərək təbliğatını quracağını düşünürəm. Müasir, dünyəvi və dini təbəqənin də müsbət baxdığı bir ad olan Ekmeleddin İhsanoğlunun namizədliyini təklif edərəm” deyib.

12 İyunda keçirilən İhsanoğlu-Kılıcdaroğlu görüşundə K.Dərviş də iştirak edib. Təxminən iki saat davam edən görüşdə İhsanoğlu təklifi qəbul edib.

Digər bir iddiaya görə isə, MHP sədri hələ may ayında köməkçisini E.İhsanoğlunun yanına göndərərək fikrini öyrənmək istəyib. D.Bağçalı alınan mesajı daha sonra K.Kılıcdaroğluya göndərib.

“Çatı aday”ın şansları varmı?

Türkiyə baş nazir Rəcəb Tayyib Ərdoğan müxalifətin “çatı aday” axtarışlarını “təməli yoxdur, dam çökdü” deyərək şərh etmişdi. Baş nazirin bu ifadəsini xatırladan D.Bağçalı, “Bəs dam çökmüşdü, indi isə çöküb- çökmədiyini gördük. Əminəm ki, baş nazir uzlaşa biləcəyimizi gözləmirdi. Baş nazir namizədliyini bir daha düşünəcək” deyib. Müxalifətin qələbəsinə bu qədər əmin olduğu “çatı aday”ın uğur qazanma şansı nə qədərdir?

“A&G” araşdırma şirkətinin əməkdaşı Adil Gur hesab edir ki, E.İhsanoğlu İKT-də çox obyektiv, tərəfsiz və vəzifəsini yaxşı icra edən bir şəxs olsa da, Türkiyədə əhalinin 90 faizi onu tanımır. “Əgər prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan namizəd olacaqsa, onun qarşısına daha məşhur bir ad çıxarılmalı idi”, – A.Gur bildirir.

“Konsensus” araşdırma şirkətindən Murad Sarının fikrincə, prezident seçkilərində çox tanınmayan istənilən namizəd Ərdoğanla mübarizəyə dezavantajlı başlayacaq: “İhsanoğlu adı CHP-nin “çatı aday”ı kimi tələffüz edilsə də, bu adın MHP tərəfindən təklif edildiyini düşünürəm. İqtidarın namizədinin seçkiləri qazanma şansı “çatı aday”la müqayisədə daha yüksəkdir. İhsanoğlu adının AKP-nin namizədi üçün çətinlik yaradacağını düşünmürəm”.

GENAR araşdırma şirkətinin rəhbəri İhsan Aktaş İhsanoğlunu klassik CHP mənşəli diplomatların dindar versiyası olaraq görür. O, İKT-nin keçmiş baş katibini cəmiyyətdən qopan bir şəxs olaraq qiymətləndirir: “Buna görə də “çatı aday” olaraq İhsanoğlunun kütlənin hərəkətə gətirəcəyi qeyri-mümkün görünür. AKP-nin namizədi Cəmil Çiçək kimi bir şəxs olsaydı, İhsanoğlunun qazanma şansını müzakirə edə bilərik. Ancaq Ərdoğan qarşısında şansının olduğunu düşünmürəm”.

“Çatı aday”: Müsbət və mənfi cəhətləri:

Müsbətləri

Mühafizəkar səsləri qazana bilər: Misirdə doğulan və ərəb dilindən başqa 4 dil bilən İhsanoğlu sağ-mühafizəkarlığı ilə tanınır. 10 il İKT-nin baş katibi olduğu üçün keçmiş DYP və ANAP-ın şəhərli mühafizəkarının da səslərini qazana bilər.

Beynəlxalq nüfuz: E.İhsanoğlu K.Dərviş kimi Türkiyədən xaricdə nüfuz qazanan bir şəxsdir. İKT-nin rəhbərliyinə yalnız AKP-nin dəstəyi ilə gəldi. İkinci dəfə namizəd olanda isə digər islam ölkələrindən də böyük dəstək aldı. İKT-nin baş katibi olduğu dövrdə qadın və insan haqqları mövzusunda islahatçı bir xətt yürütdü. İnsanoğlu Orta Şərqdə tanınan, Orta Şərqi də yaxşı tanıyan bir şəxsdir.

Mənfiləri:

Türkiyədə tanınmır: E.İhsanoğlunun ən böyük dezavantajı ictimaiyyət arasında az tanınmasıdır. Ərdoğan kimi bir siyasətçi qarşısında CHP-MHP blokunun İhsanoğlunu tanıtmaq üçün yalnız bir ayı var. Seçkilər əksəriyyəti CHP-yə səs verən orta sinif seçicilərinin tətildə olduğu dövrə təsadüf edir. CHP-MHP blokunun ən böyuk çətinliyi isə odur ki, seçicinin az tanıdığı bir namizədə səs verməsi üçün onları tətildən yarımçıq qayıtmasına razı salmalı olacaq.

“Misir hərbi çevrilişi” müzakirəsi: E.İhsanoğlu Misirdəki hərbi çevrilişi dəstəkləmədi. Amma o, İKT-nin baş katibi olduğu üçün hərbi çevrilişə Ərdoğan qədər sərt reaksiya vermədi. E.İhsanoğlu nəticədə AKP-nin tənqidlərinə hədəf oldu. AKP mediada artıq indidən İhsanoğlunun “çevrilişçi” tezisini gündəmə gətirməyə başlayıb.

İhsanoğlu kimdir?

2005-ci ildən bu günə qədər İslam Əməkdaşlıq Təşkilatının baş katibi olan E.İhsanoğlu 1943-cü ildə Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Ardınca elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib. E.İhsanoğlu YUNESKO-da və ABŞ-ın dünyaca ünlü Harvard Universitetində çalışıb, tarix, şərq-qərb mədəni-siyasi münasibətləri haqqında çoxsaylı elmi əsərlər yazıb. Onun əsərləri Harvard başda olmaqla, dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır. İhsanoğlu 2000-ci ildə Türkiyə dövlətinin ali mükafatlarından olan Üstün Xidmət Medalı ilə təltif edilib. E.İhsanoğlu İordaniyanın I dərəcəli “İstiqlal” medalı və Misirin ali dövlət mükafatının da sahibidir. Yaxın dostları ona sayğı ilə “Ekmel bəy” deyə müraciət edir. E.İhsanoğlu ailəlidir, 3 övladı var.

P.S. Türkiyədə keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizəd axtarışlarını və gəldiyi nəticəni müəyyən mənada Azərbaycanla da müqayisə etmək olar. Çoxları prezident seçkilərində müxalifətin Musavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli üzərində dayanacağını gözləsə də, bu baş vermədi. Ə.Kərimli və İ.Qəmbər görünən məğlubiyyətdən qaçmaqla sonda Cəmil Həsənli üzərində dayandı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR