Sərkisyan Tiflisdən də rədd cavabı aldı
Bizi izləyin

Dünya

Sərkisyan Tiflisdən də rədd cavabı aldı

"Serj Sərkisyan Gürcüstan səfərindən yaxşı xəbərlərlə qayıtmayıb. İlk növbədə Abxaziya dəmiryol açılışı barədə xoş xəbər yoxdur”.

Publika.az-ın verdiyi xəbərə görə, bu iddia ilə erməni ekspert Naira Ayrumyan çıxış edib.

Gürcüstanda iki gün öncə səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan Abxaziyadan keçən Gürcüstan-Rusiya dəmiryolunun bərpasını arzuladığını bildirib. O, “Rustavi-2” telekanalına müsahibəsində dəmiryolu xəttinın Ermənistan üçün həyati əhəmiyyət daşıdığını, lakin bu mövzuda hələ “ciddi danışıqlar” aparılmadığını deyib.

“Hələlik bu mövzuda ciddi danışıqlar yoxdur. Amma biz bu yolun fəaliyyətə başlamasını istəyirik. Bu dəmir yolu xətti bizim üçün həyati əhəmiyyət daşıyır”, – S.Sərkisyan “Rustavi-2” telekanalına müsahibəsində qeyd edib.

Ermənistan prezidenti əlavə edib ki, dəmir yolunun açılışı yalnız Ermənistan və Rusiyadan deyil, həm də başqa tərəflərdən asılıdır: “Buna görə də biz bu məsələdə fəal işləyirik".

Erməni ekspert bildirir ki, Abxaziya tərəfdən hər şey aydındır: “İyunun 18-də Cenevrədə keçirilən Abxaziya məsələsinin həlli üzrə növbəti danışıqlar oldu. Amma danışıqlarda heç bir razılıq əldə olunmadı. Başqa sözlə, Abxaziya və Gürcüstan hətta kommunikasiyaların açılışı məsələsində belə razılaşa bilmir”.

N.Ayrumyanın sözlərinə görə, Abxaziya dəmir yolunun açılışı məsələsində İrəvanın ümidlərini boşa çıxaracaq digər bir faktor Tiflisin gələn həftədən etibarən Avropa gömrük məkanının bir hissəsi olmasıdır: “Qərb siyasəti hazırda Rusiyanın mühasirəyə alınmasına yönəlib. Avroatlantik məkanın bir hissəsi olacaq Gürcüstanın bu siyasətə qarşı getməsi üçün heç bir əsası yoxdur. Tiflis Rusiyanın Ermənistan və İranla əlaqə saxlamasına kömək edə bilməyəcək”.

Məlumdur ki, Ermənistan-Gürcüstan sərhədi həm də Avropa və Avrasiya gömrük məkanları arasında sərhəd olacaq. Ermənistanın Avrasiya İttifaqına üzvlüyündən sonra gömrük rüsumlarının artımı gözlənilir. Bunu erməni hakimiyyəti də gizlətmir. Əgər Gürcüstan Rusiya mallarının Ermənistana vergisiz yerdəyişməsinə icazə verməzsə, o halda Ermənistanda mallar əlçatmaz dərəcədə bahalaşacaq.

Xəbərlərə görə, S.Sarkisyan vergisiz tranzit rejiminin tətbiqi barədə Gürcüstanı inandırmağı bacarmayıb. “Gürcüstan indiyə qədər Rusiyaya qarşı dayanmamağa çalışırdı. Avroatlantik təhlükəsizlik məkanına daxil olduqdan sonra Gürcüstan üçün bir çox təhlükələr aradan qalxır. Bundan sonra Gürcüstanın Rusiyanın layihələrinə qarşı dayanmaması üçün heç bir səbəb qalmayacaq”.

“Gömrük Şurasına Ermənistan daxil olacaqmı, əgər Gürcüstan vergisiz tranzit rejiminin tətbiqinə razı olmayacaqsa? Malların qiymətinin faciəli şəkildə qalxmasından sonra erməni vətəndaşlarına dəyən ziyanı kim kompensasiya edəcək? Dəqiq olan budur ki, Rusiya bunu etməyəcək”, – erməni ekspert bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm