MKİ-nin İraq analitiki: “İŞİD-i ancaq onlar məğlub edə bilərlər”
Bizi izləyin

Dünya

MKİ-nin İraq analitiki: “İŞİD-i ancaq onlar məğlub edə bilərlər”

Heç şübhəsiz ki, “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının İraq əməliyyatları bütün dünyanın diqqət mərkəzindədir.

Publika.az-ın verdiyi xəbərə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün 20 il ərzində İraqı izləyən analitik Judit Yaphe İŞİD terror təşkilatının məqsədləri və təşkilata qarşı mübarizə üsulları barədə Türkiyənin “Milliyyət” qəzetinə danışıb.

Yapheyə görə, sünnilər İŞİD-ə qarşı çıxmadığı müddətdə İraq və Suriya üçün dinclik yoxdur.

Terrorçuların qiyamı

J.Yaphe 20 il ərzində MKİ-nin İraq analitiki olaraq çalışıb. Buna görə də İraqın həm keçmişi, həm də müasir tarixini ən incə detallarına qədər bilir. İraqda baş verənlərin əslində nə olduğuna gəlincə, analitik məzhəblərarası döyüşə çevrilən bir terrorçu qiyamına şahidlik etdiyini deyir. Amma analitik İŞİD-in İraqda etdiklərinin bütün sünnilərin bütün şiələrə qarşı qlobal bir döyüşünün olmadığını bildirir. “İraq və Suriyada təsirli olan İŞİD və “Əl-Nüsra” Cəbhəsinin hərəkətlərindən bəhs edirik”, – Yapne bildirir.

İŞİD nə istəyir?

Amerikalı analitik İŞİD-in əsas istəyinin torpaq olduğunu vurğulayır: “Şəriət dövlətini quraraq sərhədləri ləğv edəcəklər. Beləliklə, daha çox döyüşçüyə təlim keçərək onları sıralarına qəbul edə biləcəklər. Daha sonra isə yerlərində sakit şəkildə oturmayacaqlar. Bağdadı hədəf alacaq, ya da şiələrin müqəddəs şəhərləri olan Nəcəf və Kərbəlaya hücum edəcəklər. Bunu bacarıb-bacarmayacaqları isə ayrı bir müzakirənin mövzusudur. Amma prosesləri qlobal miqyasda düşündükləri qətidir”.

ABŞ-ın İraq işğalının İŞİD-in yüksəlişindəki rolu

Amerikalı analitik İraq işğalının İŞİD-in yüksəlişinə müsbət təsir etdiyini deyir. Onun fikrincə, işğal nəticəsində bir çox bədbəxt sünni ortaya çıxdı: “İŞİD necə oldu ki, Mosul kimi bir şəhəri bu qədər asan ələ keçirə bildi? Mənə elə gəlir ki, öndə gedən sünni siyasətçilər, nüfuzlu tayfalar 2004-cü ildə “Əl-Qaidə”ni dəstəklədikləri kimi indi də İŞİD-i dəstəkləyirlər. İŞİD keçmiş BƏƏS-çilərin dəstəyi ilə müvəffəqiyyət qazanır”.

J.Yaphe İŞİD-in Suriyadakı vətəndaş müharibəsində qazandığı qələbələrlə dünyanın dörd bir tərəfindən döyüşçü yığa bildiyini qeyd edir. Onun sözlərinə görə, terror təşkilatı nəzarət etdiyi torpaqlardan yığdığı vergi və neftayırma zavodlarından qazandığı pullarla İraqa keçdilər.

Analitik hesab edir ki, Vaşinqton İŞİD-ə tamamilə maneə törətməsi böyük ehtimalla mümkün deyildi. “Bir gecədə siyasi mədəniyyət yarada bilməzsiniz. Amma Corc Buş rəhbərliyi də bir çox səhvlərə yol verdi. Ordunun dağıdılması, dövlətin BƏƏS-çilərdən təmizlənməsi, sünnilərə ikinci sinif vətəndaşlar kimi baxılması, əslində, çox güclü siqnallar idi. Həmin andan etibarən milli birlik üçün bütün səylər heçə endirildi”, – J.Yaphe dilə gətirib.

ABŞ əsgərlərinin daha çox qalması nəticəni dəyişdirə bilərdimi?

Analitik bu suala mənfi cavab verir: “Amerikalılar kifayət qədər pul ilə hər şeyi düzəldə biləcəyini hesab edirlər. Amma vəziyyəti düzəldə bilməzdilər. Onsuz da əsl problem Nuri əl-Maliki ilə başladı. O, baş nazir olduğu gündən başlayaraq bütün idarəçilik mexanizmlərini aradan götürməyə başladı”.

İraqdakı qarşıdurmanı kim və necə bitirə bilər? Yaphe 2004-cü ildən sonra qiyamı sünni ərəblərin bitirdiyini xatırladır: “Əl-Qaidə”ni dəstəkləyən tayfalar qorxunc bir səhv etdiklərini fərq etdilər. Amerikaya “bizi silahlandırsanız, döyüşərik” dedilər və “Əl-Qaidə”ni məğlubiyyətə uğratdılar. İŞİD-i də onlar təsirsiz hala gətirə bilər”.

İraq Səddamı bundan daha yaxşı idimi? Yaphe bu suala “xeyr” cavabı verir. Amma o, eyni zamanda, bildirir ki, bugünkü vəziyyətin daha yaxşı olduğunu söyləmək də çətindir: “İraqlılar Səddam üçün “heç olmasa, təhlükəni tanıyırdıq” deyəcək. Fikrimcə, Səddamdan xilas olduğuna peşman olan tək bir iraqlı belə yoxdur”.

Kürdlərin müstəqillik elan etməsi çətindir

Amerikalı analitik kürdlərin müstəqilliyini elan etməsini mümkün, amma çətin hesab edir: “İran belə bir müstəqilliyi görmək istəmir, çünki ərazisində də kürd xalqı var. Kürdlər isə İranı dinləməlidir. Çünki kürdlər quru ərazi ilə əhatə olunmuş vəziyyətdədir. Qonşuları ilə yaxşı əməkdaşlıq içində olmadan iştisadiyyatın inkişafı mümkün deyil. Ölkənin xarici dəstəyə və sərmayələrə ehtiyacı olacaq. Yəni müstəqilliyini elan etsələr belə, ayaq üstündə dura biləcəyindən əmin deyiləm”.

Yaphe işğala qarşı idi

J.Yaphe ixtisasca tarixçidir. Osmanlı torpağı İraqda 1916-1920-ci illərdə baş verən ərəb üsyanları doktorluq işinin mövzusu idi. 1975-ci ildə MKİ-yə daxil olub. İraqla bağlı ən tanınmış analitik olaraq Küveyt müharibəsi zamanı ata Corc Buşun oxuduğu hesabatları hazırlayırdı. 1995-ci ildən Pentaqona bağlı Milli Müdafiə Universitetində dərs verməyə başlayıb. ABŞ 2003-cü ildə İraq işğalına hazırlaşdığı zaman buna qarşı ilk çıxanlardan biri də Yaphe oldu. Öz sözləri ilə “Səddamın getməsini istəyirdi, amma işğala qarşı idi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm