İŞİD-in hücumları kürdlərə necə qazandırdı? –Təhlil
Bizi izləyin

Dünya

İŞİD-in hücumları kürdlərə necə qazandırdı? –Təhlil

“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Mosul başda olmaqla İraqın qərbini ələ keçirməsi, şimalda Kərkük, cənubda isə Bağdad yaxınlığına qədər çatması Orta Şərqdə yeni ittifaqların meydana çıxması ilə nəticələnə bilər.

Publika.az-ın verdiyi xəbərə görə, bu fikir Türkiyənin Beynəlxalq Siyasət Akademiyasının saytında gedən bir yazıda yer alıb.

Yazının müəllifi Göktürk Tüyzüzoğlu hesab edir ki, İŞİD-in fəaliyyəti Orta Şərq, eləcə də dünyada hər bir oyunçunu narahat etməlidir. Onun sözlərinə görə, İŞİD-in İraqdakı irəliləyişi yeni müttəfiqlik cəhdlərini özü ilə gətirəcək.

“İŞİD-in İraqdakı irəliləyişi ölkədə yaşayan sünnilər ilə şiələr arasındakı məzhəb qarşıdurmasını göstərən bir hərəkətlilik kimi qiymətləndirilməlidir. Çünki İŞİD İraqın qərbində və Mosulda yaşayan sünni əhalinin dəstəyini qazanıb. Səddam dövründə həm siyasi, həm də iqtisadi baxımdan təsirli olan bir çox sünni ərəb tayfası və keçmiş BƏƏS ünsürləri “düşmənimin düşməni dostumdur” prinsipi ilə hərəkət edərək şiə əleyhdarı İŞİD-ə dəstək verib. Hətta İraq ordusunda xidmətdə olan sünni hərbçilərin də İŞİD-in sıralarına qatıldığı bildirilir. Bu, sünni ərəblər ilə şiə ərəblərin bir-birini “düşmən” olaraq gördüyünü açıq şəkildə göstərir”, – yazı müəllifi bildirir.

G.Tüyzüzoğlu qeyd edir ki, İraq hökumətinin əhalinin 60 faizini təşkil edən şiələrin əlində olması, Tehranın Maliki hökumətinə dəstək verməsi sünniləri İrana qarşı cəbhədə yer almasına gətirib çıxarmış, bu isə İŞİD-in əlini gücləndirmişdir: “Bu baxımdan qiymətləndirsək, İŞİD-ə birbaşa dəstək verən ən əhəmiyyətli qrupun iraqlı sünni ərəblərin olduğu görünür. Sünnilərin bu davranışı isə iraqlı şiələri də tək bir çətir altında toplanmağa və Maliki hökumətinə dəstək verməyə məcbur edəcək”.

Yazi müəllifi İŞİD təhdidindən sonra kürdlərin daha əhəmiyyətli bir aktroya çevrildiyini qeyd edib: “İŞİD təhdidi ilə qarşı-qarşıya qalan bir başqa qrup isə kürdlərdir. Az qala hamısı sünni olan kürdlərin ciddi bir iqtisadi və hərbi gücə sahib olması İŞİD-in İraqın şimalına hücumunu çətinləşdirir. Bölgədə şiə əhalisinin çox cüzi olması da İŞİD-in kürdlərə hücumunu mənasız edir. Kürdlər hazırda İŞİD qarşısındakı ən əhəmiyyətli aktyorlardan birinə çevrilib. İraq ordusunun geri çəkilməsi ilə Kərkük peşmərgə qüvvələrinin nəzarətinə girmiş və Mosuldan qaçanların əhəmiyyətli bir hissəsi Şimali İraqa sığınıb. İraq regional kürd rəhbərliyi, beləliklə, statusu mübahisəli olan Kərkükü ələ keçirmiş, eyni zamanda, Mosul kimi şəhərlərdən qaçan əhalini himayəsi altına alaraq İraqda təhlükəsizlik üçün nə qədər əhəmiyyətli olduğunu Türkiyə və İran da daxil olmaqla bütün dünyaya sübut etmişdir. Beləliklə, Türkiyə ilə İran, həmçinin İraq hökuməti regional kürd rəhbərliyinin qiymətini açıq şəkildə fərq etmişlər. Bundan sonra Kərkükün status məsələsini kürdlərin əleyhinə çevirmək mümkün olmayacaq”.

G.Tüyzüzoğlu hesab edir ki, İŞİD-in irəliləyişi Türkiyə-İran əlaqələrinə də təsir edəcək: “Suriyadakı vətəndaş müharibəsi ilə bağlı aralarında anlaşılmazlıq yaşayan bu iki ölkə İraqda yeni bir böhran sonrası əməkdaşlıq etmək məcburiyyətində olacaqlar. Çünki İŞİD hər iki ölkənin mənfəətlərinə zərər verir. Türkiyə regional kürd rəhbərliyi ilə olan ticarət və siyasi əməkdaşlığın davamı, eyni zamanda türkmənlərin təhlükəsizliyi, İran isə İraq hökuməti ilə olan yaxın əlaqələri və şiələrin təhlükəsizliyi kimi amillərə görə İŞİD-ə qarşı vahid cəbhədə yer almaq məcburiyyətindədir”.

Yazı müəllifinin fikrincə, ABŞ-İran əlaqələri də İŞİD faktorundan təsirlənəcək.

“İŞİD-in İraqdakı işğal cəhdi Orta Şərqdəki regional tarazlıqları sarsıda biləcək potensialına malikdir. Belə ki, İŞİD-lə mübarizə apara bilmək üçün fərqli hadisələrə baxışı ziddiyyətli olan aktyorların bir yerdə hərəkət etməsi lazımdır”,– G.Tüyzüzoğlu sonda qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm