İraqda İŞİD-dən başqa onlarla təşkilat silahlanacaq – Şok-Fotolar
Bizi izləyin

Dünya

İraqda İŞİD-dən başqa onlarla təşkilat silahlanacaq – Şok-Fotolar

İraqın bir çox şəhərini ələ keçirən İŞİD-dən başqa da onlarla bu cür təşkilatın olduğu ortaya çıxıb. Cihad elanından sonra bu qurumların silahlanacağı gözlənilir.

Publika.az xəbər verir ki, İraqda İŞİD-dən (İraq Şam İslam Dövləti) başqa da bir çox terror qruplaşmaları var. İŞİD yaraqlılarının Mosuldan başlayaraq bir çox sünni şəhərlərinin idarəçiliyini ələ keçirməsindən sonra dünyanın gözü bu ölkədəki silahlı qruplaşmalara çevrilib. Ölkədə Əl-Qaidə və İŞİD-in vəhşi idarəçiliyinə qarşı çıxan onlarla irili-xırdalı şiə və sünni təşkilatları var. Bir çox təşkilatların cihad fətvasından sonra siahlanacağı bildirilir.

İŞİD-ə şiələr də, ölkədəki bir çox sünni təşkilatlar da sərt reaksiya göstərir.

İraqda İŞİD-ə qarşı silahlı mübarizə aparmağa hazır olan təşkilatar bunlardır:

Sünni təşkilatlar

“1920-ci il İnqilabı Tuqayları” - ABŞ işğalına qarşı qurulan ilk silahlı qurum olan “1920-ci il İnqilabının Tuqayları” qurumunun adı 1920-ci ildə İngiltərə ilə aparılan silahlı mübarizədən götürülüb.

“İraq Həması”nın silahlı qanadı olaraq qurulan təşkilat 2007-ci ildə komandirləri Musenna Darinin rəhbərliyi altında müstəqil fəaliyyət göstərib. Bağdad, Ənbar və Səlahəddində fəallıq göstərən təşkilat 2007-ci ildə İraq Əl-Qaidəsini hədəfə götürüb.

“İraq Həması” – 2003-cü ildə İraq Milli İslami Dirəniş Partiyası kimi qurulan təşkilat 2007-ci ildə “İraq Həması” adlanmağa başlayıb. 2007-ci ilədək “1920-ci ilə İnqilabı Tuqayları” ilə ortaq hücumlar təşkil edib, amma sonradan onların yolları ayrılıb. Təşkilat 2010-cu ilədək İraq Əl-Qaidəsinə qarşı fəaliyyət göstərib.

“Ceyşul İslami” (İslam Ordusu) – ABŞ işğalına qarşı 2004-cü ildə qurulan təşkilat İraqın ən böyük silahlı güclərindəndir. Təşkilatın 50 min milisə malik olduğu deyilir. ABŞ və İngiltərə əsgərlərini hədəfləyən təşkilat 2007-ci ildən sonra İraq Əl-Qaidəsi ilə toqquşmaya başlayıb.

“Ceyşul Mücahidin” (Mücahidlər Ordusu) – 2003-cü ildə ABŞ işğalına qarşı qurulub. Təşkilatın 4 mindən çox milisi var. “Ceyşül Mücahidin” təşkilatı Bağdadın sünni məhəllələrində və Tikrit, Əbu Qureyb, Diyala, Ənbar və Fəllucə şəhərlərində fəaliyyət göstərir. “İslam Ordusu” və “Ənsarul İslam” ilə əlaqələri olan təşkilat şiələrin öldürülməsinə qarşı çıxdığı üçün İŞİD-ə qatılmağı rədd edib.

Şiə qruplaşmaları

“Şiə Bədr Tuqayları” – 1981-ci ildə Kərbəlada qurulub. On iki min nəfər milisi var. İran-İraq müharibəsində İraq ordusuna qarşı savaşıb. Qurumun ABŞ İraqı işğal edəndən sonra Amerika əsgərlərinə bələdçilik etdiyi və sünni din adamlarının öldürülməsinə yol acıdığı iddia edilir. Baş nazir Nuri Əl-Maliki “Bədr Tuqayları”nın sədri Hadi Əl-Əmirini müdafiə naziri edib.

“Əhli Haq” – Təşkilatı 2007-ci ildə “Sədr” hərəkatından ayrılan Qeys Əl-Xəzəli qurub. Qeysin “Əhli Haq” qruplaşmasının min nəfər milisini Suriyada Əsədə yardım üçün göndərdiyi iddia edilir. Təşkilat Sistaninin cihad fətvasına tabe olub.

“Muxtar Ordusu” (İraq Hizbullahı) – Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatının İraqdakı qanadı olduğu iddia edilir. “Muxtar Ordusu”nun Səudiyyə Ərəbistan sərhədində 40 min milisi olduğu deyilir. ABŞ-ın terror təşkilatları siyahısında olan qruplaşma Səudiyyə Ərəbistanına hücumlar etməklə tanınır. Bu təşkilat da Sistaninin İŞİD-ə qarşı cihad çağırışına tabe olacağını açıqlayıb.

“Sərallah Tuqayları” – Yusif Sənavinin qurduğu Sərallah (Allahın İntiqamı) Tuqayları Bəsrədə fəaliyyət göstərir.

“Mehdi Ordusu” - Müqtəda Sədr tərəfindən 2003-cü ilin sentyabrında qurulan “Mehdi Ordusu” ölkənin cənubunda, Bağdadın Sədr bölgəsində, Nəcəf və Bəsrə şəhərində aktivdir. 2006-cı ilədək ABŞ və İngiltərə ordusu, 2009-cu ilədək Malikinin silahlı qüvvələri ilə müharibə aparıb. 2009-cu ildə silahı yerə qoyduğunu açıqlayan təşkilat Sistaninin İŞİD-ə qarşı verdiyi son fətva çağrısından sonra yenidən silahlanacağını elan edib.

Bundan başqa, İraqda digər şiə qruplaşmaları – “Vəd Edilən Gün Tuqayları”, “Əbul Fadl Əl-Abbas Tuqayları”, “Seyyiduş Şühəda” qrupu və “Zülfüqar Tuqayları” fəaliyyət göstərir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm