Moskvanın son manevri də onu xilas etmədi
Bizi izləyin

Dünya

Moskvanın son manevri də onu xilas etmədi

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyaların qəbulu ilə bağlı təkliflər hazırlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bildirib.

Amma o həmçinin qeyd edib ki, qərar Avropa Birliyinin üzv olan dövlətlər tərəfindən verilməlidir. Onun sözlərinə görə, bu məsələdə ümumi mövqe nümayiş etdirmək çox əhəmiyyətlidir.

“Biz Rusiyaya qarşı sanksiyaları qəbul etməyə hazırıq. Amma qərar vermək Avropa Birliyi hökumətlərinin məsuliyyətidir”, - Avropa Komissiyasının prezidenti deyib.

Xatırladaq ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra ABŞ və Avropa Birliyi Rusiyanın bir sıra siyasətçiləri, biznesmenlər və şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Qərb növbəti sanksiyaların qəbul ediləcəyi barədə Moskvanı dəfələrlə hədələyib. Xüsusilə, neft-qaz sektorunda istifadə olunan texnologiyaların sanksiyalar paketinə daxil edilməsi planlaşdırılır.

Avropa Birliyinin 26-27 iyun tarixində keçiriləcək sammitində Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrinə qarşı Brüssel və Vaşinqtonun birgə sanksiyalarının tətbiqi müzakirə ediləcək.

Qərb Ukraynanın şərqində baş verən hadisələrə görə, birmənalı olaraq Rusiyanı ittiham edir. Moskva isə bu iddiaları rədd edir. Bu gün isə Rusiya Federasiya Şurası Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadəyə icazə verən qərarı prezident Vladimir Putinin müraciətindən sonra ləğv edib. Qərb Rusiyanın bu addımını dəstəkləsə də, sanksiyaların gündəmdən çıxmadığını bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm