Yerevanı xilas etməsi üçün Tiflisin Moskvaya şərtləri var
Bizi izləyin

Dünya

Yerevanı xilas etməsi üçün Tiflisin Moskvaya şərtləri var

GürcüstanAbxaz dəmir yolunun açılışı barədə Rusiya ilə dialoqa hazırdır.

Publika.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələrin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

“Dəmir yolunun açılışı üçün ciddi şərtlərimiz var. Əgər Rusiya tərəfdən ciddi təşəbbüs olarsa, onları diqqətlə dinləməyə hazırıq. Amma biz öz şərtlərimizi təklif edəcəyik”, – gürcü diplomat deyib.

Xatırladaq ki, Ermənistan və Rusiyanı birləşdirən Abxaziya dəmir yolunun yenidən fəaliyyətə başlaması ötən həftə Gürcüstanda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanın apardığı danışıqların əsas mövzusu olub. Erməni prezident Abxaziyadan keçən Gürcüstan-Rusiya dəmir yolunun bərpasını arzuladığını bildirmişdi.

Amma S.Sarkisyan bu mövzuda hələ “ciddi danışıqlar”ın aparılmadığını deyib. “Hələlik bu mövzuda ciddi danışıqlar yoxdur. Amma biz bu yolun fəaliyyətə başlamasını istəyirik. Bu dəmir yolu xətti bizim üçün həyati əhəmiyyət daşıyır”, – S.Sarkisyan “Rustavi-2” telekanalına müsahibəsində qeyd edib.

Ermənistan prezidenti əlavə edib ki, dəmir yolunun açılışı yalnız Ermənistan və Rusiyadan deyil, həm də başqa tərəflərdən asılıdır: “Buna görə də biz bu məsələdə fəal işləyirik".

Daha əvvəl Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili bildirmişdi ki, Abxaziyadan keçən dəmir yolunun açılışı məsələsi hələ konkret müzakirə mərhələsində deyil. Amma o, məsələnin Gürcüstan və Rusiya rəsmiləri arasında gələcəkdə müzakirələrin predmeti ola biləcəyini bildirib. Bundan əvvəl isə “Rusiya Dəmir Yolları” ASC-nin rəhbəri Vladimir Yakunin bildirmişdi ki, dəmir yolunun açılışı məsələsinə diqqət yetirməyin vaxtı çatıb.

Xatırladaq ki, Abxaziya və Gürcüstandan keçməklə Ermənistana qədər uzanan dəmir yolu 20 ildir ki, işləmir. Ötən ilin sentyabrında Kremldə Sərkisyan-Putin görüşü çərçivəsində dəmir yolunun açılması ilə bağlı da razılıq əldə edildiyi deyilirdi. Ötən ilin yanvarında isə işğalçı ölkə üçün strateji əhəmiyyətə malik sözügedən dəmiryolunun açılması təşəbbüsü ilə Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili Ermənistana səfəri zamanı çıxış etmişdi. Abxaziya təşəbbüsə soyuq yanaşmış, Rusiya isə gözləmə mövqeyi tutmuşdu.

Ermənistanın təcrid edilməsi siyasətini davam etdirən Azərbaycan isə buna qarşı çıxır. Çox güman ki, Ermənistan prezidenti dəmir yolunun açılışı yalnız Ermənistan və Rusiyadan deyil, həm də başqa tərəflərdən asılıdır” deyəndə ilk növbədə Azərbaycanı nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm