ABŞ-da mafiya liderinə hökm oxundu – Fotolar
Bizi izləyin

Dünya

ABŞ-da mafiya liderinə hökm oxundu – Fotolar

Manhetten məhkəməsində Amerika Birləşmiş Ştatlarındakı rus mafiyasının əsas liderlərindən birinə - Boris Lisyanskiyə hökm oxunub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Lisyanski sifarişli qətl təşkil etməkdə təqsirli bilinib. Qətl baş tutmasa da, hakimlər onu təşkilatçı kimi təqsirli bilərək 20 il müddətinə azadlıqdan məhrum ediblər.

Baş tutmayan sui-qəsd

İşin tədqiqatını aparan Nyu-York prokurorluğunun açıqlamasına görə, 2010-cu ildə Lisyanski Nyu-Yorkun Kvins rayonunda restoranları olan iki biznesmeni öldürtmək üçün Xesus Ros adlı muzdlu qatil tutub.Hadisə baş verən gün Boris Lisyanski həmin restorana gələrək, banket zallarına baxıb. Restoran sahiblərinə deyib ki, tezliklə evlənəcək və toy üçün məqsədəuyğun yer axtarır.

Həmin vaxt içəri Xesus Ros daxil olub. O, Borisin gizli işarəsi ilə tapançanı çıxararaq, onu restoran sahiblərindən birinin başına dirəyib. Lakin son anda fikrini dəyişərək biznesmenin başına yox, ayağına atəş açıb. Bundan sonra Ros qaçaraq restoranı tərk edib. Küçədə qapısını açıq qoyduğu avtomobilinə əyləşib və hadisə yerini tərk edib.

Polis restorana gəldikdə Lisyanski hal şahidi kimi ifadə verib. Bildirib ki, təsadüf nəticəsində cinayətin şahidi olub. Güllə atanın üzünü isə unudub. Guya hadisə vaxtı qorxduğundan cinayətkarın sifətinə baxmağa ehtiyat edib. Lakin bir neçə gün sonra Xesus Ros ələ keçib və öz cinayət ortaqlarını ələ verib.

Kriminal ailə

Qeyd edək ki, bu, Lisyanski ailəsinin hüquq qarşısında cavab vermələri ilə bağlı ilk hadisə deyil. Vaxtilə Tacikistandan ABŞ-a köçən Lisyanskilər milliyyətcə yəhudidirlər. Onlar Nyu-Yorkdakı “Buxara” qruplaşmasının aktiv üzvləri sayılırlar. Borisin atası hələ ötən əsrin 80-ci illərində polislə atışmada öldürülüb. Bundan sonra Lisyanski qardaşları hüquq-mühafizə orqanlarına “müharibə elan ediblər”.

Formal olaraq, bu ailənin qanuni biznesi olub. Kvinsin rusdilli məhəllələrində onların kiçik restoranı varmış. Amma rus icmasında hər kəs bilirdi ki, Lisyanskilər əsasən reketçilik və qarətlə məşğul olurlar. Borisdən əvvəl onun böyük qardaşı Rüstəm Lisyanski reketliyə görə həbs olunmuşdu. Rüstəm hazırda cəzasını çəkir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm