• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Moskvaya “əsl müharibə” xəbərdarlığı: “Belə davam edərsə…”

  • Dünya
  • 30 İyun 2014 13:20
  • 1 187 Baxış
Moskvaya “əsl müharibə” xəbərdarlığı: “Belə davam edərsə…”

Bu axşam yerli saatla 22:00-da Ukraynanın şərqində atəşkəs rejiminin müddəti başa çatır. Ukrayna Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyi 27 iyunda başa çatan atəşkəs rejiminin müddətinin daha 3 gün uzatmışdı. Lakin nə atəşkəs rejiminin tətbir olunduğu ilk bir həftə ərzində, nə də son 3 gündə döyüşlər dayandırılmayıb.

Ukrayna hərbçiləri, həmçinin könüllü batalyonlar atəşkəs rejiminin pozulmasına görə, qarşı tərəfi ittiham edir və prezidentdə “B” planının həyata keçirilməsini tələb edirlər. “B” planının məzmunu haqqında isə konkret informasiya yoxdur. Baxmayaraq ki, prezident Pyotr Poroşenko bir həftə öncə Kiyevin belə bir planının olduğunu bildirib. Ekspertlər güman edirlər ki, söhbət Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyətin tətbiqindən gedə bilər. Əgər antiterror əməliyyatları nöqtə əməliyyatları hesab olunursa, hərbi vəziyyətin tətbiqi silahlı qüvvələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyatlara imkan verir.

P.Poroşenko terrorçuların təslim olmayacağı halda, “B” planının tətbiq olunacağını bildirir.

Şənbə günü “Donbas” batalyonunun üzvləri Ukrayna pezident administrasiyası qarşısında atəşkəs rejiminin dayandırılması barədə tələblə çıxış etdilər. “Atəşkəs rejimi heç nə vermir. Terrorçular təslim olmaq niyyətində deyillər. Onlar atəşkəs rejimindən güclərini yenidən qruplaşdırmaq və mövqelərini möhkəmləndirmək üçün istifadə edirlər”, - batalyon komandiri Semyon Semençenko bildirib.

Dünən isə prezident administrasiyası qarşısında keçirilən etiraz aksiyasının miqyası daha geniş oldu. Aksiyada yalnız “Donbas” batalyonunun hərbi qulluqçuları deyil, həm də minə yaxın Kiyev sakini iştirak edirdi. “Ukrayna xalqı adından sizdən atəşkəş rejiminin dayandırılması, hərbi vəziyyəti tətbiq edilməsi, könüllü batalyonlara lazımı qədər silah verilməsi və terrorçuların məhv edilməsi üçün lazımı tədbirlərin həyata keçirilməsini tələb edirik”, - Ukrayna prezidentinə ünvanlanan bəyanatda deyilirdi.

Mudafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Mixail Koval jurnalistlərin suallarını cavablandırarkən onları inandırıb. Ukrayna Silahlı Qüvvələr istənilən məsələləri yerinə yetirməyə hazırdır: “Ali Baş Komandanın əmri olacaqsa, biz proqram üzrə terrorçuları məhv edəcəyik”.

Ukrayna ekspertləri qeyd edirlər ki, P.Poroşenko böhranın dinc yolla həlli üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Ukrayna adından danışıqlar qrupunda iştirak edən ikinci prezident Leonid Kuçma isə hesab edir ki, Donetsk və Luqansk liderləri qərarların qəbul olunmasında sərbəst deyillər: “Əgər Rusiya sülhün müharibədən daha yaxşı olduğunu anlasa, terrorçuların ipini çəkmək üçün mexanizmləri tapmaq mümkün olacaq”.

Kiyevdə ekspertlər bildirirlər ki, atəşkəs rejiminin daha 3 gün uzadılmasını Poroşenkodan Qərb partnyorları xahiş edilbər.

Ukrayna isə növbəti dəfə Rusiyanı terrorçulara yardım etdiyinə görə ittiham edib. Ukrayna Təhlükəsizlik Xidməti bəyanatında deyilir ki, Rusiya ərazisində muzdluların təlim alması üçün düşərgələr fəaliyyət göstərir. Təhlükəsizlik Xidmətinin sədr müavini Viktor Yaqun mətbuat konfransında bunu sübut etmək üçün onların əlində kifayət qədər təkzibolunmaz faktların olduğunu deyib.

Avropa Birliyinin Brüssel sammitində iştirak edən Pyotr Poroşenko CNN-ə müsahibəsində Rusiya qoşunlarının ölkənin şərqində Ukrayna ordusuna qarşı durduğunu qeyd edib. O, vəziyyətin bu şəkildə davam edəcəyi halda, əsl müharibənin başlaya biləcəyini dilə gətirib.

Dünən isə məlumat yayıldı ki, Rusiyanın Ukraynaya humanitar yükləri çatdırmaq cəhdinə görə yeni qalmaqal yaranıb. Kiyevdə “humanitar yüklər”in silah olmasından ehtiyat edirlər. Rusiya Xarici İşlər Nazirliyi humanitar yardımla bağlı Kiyevə nota göndərsə də, Ukraynanın Xarici İşlər Nazirliyi rədd cavabı verdi.

Hərbi ekspert Nikolay Sunqurovskinin fikrincə, Rusiya Qərbin yeni sanksiyalarından qaçmaq üçün manevr etməyə çalışır. “Rusiyanın izlədiyi strategiya danışıqların uzadılması və Donetsk ilə Luqanska legitimlik qazandırmaqdan ibarətdir. Əsas hədəf Dnestryanıda olduğu kimi, dondurulmuş münaqişənin yaradılmasıdır”, - hərbi ekspert bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR