Kiyevdə etirazçılar Ədliyyə Nazirliyini ələ keçirdi - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Kiyevdə etirazçılar Ədliyyə Nazirliyini ələ keçirdi - YENİLƏNDİ

Yelena Lukaş ölkədə fövqəladə vəziyyət elan oluna biləcəyini bəyan edib.


Kiyevdə hökumət əleyhinə etirazlarının davam etdirən iğtişaşçılar dünən gecə Ədliyyə Nazirliyini ələ keçirib.


Bugun.az xəbər portalı euronews.com-a istinadən bildirir ki, etirazçılar, istirahət günləri ilə əlaqədar olaraq bağlı olan nazirlik binasının pəncərələrini açaraq içəri girib və ətrafda barrikadalar qurublar. Milis isə etirazçılara heç bir formada müdaxilə etməyib.
Bu hadisənin simvolik olduğunu qeyd edən etirazçılar, hökumətin istefasını tələb edərək bildirirlər: “Ədliyyə Nazirliyinin zəbt olunması mübarizə aparan xalq üçün simvolik bir məna kəsb edir. Çünki bu ölkəni idarə edən şəxslər ədalətdən məhrum olmuş şəxslərdir".
Həftələrlə davam edən etirazlardan sonra dövlət başçısı Viktor Yanukoviç, müxalifət lideri Yatsenyuka baş nazirlik, Vitali Kliçkoya isə baş nazir köməkçisi vəzifələrini təklif etmişdi. Amma müxalifət bu təklifdən imtina etmişdi. İndi isə hər kəs ölkədə davam edən böhranın bitməsi üçün, çərşənbə axşamı parlamentdə baş tutacaq xüsusi iclasda Yanukoviçin söz vermiş olduğu kabinet dəyişikliyini gözləyir.
Onu da qeyd edək ki, Ukraynadakı şiddətli etirazların ağırlıq mərkəzində hələ ki, Qərb və Rusiya arasında seçim etmək dayanır.

11.34

Ukraynada ictimai-siyasi böhran dərinləşir. Yanvarın 27-də ədliyyə naziri Yelena Lukaş ölkədə fövqəladə vəziyyət elan oluna biləcəyini bəyan edib. O deyib ki, müxalifət fəalları Ədliyyə Nazirliyinin binasını boşaltmasalar, Milli Təhlükəsizlik və Müdafiə Şurasına fövqəladə vəziyyət tətbiqi üçün müraciət edəcək, prezident Viktor Yanukoviçi isə müxalifətlə danışıqları dayandırmağa çağıracaq. Nazir əlavə edib ki, binada siyasi böhrandan çıxmaq üçün iş, o cümlədən amnistiya və Ukrayna Konstitusiyasına dəyişiklik layihələri üzərində çalışma aparılırdı.

Paytaxt Kiyevdə Ədliyyə Nazirliyinin binası ötən gecə tutulub. Müxalifət liderlərindən olan Vitali Kliçko gecəyarısı nazirliyə gələrək binanı boşaltmağı xahiş edib, amma onun sözü yerə düşüb.

Ötən il noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina etdikdən sonra Kiyevdə davamlı etiraz aksiyaları keçirilir. Bu ay Ukrayna paytaxtının mərkəzində etiraz aksiyalarının keçirilməsini qadağan edən məhkəmə qərarı açıqlanıb və Ukraynada kütləvi tədbirlərin keçirilməsi şərtlərini ağırlaşdıran, internetdə hakimiyyət əleyhinə çağırışlara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunlar qüvvəyə minib. Hökumətin bu addımları müxalifətin kəskin müqaviməti ilə üzləşib. Yanvarın 19-dan paytaxt Kiyevin küçələrində müxaliflərlə hökumət qüvvələrinin toqquşması gedir. Siyasi gərginlik bölgələri də əhatə edib.

Ötən şənbə prezident Viktor Yanukoviç böhrandan çıxış yolu kimi müxalifət liderlərindən Arseni Yatsenyuka baş nazir postu təklif edib. Bu barədə müzakirələr davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm