Qız qarıyan, parik taxan, əcnəbiyə ərə gedən qadın prezidentlər... - FOTOLAR
Bizi izləyin

Dünya

Qız qarıyan, parik taxan, əcnəbiyə ərə gedən qadın prezidentlər... - FOTOLAR

XIX-XX əsrlər dünyada qadın hüquqları uğrunda mübarizə ilə yadda qaldı.

Qadınlar intellekt və bacarıq baxımından kişilərdən geri qalmadıqlarını sübuta yetirməyə çalışırdılar. XXI əsrin fövqündə bu iddianın doğru olduğu təsdiqlənib.

Günümüzdə kişilərlə hüquqlarını bərabərləşdirən qadınlar baş nazir, prezident postuna seçilərək bütöv ölkələrin birinci şəxsinə çevrilirlər.

Modern.az saytı hazırda vəzifə başında olan qadın dövlət başçılarının siyahısını təqdim edir.

Subay prezident...

Dalya Qribauskayte: Baltik respublikası olan Litva qadın tərəfindən idarə olunan ölkələrdən biridir. Ölkə başçısı Dalya Qribuskayte 1956-cı il martın 1-də Litvanın paytaxtı Vilnüs şəhərində anadan olub.

O, müxtəlif illərdə Litvanın maliyyə və xarici işlər naziri postlarını, Avropa İttifaqının təhsil və mədəniyyət, daha sonra isə büdcə məsələləri üzrə komissarı kimi vəzifələrdə çalışıb.

Xanım Qribauskayte seçkilərdə inamlı qələbə (69,05%) qazanaraq 2009-cu il iyulun 2-dən Litvanın prezidenti funksiyalarını icra edir. O, 2014-cü il seçkilərində təkrar qələbə qazanaraq növbəti 5 il müddətinə bu postda qalmaq hüququ qazanıb.

Dalya Qribuskayte heç zaman ailəli olmayıb və övladı yoxdur. Xanım prezident 5 dildə - Litva, ingilis, rus, polyak və fransız dillərində sərbəst danışır.

Parik taxan ölkə başçısı...

Dilma Vana Rusef: Dünya Çempionatı kimi nüfuzlu yarışa ev sahibliyi edən Braziliya da qadın dövlət başçısı olan ölkələrdədir. Dilma Vana Rusef 1947-ci il dekabrın 14-də Belu-Orizonti şəhərində anadan olub.

90-cı illərin sonlarında başgicəlləndirici karyera yüksəlişinə başlayan xanım siyasətçi doğma Portu-Aleqri şəhərinin xəzinədarı vəzifəsindən 2003-cü ildən Braziliya energetika naziri, 2005-ci ildən isə Prezident Administrasiyasının rəhbəri postuna qədər yüksəlib.

Prezident seçkilərində namizədliyini irəli sürən Rusef iki seçki turundan sonra Braziliya prezidenti seçilib və 2011-ci il yanvarın 1-dən ölkə başçısı səlahiyyətlərini icra etməyə başlayıb.

Şəxsi həyatına gəlincə, 2009-cu ildə Dilma Rusefdə döş xərçənginin ilkin əlamətləri aşkar olunmuşdu. 4 aylıq müalicədən sonra saçlarını itirən Rusef həmin vaxtdan parik taxır.

İki dəfə ailə həyatı quran xanım siyasətçinin hər iki evliliyi boşanma ilə başa çatıb.

O, 1976-cı ildə ikinci həyat yoldaşı Karlos Araujo ilə ailə həyatı qursa da, karyerasının yüksəliş yaşadığı dövrdə - 2003-cü ildə ərindən ayrılıb. Prezidentin yeganə övladı 1977-ci ildə dünyaya gəlmiş qızı Pola Rusef Araujodur. 2010-cu ilin sentyabrında Rusef nənəlik sevinci də yaşayıb.

Xanım prezident doğma portuqal dilindən savayı, ingilis, fransız və ispan dillərində də danışa bilir.

Şəxsi həyatını karyerasına qurban verən lider...

Pak Kın Xe: Asiya regionun ən inkişaf etmiş ölkələrindən sayılan Cənubi Koreya Respublikası da qadın prezidentin rəhbərlik etdiyi ölkələrdəndir. Hazırda ölkə başçısı funksiyalarını icra edən xanım Pak Kın Xe 1952-ci il fevralın 2-də Tequ şəhərində anadan olub. Maraqlıdır ki, onun atası general Pak Çon Xi 18 il ərzində (1961-1979) ölkəni idarə edib və öz mühafizə xidmətinin rəhbəri tərəfindən güllələnib. 1998-ci ildə ölkə parlamentinə deputat seçilən Kın Xe “Yeni üfüqlər partiyası”nın sədri kimi 2012-ci il deputat seçkilərində qələbə qazanıb. Həmin il dekabrın 19-da keçirilən seçkilərdə qalib partiyanın nümayəndəsi kimi namizəd olan xanım siyasətçi inamlı qələbəsi ilə (51,55%) Koreya prezidenti kürsüsünə əyləşib. O, 2013-cü il fevralın 25-dən prezident səlahiyyətlərini icra edir.

Qeyd etmək lazımdır ki, Pak Kın Xe şəxsi həyatını karyerasına qurban verən müasir qadınların daha bir tipik nümayəndəsidir. O heç zaman ailə həyatı qurmayıb və övlad sahibi deyil.

Əcnəbiyə ərə getmiş hökumət başçısı...

Xelle Torninq-Şmit: Dünyanın ən liberal ölkələrindən olan Danimarka artıq 4 ilə yaxındır ki, qadın siyasətçi tərəfindən idarə olunur. Ölkənin baş naziri Xelle Torninq-Şmit 1966-cı il dekabrın 14-də kiçik Redovre şəhərində anadan olub. 1999-cu ildən Avropa Parlamentinin deputatı olan xanım Xelle 2005-ci ildə Danimarka Sosial-Demokrat Partiyasının sədri seçilib və həmən il ölkə parlamentinin deputatı olub. 2011-ci il 15 sentyabrda ölkədə keçirilən parlament seçkiləri zamanı Xelle Torninq-Şmitin rəhbərlik etdiyi sosial-demokratlar qələbə qazanıblar. Partiya sədri kimi yeni hökuməti formalaşdırmaq hüququ əldə edən Xelle oktyabrın 3-dən Danimarka baş naziri postunu tutur. O, ölkə tarixinin ilk baş naziri kimi də tarixə düşüb. Xelle Torninq-Şmit Böyük Britaniya vətəndaşı Stiven Kinnokla evlidir. Cütlüyün 2 qız övladı var. Qeyd olunmalıdır ki, Stiven Kinnokun atası Nil Kinnok 1993-1992-ci illərdə Britaniya Leyboristlər Partiyasının sədri olub.

Əvvəl birinci ledi, sonra prezident olan xanım...

Kristina de Kirşner: Argentina 7 ilə yaxındır ki, qadın prezident tərəfindən idarə olunur. Ölkə prezidenti Kristina Elizabet Fernandes de Kirşner 1953-cü il fevralın 19-da La-Plata şəhərində anadan olub. 1995-2007-ci illərdə Argentina Milli Konqresinin üzvü olan xanım Kirşner 2003-cü ildə həyat yoldaşı Nestor Kirşnerin Argentina dövlət başçısı seçilməsi ilə siyasi fəallığını artırmışdı. Məhz həyat yoldaşının təkidi ilə 2007-ci ildə Kristina de Kirşner prezidentliyə namizəd olub. Seçkiləri zəfərlə tamamlayan xanım siyasətçi 2007-ci il dekabrın 10-dan prezidentlik səlahiyyətlərini icra edir. 2011-ci il 23 oktyabr seçkilərində təkrar seçicilərin etimadını qazanan Kirşner yaxın 1 il ərzində ölkə başçısı kimi qalacaq.

Şəxsi həyatı siyasi fəaliyyətli ilə sıx bağlı olan de Kirşner 1975-ci il mayın 8-də Nestor Kirşnerlə ailə həyatı qurub. Cütlüyün bu nikahdan Maksimo adlı oğlu və Florensiya adında qızı var.

Prezidentin əri Nestor Kirşner 2010-cu il oktyabrın 27-də vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm