“Cihadistan”: İŞİD tutduğu ərazini idarə edə biləcəkmi? - FOTOLAR
Bizi izləyin

Dünya

“Cihadistan”: İŞİD tutduğu ərazini idarə edə biləcəkmi? - FOTOLAR

Kiçik, amma fanatlardan ibarət “İslam Şam İslam Dövləti” (İŞİD) ordusunun Suriya və İraqda zəbt etdiyi böyük əraziləri idarə etməyə gücü çatacaqmı?

Bu yaxınlarda “İslam dövləti” adını qəbul etmiş İŞİD iyun ayında İraqın ikinci böyük şəhəri olan Mosulu və Fərat çayı vadisini işğal etdikdən sonra Bağdadın ətrafınadək irəliləyə bilib.

İŞİD-in tutduğu ərazilərdə ən sərt şəriət qanunları tətbiq olunmaqdadır.

Təhlilçilər qeyd edir ki, əraziləri tutmaq bir işdir, ancaq onları idarə etmək tamam başqa bir işdir.

Suriya və İraq hökümətlərinin indiki zəif durumu nəzərə alınmaqla İŞİD qüvvələri yaxın zamanlarda tutduqları ərazilərdən qovulacağına oxşamır.

Bəs onlar ələ keçirdikləri əraziləri idarə edə biləcəklərmi?

Bu sualın cavabı yerli tayfaların dəstəyi, iqtisadi amillər, yanacaq və suya çıxış, “xilafət”in rəhbər şəxslərindən, özünü xəlifə elan etmiş Əbu Bəkr əl-Bağdadinin rəhbər keyfiyyətlərindən və bu kimi digər amillərdən asılıdır.

“Özündən yekə”...

İndiyə qədər İŞİD silah və yaratdığı vahimə hesabına qısa bir zaman ərzində görünməmiş hərbi uğur əldə edə bilib.

İraqda son münaqişə nəticəsində 1 milyon insan evlərini tərk edib

Onlar hətta məğlub olsalar da, tarixçilər İŞİD-in həyata keçirtdiyi blitskriq əməliyyatını, sosial şəbəkələrdə vahiməli görüntülər dərc etmək yolu ilə təşkil etdiyi psixoloji təzyiq kampaniyasını unutmayacaqlar.

Başkəsmə, çarmıxa çəkilmə, edam səhnələri İraq təhlükəsizlik qüvvələrini silahı atıb qaçmağa məcbur etməyə kifayət etdi.

Boks terminologiyası ilə deyilsə, İŞİD qarşıduran tərəfə “özündən yekə”, çəkisindən ağır zərbələr endirib.

İraqın qərbində hücuma keçdiyi zaman qrupun cəmi 10-15 min döyüşçüsü olub. Məlumatlara görə, İŞİD Mosul şəhərini cəmi 800 döyüşçü ilə ələ keçirə bilib.

İŞİD-in uğuru xeyli dərəcədə yerli icmaların və silahlı dəstələrin dəstəyindən asılıdır.

Mosuldan olan “əş-Sərq əl-Əvsət” qəzetinin redaktoru Mina əl-Orabi qeyd edir ki, İŞİD tutduğu əraziləri yerli silahlı dəstələrin vasitəsilə idarə edir.

“İŞİD-lə yerli dəstələr arasında əldə olunmuş razılığın kökündə ümumi maraqlar və ya maliyyə sövdələşməsi durur” - qəzetçi belə hesab edir.

Səhvlərdən dərs götürmək...

Son dəfə cihadçılar 2006-cı ildə kifayət qədər böyük olan Anbar bölgəsinə xeyli müddət nəzarət ediblər.

İŞİD-ə qarşı mübarizə aparmaq üçün könüllülər Bağdadda İraq ordusu sıralarına yazılır

İordanyialı keçmiş məhkum Əbu Müsəb əl-Zərqavi qəddar və amansız idarəçiliyi ilə yerli əhalini özündən bezdirdi. Nəticədə İordaniya kəşfiyyatı onun izinə düşdü, sonra isə ABŞ-ın hava zərbəsi onun həyatına son qoydu. Cihadçılar isə Anbar bögəsindən qovuldu.

Lakin 8 ildən sonra sonra cihadçılar yenidən bu bölgədə peyda olub.

Görəsən, indiki cihadçılar sələflərinin səhvlərindən dərs götürə biliblərmi?

Şuriyanın şimal-şərqində, İŞİD-in 2013-cü ildən nəzarət etdiyi Raqqa şəhərinin sakinlərinə bu sual verilsə, onlar deyəcək: “Yox!”

Cüzi qanun pozuntularına görə sərt cəzalar, qadınların evdən bayıra buraxılmaması, insanların oğurlanması və sahibkarlara ağır rüsüm yükündən xeyli sayda bəhs edənlər var.

İş o yerə çatdı kı, fevral ayında “əl-Qaidə” İŞİD-i qəddarlıqlara görə pisləyərək bu təşkilatdan əlini üzdü.

Neft və su...

Lakin digərlərindən İŞİD barədə fərqli fikirlər də eşitmək olar.

Bəzi məlumatlara görə, İŞİD nəzarəti altında olan ərazilərdə vaxtlı-vaxtında zibil yığışdırılır, küçələrdə təhlükəsizlik təmin edilir, yoxsullara yanacaq və ərzaq paylanır.

Tanış gəlirmi? Əfqanıstanda Taliban da eynilə belə başlayaraq nəzarət etdiyi əraziləri getdikcə genişləndirirdi. Buna 9/11 hücumundan (ABŞ-da əkiz qüllələrin partaldılması nəzərdə tutulurt-red.) sonra ABŞ-ın 2001-ci ildə başladığı hərbi kampaniya son qoydu.

İraq hökümətinin zəif idarəçilik üsulü və korrupsiya iddiaları İŞİD üçün əlverişli şərait yaradır.

Dövlət kimi davam gətirmək üçün İŞİD-in neft və su ehtiyatlarına çıxışı olmalıdır. Hər ikisinə də bu qurum həm Suriyada, həm də İraqda artıq malikdir.

“Cihadistan?”

İŞİD-in bu yaxınlarda elan etdiyi xilafətin müsəlman ümməsi tərəfindən qəbul edilib-edilməməsi məsələsi bir tərəfə, bu qurumun Yaxın Şərqin geniş ərazilərinə nəzarət etməsi fakt olaraq qalmaqdadır.

Nə Suriya prezident Əsədin, nə də İraq hökumətinin qüvvələri İŞİD-i tutduğu ərazilərdən vurub çıxarmaq gücündə deyil.

İŞİD-i həmin ərazilərdən sıxışdırıb çıxarmağa qadir olan yeganə qüvvə bölgədəki yerli tayfalar ola bilər.

Lakin nə qədər ki Suriyada vətəndaş müharibəsi davam edir, İraqda isə şiə baş nazirinin başçılıq etdiyi hökumət hakimiyyətdədir, həmin tayfalar hərəkətə keçmək həvəsində deyil.

Nəticədə ekstermist, zorakı, yaxşı silahlanmış və yaxşı maliyyəsi, qeyri-dini təriqətlərə dözümsüz olan bir qurum Yaxın Şərq mənzərəsinin daimi bir amilinə, bir növ “Cihadistan”a çevrilmək perspektivi yaranır.

Nəzərə almaq lazımdır kı, İŞİD son məqsəd kimi İspaniya, Avstriya və Çinədək uzanan bir xilafət yaratmaq istəyini dilə gətirib.

Amma İŞİD hətta indiki hüdudlarında qalsa belə nəzarət etdiyi ərazidən İordaniya və Livan kimi ölkələrə hücumlar hazırlmaq üçün istifadə edəcək. Eyni zamanda sıralarına Qərbdən və Britaniyadan yüzlərlə gənc cihadçıları cəlb edəcək.

Londondakı Kral Kollecinin Suriya üzrə eksperti Şiraz Maher hesab edir ki, beynəlxalq güclərin İŞİD-ə qarşı hərbi kampaniya başlamaq həvəsi müçahidə edilmir.

Həm İraqda, həm Suriyada dövlət sistemi tənəzzül vəziyyətindədir, orduları gücsüzdür. Belə olan şəraitdə Qərb müdaxilə etməyə həvəs göstərməyəcək.

Bu səbəbdən İŞİD ABŞ-ın Pensilvaniya ştatı boyda işğal etdiyi ərazini yaxın perspektidə idarə etməkdə davam edə bilər” - deyə Şiraz Maher qeyd edir.

Lakin Mina əl-Orabi hesab edir ki, İŞİD-in yerli silahlı dəstələrlə dil tapmaq imkanları artıq bitmək üzrədir.

“İŞİD-in idarəçilik üsulu yalnız qəddarlıq və amansız zorakılıqdan ibarətdir” - Mina əl-Orabi vurğulayır (BBC).

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm