Gündüz ruslar, gecə isə Bjezinski Heydər Əliyevi nəyə inandırmaq istəyirdi?
Bizi izləyin

Dünya

Gündüz ruslar, gecə isə Bjezinski Heydər Əliyevi nəyə inandırmaq istəyirdi?

Təxminən 2 aydan sonra tarixi “Əsrin müqaviləsi”nin imzalanmasının 20 ili tamam olur.

1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə imzalandı.

Təbii ki, bundan sonra həllini gözləyən əsas məsələ hasil olunan neftin dünya bazarına ixrac olunacaq marşrutun müəyyən olunması idi. Və heç kimə də sirr deyil ki, bu məsələdə Rusiya və Qərb (xüsusən də ABŞ timsalında) çox güclü mübarizə gedirdi. Rusiya Azərbaycan neftini öz ərazisindən ixrac etməklə Dağlıq Qarabağdan əlavə olaraq Bakıya qarşı daha bir təsir rıçağını əldə etməyə çalışırdı. Qərb isə aldığı nefti Rusiya üzərindən keçməsini heç bir halda qəbul edə bilməzdi. Nəhayət, bu mübarizədə Qərb qalib çıxdı. Təbii ki, Azərbaycanın mövqeyi də burada həlledici oldu. Keçən müddət də ümummilli lider Heydər Əiyevin verdiyi qərarın nə qədər müdrik bir qərar olduğunu isbatlamış oldu.

Publika.az-ın verdiyi xəbərə görə, Azərbaycan neftinin ixrac marşrutunun müəyyənləşməsində Rusiya və ABŞ arasında gedən mübarizə ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə məsləhətçisi, nüfuzlu analitik Zbiqnev Bjezinskinin “İkinci şans” kitabında da əksini tapıb.

Kitabda ata Corc Buş, Billi Klinton və oğul Corc Buşun prezidentliyi dövründə qlobal liderlik üçün ABŞ-ın atdığı addımlara toxunulub. Məlumdur ki, “Əsrin müqaviləsi”nin imzalanması, həm də Azərbaycan neftinin ixrac marşrutunun müəyyənləşməsi Bill Klintonun prezidentliyik dövrünə təsadüf edir.

Bjezinski qeyd edir ki, Bill Klinton rus imperializminin dirilməsinə maneə olan, ABŞ tərəfindən dəstəklənən Bakı-Tiflis-Ceyhan neft kəməri üçün təriflənməyə layiqdir: “Bu boru kəmərinin çəkilməsi nəticəsində Qərb Xəzər dənizi və Mərkəzi Asiyadakı neftə birbaşa çıxış əldə etmişdi. 1995-ci ilin oktyabrında, yəqin ki, əvvəllər ABŞ-ın bu təşəbbüsünü müdafiə etdiyim üçün Klinton və onun milli təhlükəsizlik üzrə məsləhətçisi məndən Klintonun şəxsi məktubunu Azərbaycan prezidenti Heydər Əliyevə çatdırmağımı, onunla belə bir boru kəmərinin Azərbaycana gətirəcəyi uzunmüddətli faydalar barəsində danışmağımı xahiş etdilər. Bu barədə müsbət qərar vermək üçün Rusiyanın bütün Azərbaycan neftini, sadəcə, Rusiya ərazisindən ixrac olunması ilə bağlı Moskvanın davam edən tələblərini Azərbaycan rədd etməli idi”.

Nüfuzlu analitik bildirir ki, gündüz eksklüziv olaraq Rusiya lehinə öhdəlik götürülməsi üçün çalışan güclü nümayəndələrdən ibarət rus heyəti ilə üzləşən Azərbaycan prezidenti Heydər Əliyev ilə gecənin gec saatlarında görüşü olub. “Bakını tərk etməzdən əvvəl Klintona Azərbaycanın ABŞ-ın təşəbbüsü ilə bağlı Azərbaycanın öhdəlik götürdüyümü xəbər verdim. Bu gün Bakı-Tiflis-Ceyhan kəməri Azərbaycanın (həm də Amerikanın) öz enerji mənbələrini çeşidləndirmək cəhdlərinə mühüm töhfədir”, - Bjezinski kitabında yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm