Moskva ikinci “Karib böhranı”nı yetişdirir
Bizi izləyin

Dünya

Moskva ikinci “Karib böhranı”nı yetişdirir

Rusiya prezidenti Vladimir Putinin Latın Amerikası ölkələri üzrə böyük turnesi davam edir. İki gün Kubada olan Kremlin sahibi daha sonra Nikaraqua, Argentina və Braziliyada olub. Sabah isə o, Fortalezada keçiriləcək VI BRİKS sammitində iştirak edəcək.

Rus nəşri “Nezavisimaya gazeta” Putinin səfər marşrutu barədə danışarkən qeyd edir ki, bu ölkələr Rusiyanın yardımına ehtiyac duyur. Putin Kuba səfərindən əvvəl bu ölkənin SSRİ-yə olan borcunun 90 faizinin silinməsi haqqında qanunu imzaladı. Qalan 10 faiz isə 10 il ərzində bərabər hissələrlə ödəniləcək. Borcun ümumu həcmi 35 milyard dollardan çox idi. Onun təxminən 31,7 milyardı silinib.

“Nezavisimaya gazeta” qeyd edir ki, Rusiya şirkətləri Kuba şelfindəki neft yataqlarında geoloji kəşfiyyat işlərinin aparılmasına yardım edəcək. Bundan başqa isə Mariel dəniz portunun müasirləşdirilməsi və hidro-elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Kuba xüsusi iqtisadi zona yaratmağı planlaşdırsa da heç bir xarici şirkət layihəyə maraq göstərməyib. Rusiya isə bu işi artıq üzərinə götürüb.

Putin Nikaraqua səfərində isə həmkarı Daniel Orteqoya buğdaya olan ilkin ehtiyacının təmin olunması məsələsinə baxmağa söz verdi. Bundan başqa, Rusiya Nikaraquanı kənd təsərrüfatı texnikası və təmir bazası ilə təmin edəcək. Ən əsası isə, Rusiya Panamaya alternativ kanalın tikintisi üçün bu ölkəyə yardım edəcək. Nikaraqua hakimiyyəti həmçinin Rusiya hərbi gəmiləri və təyyarələrinin ölkənin Sakit okeanı, eləcə də Karib dənizi sahillərində patrul keşiyi çəkməyə icazə verən xüsusi razılaşma imzalayıb.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyində ölkə səfirləri qarşısında çıxış edən Putin NATO-ya xəbərdarlıq edib. “Krım və Rusiyanın öz maraq sferası hesab etdiyi ərazilərdən uzaq durması NATO üçün yaxşı olardı”, - Putin bildirib. “Nezavisimaya gazeta” Mərkəzi Amerikanı da Kremlin maraq sferasına aid olduğunu hesab edir.

Putin Argentina səfərində isə bu ölkəyə energetika sferasında yeni layihələr vəd edib. O xatırladıb ki, Argentinada sudan alınan enerjinin 20 faizindən çoxu Rusiya avadanlığı ilə işləyən stansiyalarda əldə olunur. Səfər çərçivəsində atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə əməkdaşlıq haqqında razılaşma imzalanıb. Rusiya prezidentinin sözlərinə görə, “Rosatom” “Atuça” Atom Elektrik Stansiyasının üçüncü enerji blokunun tikintisinə dair tenderdə iştirak edir. Argentina səfərində Putini razı salan daha bir məqam prezident Fernandes de Kirşner Kristinanın Krım məsələsinə görə Rusiyanı dəstəkləməsi oldu. Argentina prezidenti Folklend adaları ətrafındakı qalmaqalı xatırlayaraq Qərbin ikili standarlardan çıxış etdiyini dilə gətirib.

Rusiya prezidentinin Cənubi Amerika səfəri 15 iyulda Fortalezada keçiriləcək VI BRİKS sammiti ilə yekunlaşacaq. BRİKS üzvləri Braziliya, Rusiya, Hindistan, Çin və CAR liderləri bir sıra sənədlər imzalayacaqlar. Əsas sənədlərdən biri BRİKS İnkişaf Bankının yaradılmasıdır. Bankın yaradılmasında əsas hədəfi birgə infrastruktur layihələrinin maliyyələşdirililməsidir. Beş ölkənin bərabər hissələrlə bankı start kapitalla (50 milyard dollar) və antiböhran fondu (100 milyard dollar) ilə təmin etməsi gözlənilir.

Rusiya Elmlər Akademiyasının Latın Amerikası İnstitutunun direktoru Vladimir Davudov qeyd edib ki, dünyada dəyişən vəziyyət, xüsusən Ukrayna hadisələri Latın Amerikası ölkələrinə çox təsir etməyib. “Rusiyaya qarşı sanksiyalar bu ölkələrin böyük əksəriyyəti tərəfindən axmaq fikir kimi qəbul edilir”, - Davudov deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm