“Siçan quyruğunu itirdi, amma…” – Putin Krıma əvəz nə verəcək?
Bizi izləyin

Dünya

“Siçan quyruğunu itirdi, amma…” – Putin Krıma əvəz nə verəcək?

Yaxın vaxtlarda keçirilmiş sorğunun nəticələrinə görə, 10 rusiyalıdan doqquzu 2014-cü ilin onların ölkəsi üçün çox gözəl olduğunu hesab edir.

Publika.az-ın verdiyi xəbərə görə, ABŞ-ın “Newsweek” nəşrinin yazarı Oven Matteus rusiyalıların belə qənaətə gəlməsini daha çox Krımın Rusiyaya birləşməsi ilə bağlı olduğunu bildirir.

Rusiya prezident Vladimir Putinin reytinqi heyrətləndirici həddə - 86 faizə qədər qalxdı. Eyni zamanda Rusiya dövlət televiziyası ABŞ-a qarşı nifrət hislərini alışdırmaqla məşğuldur. O.Matteusa görə, ilk baxışda ABŞ və Avropa Birliyinin sanksiyaları Putin və onun dostlarına xüsusi ziyan gətirmədi. Kreml onun “Böyük səkkizlik”dən çıxarılmasına da olduqca etinasız yanaşdı. Əslində, bu, Putinin məşhurluğunun daha da yüksəlməsinə kömək etdi.

“Təcrid olunma hissi əhalini inanmağa məcbur etdi ki, Qərbdə heç kəs bizi sevmir”, sosioloji təşkilat rəhbərin müavini Aleksey Qrajdankin deyir. Amerikalı yazar qeyd edir ki, Krımın zəbt edilməsinin əvəzini Rusiya iqtisadiyyatı ilə ödəyə bilər.

Belə ki, hər şeydən əvvəl, sanksiyalar Rusiyaya pul yatırmaq istəyən investorları qorxutdu. Onlar daha bu gün Rusiyaya getmək istəmir. Krımın zəbtindən sonra Rusiya şirkətləri etiraf edirlər ki, xaricdən pul götürə bilmirlər. Cari ilin ilk yarımilliyində Rusiyanın xammal şirkətlərinin sindikatlaşdırılmış bank kreditlərinin həcmi 82 faiz aşağı düşdü. Kreml isə Qərbi ittiham edərək qürurla bildirir ki, Rusiyanın özü bu problemin öhdəsindən gələcək.

Amma eyni zamanda zəngin rusiyalılar offşor zonalara görünməmiş miqdarda pul göndərməyə başlayıb. Nyu-York Universitetinin professoru Mark Qaleotti rusiyalı biznesmenlərin sanksiyaların genişlənməsi ehtimalından qorxuya düşdüyünü bildirib. Rusiya Mərkəzi Bankının məlumatına görə, ilin birinci yarısında ölkədən kapital axını 75 milyard dollar təşkil edib və bu ötən illə müqayisədə iki dəfə çoxdur. Ümumdünya Bank və Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ilin sonuna kimi Rusiyadan kapital axınının ümumi məbləği 100 milyard dollar təşkil edəcək.

Demək lazımdır ki, enerji resurslarının qiymətlərinin sabit saxlanılması ilə Rusiya ehtiyat pul toplaya bilib. Rusiyanın Ehtiyat və Milli Rifah Fondunun həcmi 87 milyard dollar təşkil edir. Amma Krım hadisələrindən sonra nağd pulun çatışmazlığı Kremli bu ehtiyatdan istifadə etməyə məcbur edir. Ötən ay Rusiya maliyyə naziri elan etdi ki, dövlət təqaüd fondundakı vəsaitlərin bir hissəsi Krımın infrastruktur layihələrinə qoyulacaq.

Krımın zəbt edilməsi üçün istifadə olunan gizli xərclər artıq Rusiyanı vurmağa başlayıb. Təbii ki, ilk olaraq neft və qaz sektorunu. İyun ayında Böyük Britaniyanın “HSBC” və “Lloyds” bankları Rusiyanın ən böyük neft şirkəti “Rosneft”lə imzaladığı iki milyard dollarlıq ticarət-maliyyə sazişindən imtina etdi. Şirkətin rəhbəri İqor Seçin Krımın zəbt edilməsində ittiham olunaraq ABŞ-ın qara siyahısına salınmışdı.

Rusiyanın iri enerji şirkəti “Qazprom” da “Cənub axını” qaz kəməri layihəsinin maliyyələşdirilməsində çətinlik yaşayır. Dəyəri 38 milyard dollar olan kəmər Rusiya qazını Qara dənizin dibi üzrə Balkanlara çatdırmalıdır. Kəmərə qarşı Avropa Birliyində siyasi müxalifət yaranıb. Avropanın iddiasına görə, “Qazprom” qaz kəmərinə nəzarət edilməsi ilə bağlı Avropa Birliyinin qaydalarını pozur.

Ukraynanın baş naziri Arseniy Yasenyuk Brüsseldə aktiv lobbi işi aparır ki, layihə qanundan kənar elan edilsin. “Cənub axını” Avropanın Rusiya enerji resurslarından asılılığının gücləndirilməsinə xidmət edir. Biz Avropa Birliyini “Cənub axını”ndan tamamilə imtina etməyə çağırırıq”, - Yasenyuk deyib.

“Newsweek” nəşrinin yazarına görə, Krımın zəbt edilməsinin Rusiyanı daha kasıb etdiyi şübhəsizdir. O.Matteus həmçinin qeyd edir ki, Krımın Rusiyaya zorla birləşdirilməsi Ukraynanı NATO və Avropa Birliyinə daha sürətlə itələdi: “Əlbəttə indi Sevastopol heç bir halda NATO-nun hərbi bazası olmayacaq. Ancaq Rusiya həvəssiz şəkildə olsa belə Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun qanunauyğunluğu tanıdı və onun Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı imzalamasına mane ola bilmədi. Ukraynaya gəlincə, siçan öz quyruğunu itirdi, amma nəticədə özünü daha təhlükəsiz hesab etdiyi Qərbə qaçdı”.

“Rusiya haqqında isə bunu demək mümkün deyil. Putinin qvardiyası hakimiyyət və pul üçün bir-birinin üstünə hücum etməyə başlayır”, - Matteus yazır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm