"Təyyarəni rusiyayönlü qiyamçılar vurub"
Bizi izləyin

Dünya

"Təyyarəni rusiyayönlü qiyamçılar vurub"

"Ukraynadakı təyyarə faciəsi Rusiyanın separatçılara birbaşa dəstək verməsinin nəticəsidir və Kreml konkret addımlar atmağa məcbur edilməlidir".

ANS PRESS-in Azadlıq Radiosu-na istinadən məlumatına görə, bunu Ağ Ev bildirib.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton isə təyyarənin vurulmasında Rusiyayönlü qiyamçıları ittiham edib və bildirib ki, «Putinə çox uzağa getməsi barədə xəbərdarlıq verilməlidir və biz hərəkətsiz dayana bilmərik».

Klinton Amerikanın PBS xəbər şəbəkəsinə verdiyi müsahibədə deyib ki, bu hündürlükdə uçan təyyarəni vurmaq sadə bir əməliyyat deyil. Burada xüsusi raket qurğuları və bu qurğulardan peşəkar istifadə edə bilən şəxslər olub. O, həmçinin Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsinin vurulmasının öncədən planlaşdırıldığına işarə edib.

Rəsmi Kiyev də təyyarənin vurulmasında birbaşa separatçıları ittiham edir. Xanım Klinton deyib ki, bu, Avropa reysi olub və Avropa paytaxtları öz dərin hiddətlərini nümayiş etdirməlidir.

Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda təyyarənin vurulmasında Moskva birbaşa ittiham olunmur, lakin bildirilir ki, bu hadisəyə Ukraynada Rusiya tərəfindən qızışdırılan münaqişə kontekstində baxılmalıdır.

Bəyanatda deyilir ki, Ukrayna separatçılarını silah, sursat və təlimlə təchiz edən məhz Kremldir.

Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Barak Obama bildirib ki, təyyarənin vurulması ilə bağlı insidentin araşdırılmasında Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası NTSB (National Transportation Security Board) birbaşa iştirak edəcəklər.

Rusiyayönümlü separatçılar isə təyyarəni regionda onlara qarşı anti-terror əməliyyatı aparan Ukrayna ordusunun vurduğunu iddia edir.

Rusiya prezidenti Vladimir Putin isə konkret ad çəkməsə də bölgədə gedən qarşıdurmanı günahlandırıb ki, bu toqquşmalar olmasaydı, Malayziya təyyarəsi də vurulmazdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm