• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Romada Azərbaycanla bağlı konfrans keçirilib

  • Dünya
  • 19 İyul 2014 19:40
  • 449 Baxış
Romada Azərbaycanla bağlı konfrans keçirilib

Romada İtaliya–Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) ikiillik fəaliyyəti ilə əlaqədar “Azərbaycan diqqət mərkəzində: TAP boru kəməri - ilk Avropa Oyunları 2015” mövzusunda konfrans keçirilib.

Publika.az AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfirliyinin və İTAZERCOM-un təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən səfir Vaqif Sadıqov iki il ərzində qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, İTAZERCOM Azərbaycan ilə İtaliya arasındakı əlaqələrin inkişafı istiqamətində uğurla fəaliyyət göstərir.

Prezident İlham Əliyevin iyulun 13-dən 15-dək İtaliyaya rəsmi səfərini xatırladan səfir vurğulayıb ki, səfər çərçivəsində bu ölkənin dövlət, hökumət və parlament rəhbərləri ilə bir sıra görüşlər keçirilib, mühüm sənədlər imzalanıb. Səfər zamanı qəbul olunmuş İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizin uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Şübhəsiz, bütün bunların əməli nəticəsi olaraq ölkələrimiz arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub.

Azərbaycan-İtaliya əlaqələrinə toxunan V.Sadıqov diqqətə çatdırıb ki, İtaliya ölkəmizin önəmli ticarət tərəfdaşıdır. 2019-cu ildə başa çatdırılması nəzərdə tutulan Trans-Adriatik boru kəməri layihəsinin reallaşması ilə enerji sahəsində yüksək səviyyədə olan əlaqələrimiz daha da genişlənəcək. Bu layihə Azərbaycanı Avropanı qazla təmin edən əsas ölkələrdən birinə çevirəcək.

Səfir vurğulayıb ki, hazırda bir çox İtaliya şirkətləri Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərməkdə maraqlıdırlar.

V.Sadıqov 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin bu gün beynəlxalq arenada özünəməxsus yeri olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə demokratik inkişaf, qanunun aliliyi, insan haqlarının müdafiəsi kimi sahələrdə böyük irəliləyişlərə nail olunub.

Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir 20 ildən artıqdır ki, ərazilərimizin 20 faizinin Ermənistanın işğalı altından olduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün halında yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İTAZERCOM-un prezidenti Manuela Traldi çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, bu qurum Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsi kimi önəmli bir missiya üçün fəaliyyət göstərir. İki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlər TAP layihəsinin reallaşması ilə daha da genişlənməkdədir. İtaliya şirkətləri Azərbaycan bazarında daha çox təmsil olunmağa maraq göstərirlər. Bu baxımdan İTAZERCOM tərəfindən təşkil olunan ticarət missiyaları xüsusi əhəmiyyət kəsb edir. Bu cür missiyaların gələcəkdə daha tez-tez təşkil olunması planlaşdırılır.

M.Traldinin qeyd edib ki, İTAZERCOM-un Bakı nümayəndəliyinin açılması nəzərdə tutulur. Bu, qurumun
fəaliyyət dairəsinin genişlənməsi baxımından önəmlidir.

Tədbirdə, həmçinin italiyalı professor Françesko Kossunun müəllifi olduğu “Azərbaycan: hüquqi və iqtisadi araşdırma, investisiya qoyuluşu və inkişaf üçün imkanlar” kitabının təqdimatı olub.

Müəllif Azərbaycanda biznesin qurulması ilə bağlı kitabının üzərində 2013-cü ilin dekabrında işin yekunlaşdırılması və yeniləşmiş məlumatların əldə edilməsi məqsədilə ölkəmizdə səfərdə olduğunu bildirib. Azərbaycanda olduğu müddətdə bir çox yeniliklərin şahidi olduğunu deyən F.Kossu xüsusilə “ASAN xidmət”in fəaliyyətinin onda böyük maraq oyatdığını deyib. O vurğulayıb ki, belə bir təcrübənin İtaliyada da tətbiq olunması müvafiq sahədə daha səmərəli fəaliyyət göstərilməsinə imkan yaradar.
Nəşr haqqında məlumat verən Françesko Kossu qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan italiyalı iş adamlarının, işgüzar dairələrin ölkəmizin biznes və investisiya mühitinə artan marağını və tələbatını ödəmək məqsədilə belə bir araşdırmanın aparılması zərurəti yarandı. Kitab Azərbaycanda biznes və investisiya mühiti, biznesin qurulmasının hüquqi çərçivələri və işgüzar imkanlar kimi vacib mövzuları əhatə edir. Nəşrdə, həmçinin Azərbaycan iqtisadiyyatına ümumi baxış, İtaliya ilə iqtisadi əməkdaşlıq, ölkəmizdə şirkətlərlə və onların qeydiyyatı ilə bağlı hüquqi qayda və proseduralar, investisiyalar və onların qorunmasına dair hüquqi tənzimləmələr, vergi sistemi, iki ölkə arasında investisiya və vergi sazişləri ilə əlaqədar məsələlər təhlil olunub.

Tədbirdə çıxış edən digər məruzəçilər də İTAZERCOM-un fəaliyyətini yüksək qiymətləndirərək belə bir qurumun təsis olunmasının iki ölkə arasındakı əlaqələrə mühüm töhfəsini vurğulayıblar. Qeyd ediblər ki, təşkilat fəaliyyəti ilə hər iki ölkədə iqtisadi və ticarət, maliyyə və biznes sahələrində hazırkı durumu öyrənmək və bugünkü reallığa uyğun iş qurmaq, investisiya yatırmaq istiqamətində həm azərbaycanlı, həm də italiyalı iş adamlarına da böyük yardım göstərir.

Daha sonra “Bakı Avropa Oyunları-2015” haqqında videoçarx nümayiş olunub.
Sonda İTAZERCOM-a yeni üzv olunanlara sertifikatlar təqdim edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR