İraq türkmənlərinin dəhşət dolu hekayəsi - bir türkmən anladır
Bizi izləyin

Dünya

İraq türkmənlərinin dəhşət dolu hekayəsi - bir türkmən anladır

(Yazının əvvəlini burdan oxuyun: http://publika.az/p/29156)

İraq türkmənlərinin dəhşət dolu hekayəsi - bir türkmən anladır “Ərdoğan və Gül türkmənləri müsəlman hesab etmir”; ayətullah Sistani türkmənlərə İŞİD-lə meyit və girov al-verini qadağan etdi; türkmən qətliamı davam edir...

Qəzetimizin 8 iyul tarixli sayında getmiş “Türkmən və xristian qızlarını şəhərin ortasında zorlayırlar ” başlıqlı yazısı geniş rezonans doğurub. Xatırladaq ki, İsveçrənin Sürix şəhərində yaşayan əməkdaşımız Elbəyi Həsənli İsveçrəyə sığınmış Kərkük türkmənlərinin birindən İŞİD-in İraqda törətdiyi şiə-türkmən qətliamı ilə bağlı müsahibə götürmüşdü.

Yazıda vurğulanırdı ki, bir vaxtlar Azərbaycanda yaşamış Əli adlı türkmənin 30 yaşlı qardaşı İsam Eyvaz Bəşir şəhərinin İŞİD-çilərdən təmizlənməsi üçün partizan hərəkatı xarakterli bir qrupa qoşulub. O da İraq şiələrinin mənəvi lideri Seyid Əli Sistaninin fətvasından sonra İŞİD-in işğalını durdurmaq üçün ayağa qalxan şiə mücahidlərin sırasında yer alıb. Yazıda şahidlərə istinadən İŞİD qüvvələrinin törətdiyi ağlasığmaz vəhşətlər də yer almışdı...

Müsahibədə bəhs olunan bir sıra məqamlar, o cümlədən başı kəsilmiş oğlunun İŞİD tərəfindən yayılmış video görüntülərinə baxan ananın havalanması çoxlarını dəhşətə gətirmişdi. Başqa bir ananın gözü qarşısında oğlu və iki qızının güllələnməsi, bu azmış kimi onların meyitlərinin maşına yerləşdirilib daha sonra avtomobilə od vurulması kimi tükürpədici səhnə də yaddaşlara yazılmışdı...

Xatırladaq ki, Bəşirlə Təzə Xurmatın arasındakı Şəmsə adlı balaca bir kənddə İŞİD-çilərin qəfil hücumuna məruz qalmış 30 nəfərlik türkmən qrupunun tərkibində olan hər kəs qətlə yetirilmişdi. Üstəlik, şiə-türkmənlər Bəşirdə 45-50 dərəcə istidə küçələrdə öldürüldükləri yerdə qalmış 400-500 nəfər civarında olan meyitləri İŞİD-dən satın almağa cəhd göstərmişdilər. İraqın sünni ərəbləri İŞİD rəhbərliyi ilə bu istiqamətdə danışıqlar aparmışdı. Vasitəçilərin gələ bildiyi ilkin razılığa əsasən 50 min dollar müqabilində İŞİD meyitləri şiələrə qaytarmağa razılıq vermişdi. Amma həmin məbləğ toplandıqdan sonra Bəşirdəki İŞİD qüvvələrinə rəhbərlik edən Əfqanıstan əsilli komandanı deyib ki, para gərəkməz. Şiələrin meyiti elə çöllərdə də qalmalıdır...

Onu da qeyd edək ki, İsam Eyvaz öz yoldaşları ilə birlikdə iyunun 29-da qətlə yetirilib. Bəs ötən vaxt ərzində meyitlərin geri alınması ilə bağlı hər hansı bir yenilik varmı? Bu suala aydınlıq gətirmək üçün əməkdaşımız Sürixdə yaşayan Əliyə müraciət edib. O deyib: “Mən sıradan bir türkmənəm. Bilirəm, Azərbaycanda İraq türkmənlərinə xüsusi münasibət var. Bir çoxları bizi Azərbaycan türkləri kimi qəbul edir. Əlbəttə, biz dərdimizə şərik olan hər kəsə tək-tək minnətdarıq. Onu da deyim ki, söhbət heç də 400-500 meyitin geri alınmasından getmir. Mahiyyətdə ortada olan soru bu ki, İraqda türkmən adına kimsə qalacaqmı, yoxsa bizləri hissə-hissə məhv edəcəklər. Ötən dəfə də dedim, bir də deməyim gərəkir. Türkiyə bizdən dəstəyini geri çəkdi. Ərdoğanla Gül gecə-gündüz Fələstin faciəsindən danışır. Hərdən düşünürəm ki, ya Rəbb, bəs biz türkmənlər də müsəlman deyilikmi? Yaxşı, bizi türk saymadız, bunu anladıq, müsəlmanlığımıza şübhəniz haradan yarandı, bax bunu başa düşmək olmur. Türkiyədə bir söz var, deyirlər ki, bunu anladımsa, ərəb olum...

“İŞİD xristianlara heç olmasa deyir ki, Mosulu tərk edin. Şiə türkmənləri isə sorğu-sualsız yerindəcə güllələyirlər ”

Əli yenidən fikrə dalıb gedir. Handan-hana özünə qayıdır: “Bir vaxtlar əsası İranda qoyulmuş Bədir Hərəkatı lideri Hadi əl-Amiri indi İraq baş naziri Nuru əl-Malikiyə dəstək verir. Bu hərəkatın 20 min silahlı əsgəri var. Başa düşdülər ki, şiə hökuməti getsə, bunların da axırı gələcək. Qabaq hökumətlə rəqabətdə idilər. Onlar İraqdakı kürd muxtariyyəti ilə danışıqlar aparıb. Razılaşmaya əsasən, sünni və ya şiə olmasından asılı olmayaraq, bütün türkmənlər kürdlərin ərazisinə daxil olub oradan Nəcəf və Kərbəla şəhərlərinə uça bilərlər. Yolun xərcini də Bədir Hərəkatı ödəyir. İndilərdə isə xristianları da bu sıraya daxil ediblər. Terrorçuların əlində olan Mosulda xristian çoxdur. Mosul Bağdaddan sonra ən böyük İraq şəhəridir. Terrorçular orada öncə xristianları qırıblar. Sonra başa düşdülər ki, onları qırıb qurtarmaq mümkün deyil. Həddindən artıq çoxdurlar. Xristianlarla danışıqda deyiblər ki, gərəkdir ki, siz müsəlman olasız. Ya da nəyiniz varsa qoyub gedəsiz. Xristianlar isə dinlərini dəyişmək istəmirlər. İndi hökumət də onların Kərbəla və Nəcəf şəhərlərinə getməsinə yardım edir. Düşünürlər ki, Mosul azad olunana qədər xristianlar orada yaşaya bilərlər. Həmin şəhərlərdə xristianlar təhlükədən uzaq olurlar. Bir şeyi də dəyim. İŞİD xristianlara heç olmasa deyir ki, Mosulu tərk edin. Şiə türkmənləri isə sorğu-sualsız yerindəcə güllələyirlər ”.

- Meyitlərlə bağlı nə yenilik var?

- Məbləği qaldırdılar. Dedilər ki, hər kişiyə görə 10 min dollar verməlisiz. Özü də təminat vermirlər ki, məsələn, mənim ailəm 10 min dollar verib əvəzində qardaşımın meyitin ala bilər. Deyirlər ki, bir ambulans maşını ilə bir sürücü gələr və biz 30 nəfərin meyitin maşına doldurub sizə verərik. Sonrasını özünüz bilərsiz. Razılaşdıq. Nə etmək olar ki? Amma terrorçular bu dəfə də fikirlərin dəyişdilər. Dedilər ki, hər meyitə 20 min dollar verəcəksiz. 30 meyitə 600 min gətirin, iş tamam olsun. Bizim camaat da Ayətullah Seyid Əli Sistani ilə əlaqə saxladı. Həzrət bizə buyurdu ki, terrorçulara pul vermək haramdır. Nəyinki meyitə görə, hətta girovlara görə də terrorçuya pul vermək olmaz. Çünki onlara pul verməklə biz terrorçuları daha da gücləndiririk. O fətvadan sonra bu məsələ gündəlikdən çıxdı. Daha kimsə terrorçuya pul verə bilməz. Bilsək ki, bu iş min dollara düzələcək, yenə bu işə əl qoymarıq. Çünki haram elan olundu...

“Ayətullah Seyid Əli Sistani türkmənlərə İŞİD-lə meyit və girov alverini qadağan etdi; İraqda türkmən qətliamı davam edir; “Ərdoğanla Gül gecə-gündüz Fələstin faciəsindən danışır - biz də müsəlman deyilikmi?”; “Girov olan arxadaşım da, onu qurtarmaq üçün gələn doğmaları da partlayışdan param-parça oldular”

İndi meyitlər küçə və meydanlarda qalmaqdadır. Ölü sahibləri də gəlib binoklla yerdə çürüyən meyitlərə baxırlar. Əlbəttə, binoklla baxmaqla kimin kim olduğunu bilmək olmaz. Artıq meyitlərin bir çoxunda sümüklər üzə çıxıb və aşkar görünür. Yaxına da getmək mümkün deyil. Snayperlər həmən vururlar. Meyitə binoklla baxarkən neçəsi öldürüldü. Maraqlıdır ki, özləri də meyitlərin arasında dolaşmaqdan bezməyiblər. Bunları hansı ana doğdu, bilmədik...

- Dedin ki, Seyid Əli Sistani fətva verdi ki, girovları da pulla geri almayın. İndi hər kəs bu fətvaya əməl edirmi?

- Təbii, etməmək olarmı? Bax bu yaxınlarda bir türkmən ailəsində belə bir olay baş verdi. Terrorçular İraq hökumətinin əsgəri geyimində bir evə gəliblər. Ana, ata işdə olub. Qapını uşaqlar açıblar. Terrorçular deyib ki, sizin maşın oğurluqdur. Sənədlərin gətirin baxaq. 3 qardaş evdəymişlər. Böyüklər sənəd dalınca gediblər. Kiçik uşaqsa qapının ağzında qalıb. Qardaşlar maşının sənədini tapıb geri qayıdanda görürlər ki, qardaşlarını “əsgər”lər aparıblar. Sonra terrorçular həmin ailə ilə əlaqə saxladı. Dedilər ki, filan yerə disk qoymuşuq, bir ona baxın, sonra söhbət edərik. Diskdəki video görüntüdə isə dəhşətli mənzərələr varmış. Yayın istisində uşağın əl-qolun bağlayıb şallaqlayırlar. Al-qan içində olan uşaq da yalvarır ki, bunların istədiyini verin, məni qurtarın. Döyülmüş uşağı isə böyük bir çənin içinə atıblar. Çənin üstünə isə beton qoyublar. Bu isdidə çənin içində insanın halı necə olar? Öncə 500 min dollar istədilər. O qədər paranı haradan tapmaq olar? 2 gün sonra terrorçular yeni bir disk göndəriblər. Oradakı videoda da uşağı döyürlər, sonra isə onun bədənində bıçaqla dərin yaralar açıblar. Ailə məcbur oldu, bir ərəb əşirətinin şeyxi ilə danışdı. Yəqin ki, həmin şeyx də terrorçularla qazanca ortaq idi. Nəsə, 250 min dollar şeyxə verdilər, 2 gün sonra isə uşağı geri ala bildilər...

“Bizə bir xristian gəlib demədi ki, siz bu məmləkətdə yaşayırsız, bəlkə dininizi dəyişib boğazınızdan bir xaç asasız. Bəs, müsəlmanlar nədən İraqda xristianları zəlil ediblər?”

Hələ bunlar yaxşı qurtarıblar. Başqa bir türkmən ailəsində isə daha pis olub. Onlara terrorçulara arxalanan canilər hədə gəlib. Oğullarını girov götürüblər. Həmin şəxslə mən eyni sinifdə oxumuşam. Deyiblər ki, 70 min dollar gətirin, yoxsa öldürərik. Arxadaşımın anası yaşadıqları evi də satdı, pula gedən nə varsa hamısını əldən verdi. Amma pul yenə çatmadı. Onda yazıq ana düşdü küçələrə, ev-ev gəzdi, dilənçi kimi ondan bundan pul istədi. Balamı öldürürlər dedi. Bir müsibətlə həmin məbləği toparladılar. İraq belə bir yer ki, orada paranı verərsən, amma girovu geri alarsan - almazsan bunu kimsə bilməz, kimsəyə güvən yox. Xeyli danışıqdan sonra paranı çatdırdılar. Terrorçuların havadarlıq elədiyi canilər dedilər ki, oğlunuz filan yerdə maşındadır. Gedin götürün. Qohum-əqraba sevincək yola çıxır. Arxadaşımın atası, əmisi, dayısı, bir də kürəkəni. Çatanda görürlər ki, arxadaşımın əl-qolun bağlayıb maşının içinə atıblar. Sevincdən özlərini arxadaşımın üstünə atıblar. Kəndiri açmaq istəyəndə partlayış baş verib. Girov olan arxadaşım da, onu qurtarmaq üçün gələn doğmaları da partlayışdan param-parça olublar. 70 min dollar da oradan ziyana düşmüşdülər...

Dərindən köks ötürüb üzümə baxır: “Qüsura baxma, sən İraqı heç anlamazsan. Azərbaycanda yaşasaydım mən də anlamazdım. Axı mən Bakıda bir az qalmışam, oralarda belə şeylər heç duymadım...İndi anamla telefonla danışıram, deyir, Əli, İsam sağdır. O ölə bilməz. Məni bu dünyada qoyub gedə bilməz. İsamın xanımı da ərinin ölümünə inanmır. Deyir ki, bilsəm ki, ölüb, özümü öldürərəm. Qardaşımsa deyir ki, Əli, mən də ölərəm. Deyirəm, nədən elə düşünürsən, sən gənc birisi. Deyir, Əli, dörd tərəfimizdə olan qonşularımıza baxıram. Sağ qalanlar yox kimidir. İndi mən nədən ölməyim? Bir gün də sıra mənə gələr. O, söyləyir ki, Ramazandan dolayı bütün qonşular bir araya gəliblər. Elə əllərini yenicə süfrəyə uzadıblar ki, silahlılar yandan çıxıb. Topa oturmuş insanları gülləboran edib qaçıblar. Nə qədər adam ölüb, neçəsi ağır yaralanıb.

İraqın gündəlik həyatı belədi. Hökumət yox, dövlət yox. Hərənin əlində bir silah, kimin kimdən xoşu gəlmir qafasına sıxıb gedər. Mənə hərdən deyirlər ki, İsveçrədə kefdəsən, bizi isə İraqda qırırlar. Hardan bilsinlər ki, həyatım çoxdan zəhər olub. Qohum-əqrəbamdan kimin əhvalını xəbər alıram, ölüm-itimdir. Bir şeyə şükür edirəm ki, heç olmasa uşaqlarım bu vəhşiliklərdən kənarda böyüyür. Bura bir xristian məmləkətidir. Biz də müsəlman. Bizə bir xristian gəlib demədi ki, siz bu məmləkətdə yaşayırsız, bəlkə dininizi dəyişib boğazınızdan bir xaç asasız. Bəs müsəlmanlar nədən İraqda xristianları zəlil ediblər?...

Söhbətimizin sonunda müsahibim İraqda nüfuzlu insanlarla adi insanların gün-güzəranını müqayisə etmək üçün ayətullahın baş barmağından danışdı...

- Biz kimik ki, sıradan insanlar. Seyid Muhəmmədbağır əl-Həkimi «Bədr briqadası»nın qurucusudur. İranın dəstəyi ilə o təşkilatı yaratmışdı. Buna görə idi ki, onu «İraqın Xomeynisi» adlandırırdılar. O, 7 dəfə sui-qəsdə məruz qaldı. 2003-cü ilin avqustunda Nəcəfdə, Həzrət Əlinin (ə) hərəmindən Cümə namazından çıxan zaman hazırlanmış terror aktı 83-nəfər silahdaşı ilə bərabər ayətullahı göyə sovurdu. O, İraq İslam İnqilabı Ali Şurasının sədri idi. Partlayışdan sonra o boyda şəxsiyyətin yalnız baş barmağını tapa bildilər. Bizim kimilər öləndən sonra heç tozumuz da ələ gəlməyəcək...

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm