Putin ABŞ-ın canına necə vəlvələ saldı? (ANALİZ)
Bizi izləyin

Dünya

Putin ABŞ-ın canına necə vəlvələ saldı? (ANALİZ)

Dünən ABŞ-da populyar serialın -“24 saat”ın son seriyası nümayiş olunub. Filmdə baş rolu – Amerika xüsusi xidmət orqanlarının agentini Hollivud ulduzu Kifer Sezerlend canlandırır.

Filmin olduqca dinamik ssenarisi tamaşaçılara xarici siyasətin ən xırda detallarını izləməyə imkan yaradır. Xususi xidmət orqanlarının dünyanın müxtəlif regionlarında terror təşkilatları ilə mübarizəsini təsvir edən film 2001-ci ildən çəkilib. Kifer Sezerlendin qəhrəmanı bir növ türklərin Polad Ələmdarını xatırladır. Çünki “24 saat”da da eynən “Qurdlar Vadisi”ndə olduğu kimi, ssenari beynəlxalq vəziyyətə uyğun olaraq dəyişir.

Maraqlıdır ki, “24 saat” televiziya filminin ilk seriyalarında xarici düşmən kimi ağ əbada olan saqqallı kişilər, yəni islamçılar təsvir olunurdu. Son illərdə isə ssenari tam dəyişib. Amerika xüsusi xidmət orqanları yalnız Çin və Rusiya agentləri ilə mübarizə aparır.

Film son 10 ildə ABŞ-ın xarici siyasətində baş verən dəyişikliklərin bariz nümunəsidir.

On il əvvəl Putin və Medvedev amerikalılara qəribə, bir az da folklor qəhrəmanı təsiri bağışlayırdılar. İndi vəziyyət tam başqadır.

ABŞ telekanallarında Putin haqda xəbərləri izləyərkən insanlar həyəcan keçirirlər.

Son günlər Rusiya prezidenti Latın Amerikası ölkələrinə səfərdədir. Əvvəlcə o, Kubada olub. Kubalıların ölkəsinə olan xarici borcunun 90 faizini bağışlayıb. Bu elə də az rəqəm deyil - təxminən 32 milyard dollar.

ABŞ-ın narahatlığı da tam təbiidir. Axı Kubanı Mayamidən cəmi “iki addım” ayırır. ABŞ-a raket zərbəsi vurmaq üçün başqa əlverişli yeri tapmaq çox çətindir.

Həm də 1962-ci ildəki “Karib böhranı” amerikalıların hələ də hafizəsindədir. O vaxt SSRİ-nin Kubada raket yerləşdirməsi az qala nüvə müharibəsinə səbəb olacaqdı.

Daha sonra Putin Argentina prezidenti Kristina Fernandeslə görüşüb. Ümumiyyətlə, Rusiya prezidenti Latın Amerikasının ABŞ-ın xarici siyasətindən incik düşən ölkələrilə yaxın münasibətlər qurması amerikalıları vəlvələyə salıb.

Diğər tərəfdən, ABŞ və Avropa İttifaqı ölkələrinin başları öz aralarındakı münasibətləri ayırd etməyə qarışarkən Çin Xalq Respublikası Afrikanı, xüsusən də, Cənubi Afrika Respublikasında öz siyasi nüfuzunun altına salıb.

İndi Çinin Afrikadakı siyasətini Rusiya Latın Amerikasında təkrarlayır. Bu isə ABŞ-ı çox qıcıqlandırır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm