“Ukraynadan uzaq durun”- Rusiya narahat olmağa başlayıb
Bizi izləyin

Dünya

“Ukraynadan uzaq durun”- Rusiya narahat olmağa başlayıb

Vladimir Putin Brüsselə Ukraynadakı siyasi böhrana qarışmamağı məsləhət görür. Putin Kiyevə öz emissarını göndərən Avropa İttifaqının qərarını tənqid edir: “Daha çox vasitəçi, daha çox problem deməkdir.

“Rusiya prezidenti Vladimir Putin Brüsselə Ukraynadakı siyasi böhrana qarışmamağı məsləhət görür. Putin Kiyevə öz emissarını göndərən Avropa İttifaqının qərarını tənqid edir: “Daha çox vasitəçi, daha çox problem deməkdir”.

Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putinin Brüssel səfərində Ukrayna hadisələri ilə bağlı çıxışını şərh edən İngiltərənin “The Guardian” qəzeti yazıb.

“Dünən axşam prezident Vladimir Putin Avropaya xəbərdarlıq etdi ki, Ukraynadan uzaq dursun. Bu xəbərdarlıq o zaman verilmişdi ki, Brüssel nümayəndə heyətini prezident Viktor Yanukoviç və küçələrə çıxmış müxalifət arasında 10 həftədir davam edən qarşıdurmada vasitəçilik etmək üçün Kiyevə göndərir. Rusiyanın xəbərdarlığı Brüsseldən həm də elə bir vaxt səsləndi ki, Yanukoviç müxalifətə ən ciddi güzəştlər etdi. Baş nazirin istefasına razı oldu, qəddar qanunları ləğv etdi”, - “The Guardian” yazır.

Avropa İttifaqının (Aİ) liderləri ilə V.Putinin Ukraynanın gələcəyi ilə bağlı birinci görüşü noyabr münaqişəsindən sonra olmuşdu. Aİ-nin xarici siyasət məsələləri üzrə komissarı Ketrin Eşton Brüsseldə Rusiya prezidenti ilə görüşdən sonra tərəflər arasında vasitəçi kimi çıxış etmək üçün Ukraynaya getmişdi. Kreml isə Aİ-nin vasitəçilik səylərindən narahatlığını gizlətmir.

“Daha çox vasitəçi, daha çox problem deməkdir. Mən bilmirəm, bu vasitəçilik Ukraynaya lazımdırmı?”,- V.Putin bildirir. O, qeyd etdi ki, Yunanıstanda dörd il davam edən böhranın nizama salınması üçün Rusiya öz nümayəndə heyətini göndərsəydi, Avropanın sərt reaksiyasına səbəb olardı. Heç də gizli deyil ki, Putin bununla da Ukraynanın məhz Rusiyanın nüfuz sahəsi olduğunu bildirmək istəyir.

"Mən təsəvvür edə bilərəm ki, eyni hərəkəti biz etsəydik, bizim avropa partnyorlarımız necə reaksiya verərdilər. Məsələn, Yunanıstan və ya Kiprdə keçirilən antiavropa mitinqlərindən birində Rusiya xarici işlər naziri iştirak etsin və hansısa çağırışlar səsləndirsin. Mən düşünürəm ki, Ukrayna xalqının özü vəziyyəti yaxşı başa düşür. Hər halda Rusiya proseslərə heç vaxt qarışmayacaq”, - Kreml rəhbəri bildirib.

Avropa Şurasının sədri Herman Van Rompey isə bildirib ki, xanım Ketrin Eşton “demokratik qaydalar” əsasında Kiyevdə tərəfləri barışdırmağa çalışacaq. “The Guardian” yazır ki, Nikolay Azarov başqa olmaqla hökumətin istefası ilə müxalifətin əhəmiyyətli güzəştlər əldə etməsinə baxmayaraq, rusmeylli prezidentin müxalifət liderlərini yeni hökumətə daxil edəcəyi, yaxud da müxalifətin bununla razılaşacağını demək çətindir. Qəzet etirazçıların əsas tələbinin Yanukoviçin istefası və növbədənkənar prezident seçkilərinin keçirilməsi olduğunu qeyd edir.

V.Yanukoviçə qarşı nümayişlər noyabr ayında - Kiyevin Aİ ilə assosiativ saziş imzalamaqdan imtina etməsindən sonra başlandı. Rusiya bunun əvəzində Ukraynaya 15 milyard dollarda krediti verməyə razılaşdı və təbii qazın qiymətində endirim etdi.

Amma Herman Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu dünən bir daha bildirdi ki, Brüssel-Kiyev və Moskva-Kiyev razılaşmaları arasında heç bir ziddiyyət yoxdur. Putin isə fərqli düşünür. O, qeyd etdi ki, Ukrayna ilə Rusiyanın razılaşmaları Aİ-nin Kiyevə təklifləri ilə uyğun gəlmir. “Biz çox ehtimal ki, Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşma imzalayarsa, Ukrayna ilə preferensial rejimi saxlaya bilməyəcəyik”, - o, deyib. Putin əlavə etdi ki, Moskva və Kiyev arasındakı sazişi hökumətin tərkibindən asılı deyil. Bununla belə Putin vurğulayıb ki, Kremlə kreditlərin qaytarılacağına zəmanət lazımdır.

İngilis nəşrinin yazdığına görə, Rusiya və Avropa Brüsselin Kiyevə təklif etdiyi razılaşmaların detallarını müzakirə etmək üçün işçi qrupunun yaradılması barədə razılaşdılar. “The Guardian” qeyd edir ki, bunu Brüsselin Moskvaya güzəştidir. Çünki, noyabr ayında V.Yanukoviç böhranın həll edilməsi üçün Kiyev-Moskva-Brüssel üçtərəfli danışıqların keçirilməsini təklif etsə də, Aİ bu təklifi rədd etmişdi.

Hökumətin istefasına nail olmasına baxmayaraq, müxalifət əsas tələblərinin yerinə yetirilməyənə kimi geri çəkilməyəcəyini bildirir. Onların əsas tələbi isə Yanukoviçin istefası və növbədənkənar prezident seçkilərinin keçirilməsidir.

“Bu qələbə deyil. Bu qələbə üçün yalnız bir addımdır”, - UDAR Partiyasının lideri Vitali Kliçkon bildirir. O, həmçinin yeni hökumətdə işləməyi arzulamadığını deyib:“Mən heç bir halda Yanukoviçin hökumətində işləməyə razılaşmayacağam. Baş nazirin dəyişməsi sistem dəyişikliyinə gətirib çıxarmayacaq”.

Bu gün isə Ukrayna böhranının müzakirəsi üçün onunla həmsərhəd olan dörd Aİ ölkəsinin liderləri toplaşmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm