Azarov getdi, Maydan isə qaldı
Bizi izləyin

Dünya

Azarov getdi, Maydan isə qaldı

Parlamentin fövqəladə iclasının nəticəsi tərəflərin barışığı və küçələrdə qarşıdurmanın dayandırılması olmalı idi.

Dünən Ukrayna hakimiyyəti müxalifətlərə müəyyən güzəştlər etdi. Nikolay Azarovun başçılıq etdiyi hökumət istefa verdi, parlament 16 Yanvarda qəbul edilmiş qalmaqallı qanunları ləğv etdi. Parlamentin fövqəladə iclasının nəticəsi tərəflərin barışığı və küçələrdə qarşıdurmanın dayandırılması olmalı idi.

Baş nazir Azarovun könüllü istefası parlamentin müzakirələrini asanlaşdırdı. O, artıq günortaya qədər istefa ərizəsini prezident Yanukoviçə təqdim etmişdi. Daha sonra isə telefon söhbətində Rusiyanın baş naziri Dmitri Medvedev də bu barədə məlumat vermişdi. Rusiya Dövlət Dumasının deputatları da N.Azarovun qərarını cəsarətli addım adlandırdılar.

Amma müxalifət liderləri qələbəni bayram etməyə tələsmirlər. “Batkivşina” parlament fraksiyasının rəhbəri Arseni Yasenyuk baş nazir vəzifəsini qəbul edəcəyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib. Xatırladaq ki, prezident Azarovun istefasından öncə baş nazir postunu məhz ona təklif etmiş, lakin rədd cavabı almışdı. Beynəlxalq Demokratiya İnstitutunun rəhbəri, politoloq Sergey Taran “Nezavisimaya gazeta”ya açıqlamasında bildirib ki, müxalifətin liderlərinin eyforiya qapılması üçün səbəb yoxdur. “Hökumət istefa verdi və 16 Yanvar qanunları ləğv edildi. Amma xalq üsyanının səbəbi yalnız 16 Yanvarda qəbul edilmiş qərarlar deyil. İnsanlar korrupsiyaya, özbaşınalığa və siyasi balansın olmamasına etiraz edir. İnsanlar noyabr ayında ona görə küçələrə çıxdılar ki, onlar avrointeqrasiyaya ümid edirdilər. Və bütün bu problemlər hələ ki aktualdır. Ali Radanın son qanunlarını ləğv etmək və həbs edilmiş nümayişçilərin amnistiyasına nail olmaq hələ qələbə deyil, bu yalnız ciddi danışıqların başlanğıcıdır”, - ekspert deyib.

Parlamentin iclası dünən gecə saatlarına kimi davam edib. Məlumata görə, tərəflər Konstitusiya islahatını keçirilməsi və digər məsələlərlə bağlı razılığa gəliblər. İclasda bütün deputatlar, həmçinin keçmiş prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko iştirak edirdilər. “Nezavisimaya gazeta”nın mənbələrinə görə, iclasa V.Yanukoviç və N.Azarov da dəvət edilmişdilər, amma onlar gəlməmişdilər.

Ukraynalı ekspertlər isə Yanukoviçin Ali Radanın iclasına gəlməməsini həyəcanlı simptom hesab etdilər: Yanukoviç siyasi rəqiblərinə əlini uzatmaq istəmədi. S.Taran istisna etmir ki, Yanukoviç şərq bölgələrdəki vəziyyətdən ruhlanıb. Bu günlərdə bütün telekanallarda fövqəladə vəziyyətin tətbiqi müzakirə edilirdi. Telekanallardan birinin qonağı olan politoloq Taras Berezoves bu ssenarinin hakimiyyət üçün təhlükəli olduğunu söyləmişdi. Kiyevdə dünən də hesab edirlər ki, fövqəladə vəziyyətin tətbiqi məsələsi gündəlikdən çıxarılmayıb. Proseslərin gedişatı həm də ondan asılıdır ki, müxalifət liderləri növbədənkənar prezident seçkilərinin keçirilməsinin vacibliyinə xalqı inandıra biləcəkmi?

Avropa İttifaqının (Aİ) xarici məsələlər üzrə ali komissarı Ketrin Eşton dünən “Röyters” xəbər agentliyinə açıqlamasında Ukrayna hökumətinin fövqəladə vəziyyəti elan etmək niyyətinin olması barədə xəbərlərdən narahat olduğunu bildirib. “Bunun nəticələri Ukrayna üçün yaxşı olmayacaq. Mən həmçinin müxalifətin liderlərini zorakılığa qaçanlardan uzaqlaşmağa çağırıram”, - avrokomissar söyləyib. Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bazar ertəsi Kiyevə yenidən gəldi. Avropa Parlamentinin deputat qrupunun isə Ukrayna paytaxtına bu gün gələcəyi deyilir.

S.Taran hesab edir ki, Aİ-nin nümayəndə heyəti həm hakimiyyətə, həm də müxalifətə təsir etməyə çalışacaq. Politoloqun fikrincə, nümayəndə heyəti müxalifətdən icrası mümkün olmayan tələblərdən geri çəkilməməyi istəyəcəklər.Amma yaxın günlərdə hadisələrin gedişatı barədə fikir bildirmək hələ tezdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm